Azərbaycanda sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı yeni tələblər və bu tələblərin pozulmasına görə tətbiq ediləcək cərimələr müəyyənləşdirilib.
Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapıb.
Yeni qaydalara əsasən, qanunvericilikdə nəzərdə tutulan məlumatların səlahiyyətli dövlət orqanına təqdim edilməməsinə, gec təqdim olunmasına, yaxud natamam və ya təhrif olunmuş formada təqdim edilməsinə görə vəzifəli şəxslər 6 000–7 000 manat, hüquqi şəxslər isə 15 000–20 000 manat məbləğində cərimə olunacaqlar.
Bundan əlavə, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının provayderləri səlahiyyətli qurumun göndərdiyi sorğuları 5 iş günü ərzində cavablandırmadıqda və ya natamam, yaxud təhrif olunmuş məlumat təqdim etdikdə, vəzifəli şəxslər 7 000–8 000 manat, hüquqi şəxslər isə 25 000–30 000 manat cərimə ediləcəklər.
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdən təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına görə vəzifəli şəxslər 8 000–9 000 manat, hüquqi şəxslər isə 35 000–40 000 manat məbləğində cərimə ödəyəcəklər.
Eyni inzibati xətanın bir il ərzində təkrar törədilməsi halında cərimələr daha da artırılır. Bu zaman vəzifəli şəxslər 9 000–10 000 manat, hüquqi şəxslər isə 45 000–50 000 manat məbləğində cərimələnəcəklər.
Qanun qəbul edildiyi tarixdən etibarən 12 ay sonra qüvvəyə minəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.