AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilən beynəlxalq cinayətdir

  • + A
  • - A
  • 18-01-2024, 13:00

    20 Yanvar faciəsi Azərbaycan xalqına  qarşı törədilən beynəlxalq cinayətdir

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    1990-cı il 20 yanvarda baş verən və 149 nəfər mülki şəxsin qətlə yetirilməsi, 744 nəfərin ağır yaralanması, 841 nəfərin qanunsuz olaraq azadlığının məhdudlaşdırılması ilə nəticələnən faciəli hadisələr öz qeyri-insani mahiyyətinə görə ən ağır cinayətdir. Keçmiş SSRİ-nin Müdafiə və Daxili işlər nazirlikləri, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin qəddar və xüsusi amansızlıqla həyata keçirdikləri qeyri-qanuni əməliyyat Sovet dövründə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq məqsədi daşıyırdı.
    Ancaq qanlı Yanvar hadisələri xalqımızın iradəsini sındıra bilmədi və Azərbaycan milli kimliyinin formalaşmasına, dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu.
    Artıq yanvarın 21-də Sovet rejiminin qadağalarına və həyatına olan təhlükələrə rəğmən Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.
    Ümummilli Lider böyük cəsarətlə bəyanat verərək, əliyalın xalqa qarşı hücumların hüquqa, demokratiyaya, humanizmə zidd olan, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi və qətiyyətlə rəsmi açıqlama verilməsini tələb etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.
    Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ulu Öndərin tarixi sözləri bir daha yada düşür: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq, həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”
    Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır.
    20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün səmərəli sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
    Dövlət Başçısının qeyd etdiyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR