Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqinə başlanılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.
Bildirilib ki, Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək xüsusi hərəkət zolaqları təşkil edilib:
“Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb. Yeni avtobus zolaqları şəbəkəsi şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişindaşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə hazırlanan yeni marşrut şəbəkəsi ilə birlikdə tətbiq edilir.
Hazırda paytaxtda Şəmsi Bədəlbəyli küçəsi də daxil olmaqla 21 küçə və prospektdə uzunluğu 64,7 km olan xüsusi hərəkət zolaqları təşkil edilib.
Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə daha 31 küçə və prospektdə bu işlər həyata keçiriləcək.
Yaxın günlərdə daha bir neçə küçəni əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkilinə başlanılacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.