AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: TikTok-da müəllimlərin təhqir edilməsi cəmiyyət üçün təhlükəli tendensiyadır

  • + A
  • - A
  • Bu gün, 21:22

    Deputat: TikTok-da müəllimlərin təhqir edilməsi cəmiyyət üçün təhlükəli tendensiyadır

    Milli Məclisin deputatı Sevinc Fətəliyeva sosial şəbəkələrdə son günlər geniş müzakirə olunan narahatedici bir məsələ ilə bağlı ictimaiyyətə müraciət edib.

    Deputat bildirib ki, TikTok platformasının Azərbaycan seqmentində müəllimlərin təhqir olunması, ələ salınması və alçaldılması məqsədilə anonim hesabların yaradılması kimi xoşagəlməz bir “trend” sürətlə yayılmaqdadır. Onun sözlərinə görə, “zarafat” və ya “əyləncəli məzmun” kimi təqdim edilən bu hallar əslində mənəvi vandalizmin açıq təzahürüdür və cəmiyyət üçün ciddi təhlükə siqnalıdır.

    Sevinc Fətəliyeva qeyd edib ki, bu cür hallar ilk növbədə milli-mənəvi dəyərlərə zərbə vurur. O vurğulayıb ki, müəllimə və böyüklərə hörmət Azərbaycan cəmiyyətinin əsas sütunlarından biridir və müəllimin ləyaqətinə yönəlmiş hər hansı təhqir cəmiyyətin təməl prinsiplərinə mənfi təsir göstərir.
    Deputat əlavə edib ki, məsələ eyni zamanda gənclər arasında rəqəmsal mədəniyyətin zəifliyindən xəbər verir. Sosial şəbəkələrin bilik və inkişaf vasitəsi olmalı olduğunu deyən millət vəkili, onların zorakılıq və alçaltma üçün istifadə edilməsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.

    O, həmçinin bəzi yeniyetmələrin anonimlik arxasında məsuliyyətdən yayınacaqlarını düşündüyünü, lakin bunun yanlış yanaşma olduğunu bildirib: “İnsan şərəf və ləyaqətini alçaldan hər bir addım gec-tez həm mənəvi, həm də hüquqi məsuliyyət doğurur”.

    Sevinc Fətəliyeva valideynlərə də müraciət edərək övladları ilə bu mövzuda açıq ünsiyyət qurmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, nəzarət azadlığın məhdudlaşdırılması deyil, uşaqları ciddi səhvlərdən qorumaq vasitəsidir.

    Gənclərə səslənən deputat qeyd edib ki, həqiqi nüfuz bilik, zəhmət və düzgün davranışla qazanılır: “Təhqir və zorakılıq məzmununun iştirakçısına və ya dəstəkçisinə çevrilməyin”.

    Sonda millət vəkili cəmiyyəti müəllim nüfuzunun qorunmasına çağıraraq bildirib ki, bu gün məktəbə və müəllimə olan hörmətin sarsılması gələcəkdə sağlam və güclü cəmiyyət qurmaq imkanlarını risk altına sala bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR