AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Makronun siyasi yanlışları Fransa diplomatiyasını hara aparır?

  • + A
  • - A
  • Bu gün, 15:49

    Makronun siyasi yanlışları Fransa diplomatiyasını hara aparır?


    Fransa uzun illər dünya diplomatiyasının əsas mərkəzlərindən biri, beynəlxalq münasibətlərdə siyasi mədəniyyət və dövlətçilik ənənələrinin simvolu kimi qəbul olunub. Lakin son illərdə Parisin yürütdüyü siyasət bu nüfuzu getdikcə sual altına salır.
    Globalinfo.az-da Ələkbər Əliyevin məqaləsini oxudum. Tanımayanlar üçün qeyd edim ki, o, xaricdə yaşayan tənqidi yazıları ilə tanınan jurnalistdir.

    Ələkbər Əliyevin bu mövzuya həsr etdiyi məqalədə diqqət çəkilən əsas məqamlardan biri də məhz Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi ikili standartlardır.

    Ritorikası sərt olsa da, müəllif haqlı olaraq qeyd edir ki, ifadə azadlığı adı altında Azərbaycan Prezidentinə və dövlətçiliyinə qarşı təhqir kampaniyalarına göz yumulması nə demokratiya, nə də hüququn aliliyi prinsipləri ilə uzlaşır. Bu cür yanaşma Fransa diplomatiyasının uzun illər formalaşdırdığı nüfuzuna xələl gətirir.

    Məqalədə arqumentlə vurğulanır ki, Azərbaycan eyni üsullara əl atmaq imkanına malik olsa da, dövlətçilik ənənələri və siyasi mədəniyyəti buna yol vermir. Çünki dövlətlərarası münasibətlər küçə leksikası və təhqirlə deyil, qarşılıqlı hörmət, beynəlxalq hüquq və diplomatik etika əsasında qurulmalıdır.

    Yazıda diaspor məsələsinə də xüsusi yer ayrılır. Qloballaşan dünyada xaricdə yaşayan azərbaycanlıların əsas vəzifəsi yaşadıqları ölkələrdə Azərbaycanın maraqlarını müdafiə etmək, ölkəmiz haqqında obyektiv məlumat yaymaq və Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək olmalıdır. Şəxsi təhqirlər, qalmaqallar və nifrət dili nə ölkəyə, nə də cəmiyyətə fayda verir. Lobbi yaradıb qürbətdə yaşayan soydaşlarımıza dəstək olmaq, onlarla birlikdə vətənimizin daha yaxından tanıdılması üçün birgə fəaliyyəti dəstəkləmək lazımdır.

    Söyüş ritorikası ilə xaricdən ölkəmizə hansı faydanı vermək olar? Təbii ki, utanc hissindən başqa heç nə. İstər Azərbaycan müharibə edərkən, istərsə də, İranla anlaşılmazlıq yaranarkən biz çoxlarının vətənşüvən maskasının cırıldığını, əsl simalarını görmüşük.

    Sağlam tənqid hər bir demokratik cəmiyyət üçün vacibdir. Mənim də razılaşmadığım məqamlar olur, fikrimi açıq şəkildə bildirirəm. Tənqid arqumentə, fakta və məsuliyyətə söykənməlidir. Şəxsi təhqir və aqressiv ritorika fikir mübadiləsini deyil, qarşıdurmanı dərinləşdirir, iyrənc mənzərə yaradır.
    Fikir verin, son vaxtlar xaricdə söyüş kampaniyasının bayraqdarları onlar kimi düşünməyən hər kəsi ağır formada təhqir edir. Nə başqasına söz azadlığı tanıyırlar, nə də keçmişlərini xatırlayırlar.

    İnformasiya müharibələrinin intensivləşdiyi indiki dövrdə milli maraqların qorunması hər bir azərbaycanlının ortaq məsuliyyətidir. Azərbaycanın gücü yalnız iqtisadi və hərbi imkanlarında deyil, həm də cəmiyyətin milli həmrəyliyində, dövlətçilik dəyərlərinə sadiqliyində və dünyaya verdiyi mədəni-siyasi mesajlardadır.

    Fransanın da, digər dövlətlərin də Azərbaycanla münasibətlərində beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və diplomatik etikaya üstünlük verməsi regionda sabitlik və əməkdaşlıq üçün ən doğru yoldur. Yoxsa Azərbaycan istənilən ölkə ilə öz dilində danışmağı bacarır.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR