İyulun13-də “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi Daşkəsəndə sahibsiz heyvanlara qayğı aksiyası keçirib. Bu barədə qurumun sədri İradə Həsənova məlumat verib. Onun sözlərinə görə, aksiyaya bir qrup yerli heyvansevər də dəstək verib.QHT.az xəbər verir ki, rayonun Xoşbulaq kəndində baş tutan sahibsiz heyvanlara qayğı aksiyası Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin həyata keçirdiyi “Təbiətə sevginin, heyvanlara qayğının artırılması” layihəsi çərçivəsində təşkil edilib. Aksiyada layihənin rəhbəri İradə Həsənova, ekspert Elman Cəfərli, Daşkəsən rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Abbasov, Xoçbulaq kəndinin ərazi icra nümayəndəsi Babək Qasımlı və könüllü təbiətsevərlər iştirak edib. Aksiyada iştirak edən təbiətsevərlər xüsusi köynəklər, baş geyimləri və əlcəklə təchiz olunublar.
1 saatlıq aksiyada Xoşbulaq kəndinin bir sıra küçələrində dolaşan sahibsiz itlərə və pişiklərə xüsusi qablarda heyvan qidaları verilib.
Aksiya yerli heyvansevərlərin fəallığı ilə yadda qalıb.
Layihənin rəhbəri İradə Həsənova gənclərə və yerli əhaliyə səslənərək sahibsiz itlərə qayğı göstərməyə çağırıb: “Heyvanlar insanların vəfalı dostlarıdır. Bəzən biz bir uğurumuz olur və yaradana təşəkkür etmək istəyirik. Çoxları ziyarətgahlara üz tuturlar. Ancaq bilməliyik ki, ən böyük ziyarət sınıq qəlbləri ovundurmaqdır. Heyvanlar Allahın dilsiz qullarıdır. Onlar istəklərini dilə gətirə bilmirlər. Lakin biz varıq. Onları anlamalı,qayğı göstərməli, xəstə heyvanları müalicə etməliyik. Xüsusən yay və qış aylarında sahibsiz heyvanlar qida və su tapa bilmirlər. Bəzən onlar aqressiv olurlar. Buna da səbəb ac olmalarıdır. İnsanlar vəfalı dostlarına yardımçı olmalı, onlar ac qoymamalıdır”-deyə, o, bildirib.
Layihənin eksperti Elman Cəfərli isə bildirib ki,bu cür aksiyaları keçirməkdə məqsəd ətrafda yaşayan insanları sahibsiz heyvanlara qarşı qayğıya həvəsləndirməkdir: “Ən yaxşı tərbiyə nümunədir. Biz öz şəxsi nümunəmizlə göstəririk ki, sahibsiz heyvanlardan qorxmaq, iyrənmək lazım deyil. Əksinə, onlara qarşı diqqətli və qayğıkeş olsaq, onlar da aqressiv olmaz, insanlara, digər canlılara zərər verməzlər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.