AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dini dözümsüzlüklə bağlı iddia Azərbaycan xalqının dəyərlər seçiminə ziddir və siyasi təzyiq cəhdidir - ŞƏRH

  • + A
  • - A
  • 10-01-2024, 09:34

    Dini dözümsüzlüklə bağlı iddia Azərbaycan xalqının dəyərlər seçiminə ziddir və siyasi təzyiq cəhdidir - ŞƏRH

    ABŞ Dövlət Departamentinin “Dini etiqad azadlığının ciddi şəkildə pozulması və onlara dözümsüz münasibətin müşahidə olunduğu ölkələr siyahısı” ilə bağlı bəyanatına Azərbaycanın daxil edilməsi növbəti dəfə göstərir ki, artıq dini etiqad azadlığından da ölkəmizə qarşı əsassız olaraq siyasi təzyiq vasitəsi kimi istifadə edilir. Nə qədər gizlətməyə çalışsalar da, fərdi maraqlardan doğan qərəz və siyasi çalar ortadadır.

    Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

    Onun sözlərinə görə, demokratik prinsiplər əsasında dövlət idarəçiliyi dünyada ən uğurlu model hesab edilsə də, klassiklərin özləri belə, bu modelin mükəmməl olmadığını dəfələrlə dilə gətiriblər. Görkəmli dövlət xadimi Uinston Çörçill dəyərləndirmələrindən birində belə demişdi: “Demokratiyaya qarşı ən yaxşı arqument orta statistik seçici ilə beş dəqiqəlik söhbətdir”. Böyük şəxsiyyətlərin müşahidələrinə və müasir dünya düzənində gördüklərimizə söykənərək təəssüf hissi ilə qeyd etməliyik ki, demokratiya istər Qərbdə, istərsə də Şərqdə mükəmməllikdən çox uzaqdır. Bütün üstünlükləri və cəlbediciliyi ilə yanaşı, ona kölgə salan amillər yetərincədir. Demokratiyanın beşiyi sayılan ABŞ-da 2020-ci ildə keçirilmiş prezident seçkilərindən sonra Kapitoliya ətrafında baş verən hadisələr göstərdi ki, hətta ABŞ demokratiyası da qüsursuz deyil. Həmin hadisələrin üstündən üç il ötsə də, bir-birini təkzib edən siyasi dəyərləndirmələr və çəkişmələr indiyədək səngimir. O vaxt ABŞ-da müşahidə etdiklərimiz nəinki amerikalıların özlərini, bütün dünyanı şoka salmışdı. Lakin həqiqət ondan ibarətdir ki, nə ABŞ, nə Avropanın ən inkişaf etmiş ölkələri, nə də demokratiya yoluna yenicə qədəm qoyan dövlətlər, o cümlədən postsovet məkanı bu cür qüsurlardan xali deyil. Onların obyektiv izahı ilə yanaşı, subyektiv səbəbləri də kifayət qədərdir. Təəssüf ki, subyektiv amillər böyük güclərin, oturuşmuş demokratiya ənənəsi olan aparıcı aktorların ikili standartlar siyasətindən daha çox qaynaqlanır. Onların təsiri altında olan beynəlxalq təşkilatlardan bəziləri isə ayrı-seçkiliyi təşviq edən bu cür ədalətsiz yanaşmanın əsas icraçısı rolunda çıxış edirlər.

    O vurğulayıb ki, əldə etdiyimiz tarixi Zəfərdən ötən üç ildə Avropa Parlamenti tərəfindən ölkəmizə qarşı qəbul olunmuş qətnamələrdə dini ayrı-seçkilik amilinin qabardılması həm də bu səbəbdən təsadüfi hesab edilməməlidir. Qərbdən gələn qətnamə və bəyanatlardakı qərəzin, haqsızlığın miqyasını görmək üçün səsləndirilən “dəlillərin” cılızlığına diqqət yetirmək kifayətdir: “Azərbaycan qədim xristian dövləti Ermənistana, yaxud xristian ermənilərinin yaşadığı Dağlıq Qarabağa hücum etdiyi üçün xristian dünyası Ermənistanı müdafiə etməlidir”. Sanki orta əsrlərin cəfəng təfəkkürü, cəhalətə və dini ayrı-seçkiliyə söykənən təhlükəli yanaşmalar yenidən işə salınır. Nəticədə isə ümumbəşəri dəyərlərə, demokratiyanın üstünlüklərinə zərbə vurulur, ictimai etimad bağışlanılmaz səviyyədə sınağa çəkilir. Ən təhlükəlisi isə ondan ibarətdir ki, ictimai müzakirələrdə demokratiyanın fəzilətləri əvəzinə, qüsurlarının müzakirəsinə rəvac verilir.

    Deputat bildirib ki, bütün bunlar ictimai rəydə belə bir qənaətin formalaşmasına xidmət edir ki, ABŞ və Avropada Fransa kimi ölkələr, eləcə də onların təsiri altında olan ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycana qarşı qətnamə və bəyanat qəbul edərkən məhz dini təəssübkeşliyi əsas tutur, ümumbəşəri dəyərləri qərəzli şəkildə siyasi təzyiq alətinə çevirirlər: “Avropanın ardınca ABŞ Dövlət Departamentinin qəbul etdiyi bəyanat cəmiyyətimizdə bu cür mülahizələrin daha da möhkəmlənməsinə təkan verir. Halbuki Azərbaycan nəinki bir çox xristian ölkələrinə, hətta əksər islam dövlətlərinə də dini və milli tolerantlıq baxımından örnək sayılacaq məkanlardandır. Dini və etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan və Azərbaycanı özünə Vətən bilən vətəndaşlarımız arasında tarixən mövcud olan səmimi uzlaşma və qarşılıqlı hörmət mühiti çoxları üçün gerçək mənada örnək olmalıdır. Hansısa siyasi maraqları ucbatından kimlərsə bu gerçəkliyi görmək və ona dəyər vermək istəmirsə, qərəzli və ədalətsiz bəyanatlarından sonra cəmiyyətimizdə ictimai rəğbətin onların tərəfində olmayacağını əvvəlcədən bilməlidir. Müstəqillik və çağdaşlıq yolunda şəhidlər verən Azərbaycan xalqının qəlbini bu cür qərəzli bəyanatlarla fəth etmək əsla mümkün deyil, ictimai rəğbəti qazanmağa ümid etmək isə sadəlövhlükdür.

    Demokratiya, insan haqları və dini etiqad azadlığı pərdəsi altında Azərbaycanı qərəzli şəkildə hədəf seçən, tarixi Zəfərimizi hələ də həzm edə bilməyən dairələr demokratik dəyərlərin təntənəsində həqiqətən maraqlı olsaydılar, monoetnik Ermənistanla çoxsaylı millətlərin yaşadığı Azərbaycanın fərqini görüb dəyərləndirərdilər. Heç olmasa bircə dəfə etiraf edərdilər ki, son 35 ildə məhz Ermənistan istər Qarabağ və Şərqi Zəngəzurda, istərsə də bugünkü Ermənistanın özündə azərbaycanlılara məxsus minlərlə tarixi və dini abidəni, dünya mədəniyyətinin incilərini yer üzündən siliblər. Ona görə də dini dözümsüzlüklə bağlı bəyanata Azərbaycanın deyil, Ermənistanın adı salınmalı idi. 907-ci düzəliş 1992-ci ildə işğala və separatçılığa məruz qalan Azərbaycana qarşı yox, işğalçılığı və separatçılığı həyata keçirən Ermənistana qarşı tətbiq edilməli idi. Bu ədalətsiz siyahını xeyli uzatmaq da olardı. Amma ümid edək ki, ayrı-seçkiliyə və ikili standartlar siyasətinə baxmayaraq, işğala məruz qaldığımız 30 il ərzində ən çox ədalət gözlədiyimiz ABŞ Uinston Çörçillin növbəti kəlamında əksini tapan həqiqətə, Azərbaycana münasibətdə də sonda sadiq olacaq: “Amerikalılar həmişə yeganə düzgün qərarı verirlər, amma bütün digər variantları yoxladıqdan sonra”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR