Bu il oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərində bir sıra yeniliklər tətbiq olunacaq. Bununla əlaqədar ölkə qanunlarına bəzi dəyişikliklər olunub.
Belə ki, dəyişikliklərə əsasən, əcnəbilərin Gürcüstanın siyasi həyatında iştirakına ciddi məhdudiyyətlər qoyulub. Xarici vətəndaşların yaşayış icazəsi olub-olmamasından asılı olmayaraq partiya yaratmaq, partiyalara qoşulmaq, partiyalara ianə vermək hüququ yoxdur. Bundan başqa, xarici vətəndaşların seçkilərdə iştirak etmək hüququ yoxdur. Digər dəyişiklik seçki məntəqələrində elektron səsvermənin tətbiqi ilə əlaqədardır.
Bu seçkilər ölkədəki seçki məntəqələrinin 90 faizində elektron səsvermə sistemindən istifadə edilməklə keçiriləcək ilk seçki olacaq. Seçicilər seçki məntəqələrində əvvəlki qaydada səs versələr də, yeni bülletenlərdən istifadə olunacaq və nəticələr xüsusi sayma maşını ilə hesablanacaq. Əvvəllər elektron səsvermə sistemi seçki məntəqələrinin yalnız kiçik bir hissəsini əhatə edirdi və pilot rejimdə həyata keçirilirdi.
Bu il həm də parlament seçkiləri ilk dəfə Gürcüstanda tam proporsional sistemlə keçiriləcək.AzərTac
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.