Chris Murphy ABŞ-ın İran ilə hərbi qarşıdurmada “utancverici və sarsıdıcı” məğlubiyyət yaşadığını bildirib. Demokrat senator bu fikirləri X platformasında paylaşıb.
Senator qeyd edib ki, o, Pentaqon və Ağ Ev nümayəndələrinin qapalı brifinqlərində əldə etdiyi məlumatlara əsaslanaraq belə nəticəyə gəlib.
“İcazə verin izah edim ki, niyə biz bu müharibəni sarsıdıcı və utancverici şəkildə uduzuruq”, — deyə o yazıb.
Murphy-nin sözlərinə görə, əsas problem ABŞ-ın aydın strategiyasının olmamasıdır. O həmçinin vurğulayıb ki, Amerika ordusu müasir müharibələrdə pilotsuz uçuş aparatlarının rolunu yetərincə qiymətləndirməyib. Senator qeyd edib ki, Hörmüz boğazının bağlanmasına İranın hərbi-dəniz qüvvələri deyil, “minlərlə sürətli kater və kamikadze tipli pilotsuz aparat” səbəb olur.
Murphy həmçinin Marco Rubio-nun əvvəlki bəyanatlarına diqqət çəkib. Onun sözlərinə görə, əməliyyatın əvvəlində İranın raket potensialının “məhv edilməsi” hədəf kimi göstərilsə də, indi bu yalnız “azaldılması” kimi təqdim olunur.
“Bu dəyişiklik niyə baş verdi? Çünki ilkin məqsədə nail olmamışıq. İranın hələ də raketlərinin böyük hissəsi qalır”, — senator bildirib.
O əlavə edib ki, ABŞ-ın İranı Yaxın Şərqdəki hərbi bazalara və enerji infrastrukturuna hücumları dayandırmağa məcbur etmək üçün “praktiki olaraq heç bir imkanı yoxdur”.
Bundan əvvəl The Wall Street Journal yazmışdı ki, ABŞ prezidenti münaqişəni uzanmadan dayandırmağa hazırdır. Qəzetin məlumatına görə, müharibə planlaşdırılan dörd-altı həftəni keçə bilər və Hörmüz boğazının bağlı qalması ehtimalı da nəzərdən keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.