Mənbələri diqqətlə araşdırarkən belə bir tarixi həqiqət ortaya çıxır ki, rus çarizminin fıtnəkar siyasəti şöhrətli tarixi şəxsiyyət olan Nadir şah Əfşarın ölümünə səbəb olmuşdur
. I Pyotrun vəfatından sonra Rusiyada daxili vəziyyətin pisləşməsi, hakimiyyətdaxili mübarizə bu ölkəni müvəqqəti olaraq öz işğalçılıq siysətindən əl çəkməyə vadar etdi. Məhz bu zaman Pyotr zamanında əldə edilən Kaspisahili vilayətlərdən çəkilməyə məcbur olan Rusiyanın İran ilə iki il danışıqlardan sonra (1732-ci il, yanvarın 21-də) bağladığı “Rəşt sülh müqaviləsi” nə əsasən Kürdən cənuba doğru işğal olunmuş, 1723-cü ildə “Peterburq sülh müqaviləsi”nə görə Rusiyanın nəzarətinə keçmiş “Kaspi sahili vilayətlər” adlandırılan ərazilər o şərtlə İrana qaytarıldı ki, bu müqavilənin şərtlərinə uyğun olaraq İran Türkiyəni ( Müqavilədə Türkiyə nəzərdə tutulur) bu vilayətlərə buraxmamağı rəsmi şəkildə öhdəsinə götürdü (1, 183-185). Rusiyanın bu ərazilərdən çəkilməyə məcbur olarkən yenə də qayıtmaq ehtimalı üçün siyasi-diplomatik addımları cərgəsində göründüyü kimi İranla Türkiyənin yaxınlaşmasına mane olmaq cəhdləri dayanırdı. İran və Türkiyənin bir-birinə yaxınlaşması Rusiyanın bu ərazilərdən birdəfəlik əl çəkməsi demək idi. Dili bir, dini bir, mənşəyi və mədəniyyəti eyni olan bu iki ölkənin birləşməsi yeni, nəhəng bir türk imperiyasının meydana çıxmasına səbəb ola bilərdi ki, bu da işğalcılıq nəticəsində öz ərazilərini genişləndirməyə çalışan Rusiyaya və digər türk düşmənlərinə heç vəchlə sərf edə bilməzdi. Məhz bu məkrli siyasətin qarşısı almağa çalışan İran şahı Nadir şah Əfşar özünü şah elan etdikdən bir neçə ay keçməmiş ( mart-sentyabr) İran və Türkiyə arasında müqavilə bağlanmasına çalışırdı. O, bu danışıqların nəticəsi olaraq 1736-cı ilin sentyabrında Rusiyaya əhəmiyyət vermədən, onun iştirakı olmadan Türkiyə ilə sülh müqaviləsi bağlamağa nail oldu (1, 175-177 ). Əlbəttə bunun bir tərəfi İran dövlətinin milli maraqlarına söykənirdisə də, digər tərəfi ümumtürk birliyinin yaradılması ideyasından irəli gəlirdi. Elə buna görə də Nadir şah iki türk dövləti arasında süni şəkildə siyasi maneə kimi qızışdırılan sünnilik və şiəlik məzhəblərini bir araya gətirməyə çalışırdı. Bu barədə N.Nərimanovun məşhur “Nadir şah” tarixi-faicəvi dramında tarixdən götürülmüş real hadisələrin bədii əksini görürük. Biz bu hadisənin klassik ədəbi örnəklərdə bədii ifadəsinin ədəbi üsul olaraq yazar təxəyyülü olmadığını tarixi əsərlərdə də müşahidə edirik ( 2, 173: 3, 304).
Böyük millətçi vətəndaş mütəfəkkir M.Ə.Sabir Nadir şahın ölümünə sünni – şiəliyin aradan qaldırılmasında atdığı ciddi addımların səbəb olduğunu göstərir və “Fəxriyyə” şerində buna ürək ağrısı ilə acıyır:
Nadir bu iki xəstəliyi tutdu nəzərdə,
İstərdi əlac eyləyə bu qorxulu dərdə,
Bu məqsəd ilə əzm edərək girdi nəbərdə,
Məqtulən onun nəşini qoyduq quru yerdə,
Bir şeyi əcibiz, nə bilim, bir tühəfiz biz,
Öz dinimizin başına əngəlkələfiz biz ( 4, 92 ).
M.Ə.Sabir bu şeirdə sünni və şiəlik məzhəblərinin İslamı parçalamasını göstərməklə bu məzhəb ayrılığının düşmənçilik səviyyəsinə gəlib çıxmasına şiddətli etiraz səsini ucaldır, bunun yalnız türk millətinin bütövlüyünə xələl gətirən bir təhlükə mənbəyi kimi aradan qaldırılmasına can atır.
“Bir vəqt şah İsmailü- Sultani- Səlimə,
Məftun olaraq eylədik İslamı dünimə.
Qoyduq iki tazə adı bir dini – qədimə,
Saldı bu təşəyyö, bu təsənnün bizi bimə...
Qaldıqca bu halətdə səzayi - əsəfiz biz,
Öz dinimizin başına əngəlkələfiz biz ( 4, 92 ).
Sabir təşəyyö ( şiəlik ), təsənnü ( sünnilik ) məzhəblərinin İslamdan çox sonra yarandığını bildirməklə bərabər iki türk dövlətinin məhz bu məzhəblər vasitəsilə bizim üçün İslamı ikiyə parçaladığını qeyd edərək məzhəb ayrılığının İslam dininə zidd olduğunu bəyan edir.
Şiə-sünni mövzusunu daimi gündəmdə saxlayan siyasi avanturistlər və yaxud cahil boşboğazlar bu məzhəbləri az qala millət anlayışında təbliğ etməklə elə bir görüntü yaratmışlar ki, bu məzhəblərin dünyagörüşü kimi başa düşülməsindən daha çox milli mənşə, dədə-baba soyu kimi anlaşılması dolaşıqlığı bu günə qədər meydanda qalmaqdadır. Sanki nəsil şəcərəsinə görə kim şiə əcdadlarına bağlıdırsa, mütləq şiə, sünni əcdadına bağlıdırsa, sünni olmalıdır. Lakin qeyd etdiyimiz kimi ibadət qaydalarına aid olan bu davranış metodları onu qəbul edib-etməməkdən asılı olaraq kim isə bu məzhəblərin ənənəvi üsullarını mənimsəyir, ideoloji baza isə hər iki üsul üçün qəbul olunan İslam dəyərləridir. M.Ə.Sabirin bu məsələyə hələ uşaq yaşlarında aydınlıq gətirən məşhur misralarını da bu yerdə misal çəkmək məqamına düşər:
Babam sünni, nənəm şiə, dürək mən,
Nə farsam mən, nə hindəm mən, türək mən ( 4, 303 ).
Lakin onu da qeyd edək ki, şairin əsərlərinin müxtəlf nəsrlərində təkrar olunan “Babam sünni, nənəm şiə” sözü bizim qənaətimizcə, “Babam sünni, atam şiə” kimi oxunmalıdır. Düzdür, əldə olan bu misralar fikrimizin inkarına səbəb olmur, ancaq müəyyən bir vəziyyətin təsvirini azaldır. Məlumdur ki, Sabirin babası Hacı Tahir sünni mövqeyində idi. Atası Zeynalabiddin isə şiəliyi qəbul etmişdi. Hətta bəzi xatirələrdə Hacı Tahirin radikal bir sünnilik tərəfdarı olduğu da göstərilir ( 5, 138, 139). Ancaq Hacı Tahirin hələ övladı dünyaya gələrkən ona dördüncü şiə imamının adını qoyması bunun əksini isbat edir. Adına uyğun tale yaşayan Zeynalabiddinin şiəliyi seçməsinə işarə vuran şair babasının sünni, atasının isə şiə olduğunu deməklə bu məzhəblər arasındakı fərqin düşmənçilk səviyyəsində ola bilməməsini göstərmiş, atanın sünni, oğulun şiə, nəvənin isə hər ikisini qəbul və yaxud inkar edə biləcəyinə diqqət çəkmişdir. M.Ə.Sabir “A şirvanlılar” şeirində də eyni bir şəxsin bir üsul qaydası kimi bu məzhəbləri qəbul və yaxud inkar edə biləcəyini göstərmişdir:
Şiəyəm, əmma nə bu əşkaldən,
Sünniyəm, əmma nə bu əmsaldən,
Sufiyəm, əmma nə bu əbdaldən,
Həq sevən insanəm, a şirvanlılar! ( 4, 268 )
Bir qədər əvvəl Sabirin bir şeirindən nümunə verərkən böyük məzhəb çarpışması kimi dillər əzbəri olan tarixi fakta-səfəvi hökmdarı I Şah İsmayıl ilə Osmanlı Sultanı Sultan Səlim arasındakı toqquşmaya Sabirin də diqqət çəkdiyini göstərmişdik. Lakin onu da qeyd edək ki, kütləvi mübahisələrin əsas mövzusu olan bu tarixi qarşıdurma heç də bu günə qədər diqqətlə öyrənilib geniş ictimai auditoriyaya çatdırılmamışdır. Çünki iki böyük türk dövləti arasında gedən bu qarşıdurma və müharibənin yalnız sünnilik və şiəliklə bağlı olması tarixi məntiqi inkar edir. Belə ki, əgər Osmanlı Sultanı ilə Səfəvi hökmdarı arasında olan toqquşma bu səbəbdən irəli gəlirdisə, bəs onda Yıldırım Bəyazid ilə Əmir Teymur arasındakı müharibə hələ ondan yüz il əvvəl nəyə görə baş vermişdir? Bu iki hökmdar arasıda məzhəb ayrılığı yox idi ki? Elə Ağqoyunlu hökmdarı Uzun Həsən ilə yenə də Osmanlı Sultanı II Məhəmməd Fateh arasındakı müharibə də heç də məzhəb ayrılığından irəli gəlməmişdir. Məlumdur ki, Uzun Həsən də, Osmanlı sultanları kimi eyni məzhəbin fiqhi qaydalarını qəbul edirdi. Bu tarixi faktların sayını kifayət qədər atırmaq olar. Bu zaman əsl tarixi gerçəklik ortaya çıxır. Dövlət maraqları zəminində baş verən bu toqquşmalara ifrat məzhəb mövqeyindən yanaşılması o dövrün acınacaqlı mənzərəsindən daha çox sonrakı dövrlərdə mövzunu gündəmdə daimi saxlamaq istəyən qüvvələr tərəfindən həyata keçirilir. Məqsəd yenə də türk insanları, müsəlman əhalisi arasında parçalanma yaratmaq və bu bölücülük siyasətindən öz mən siyasətindən öz mənafeləri üçün istifadə etmək səyləridir. Təsəvvür edin ki, hələ Sultan Səlim və Şah İsmayıl arasındakı müharibədə o zaman türk qoşunları səfəviləri məblubiyyətə uğradıb Səfəvi hökmranlığının paytaxtını tutsalar da, heç iki həftə belə burada qalmamışdılar ( 6, 257). Ondan sonrakı dövrdə I Şah İsmayıl öz hökmranlığını düz on il sürdürmüş ( 6, 286; 7, 112, 113), ondan sonra isə Səfəvi hökmdarları İran tarixində iki yüz ildən çox öz mövcudluqlarını qoruyub saxlamışdılar ( 1, 227, 228).
Beləliklə, sünni-şiə mövzusunun qarşıdurma səviyyəsində tətbiqi yalnız türklük və müslimanlıq ideyalarına qarşı yönəli məkrli fitnəkar siyasəti aşkara çıxarır və Nadir şahın ölümünə bu siyasətin bais olması meydana çıxır.
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent e-mail: atif.islamzade@mail.ruQaynaqlar
1. Mahmudov Y.M. Şükürov K.K. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları 1639-1828. IV cilddə, I c., Bakı, 2009, 512 s.
2. Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı: Xatun Plyus, 2010, 302 s.
3. Süleymanov M. Nadir şah. Tehran: 2010, 740 s.
4. Sabir M.Ə. Hophopnamə. Bakı: Yazıçı, 1992, 558 s.
5. Sabir xatirələrdə / S.Hüseyn “Mirzə Ələkbər Sabir Tahirzadə” / Bakı: Gənclik, 1982, 164 s.
6. Musalı N.S. I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləm-ara-yi Şah İsmayıl” əsəri əsasında). Bakı: “Nurlan”, 2011, 481 s.
7. Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı: Xatun Plyus, 2010, 302 s.