"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən "Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsinin fəaliyyət planına uyğun olaraq layihə heyəti 15 iyul 2024-cü il tarixində Qusar rayonunda olub.
Layihənin icrasına hazırlıq məqsədilə Qusar rayon İcra hakimiyyətinin nümayəndələri, Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Qusar Təhsil sektorunun rəhbərliyi ilə məsləhətləşmələr keçirilib. İctimaiyyət, sosial media və aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, 16 iyul 2024-ci il tarixdə Qusar şəhəri T.İsmayılov adına 6 saylı tam orta məktəbdə rayonun 11 nümunəvi müəllimləri ilə görüş keçirilib. Görüşdə birliyin icraçı direktoru, layihə rəhbəri Şahin Rəcəbov, AVMA Ekspertlər Şurasının sədri, təhsil eksperti Nadir İsrafilov, Qusar rayonu Təhsil sektorunun nümayəndəsi Vüqar Səfərəliyev, rayonun fəal müəllimləri iştirak ediblər. Seçim və Qiymətləndirilmə Komissiyasının qəbul etdiyi müvafiq meyarlar və müsahibə əsasında fəal müəllimlərin görüşündə müəllimlər arasından 2 ən nümunəvi müəllim seçilib. 16 iyul 2024-cü il tarixində seçilmiş müəllimlərin ailələri ziyarət edilib, müəllimlər öz həyat yolu, yaradıcılıq və təcrübələrinin təqdimatlarını keçiriblər. Seçimdən kənar qalan digər müəllimlərin də fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması qərara alındı.
Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir. Layihənin əsas məqsədi nümunəvi müəllimlərimizi və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhvə verməkdir.
Layihə üzrə növbəti səfər Xaçmaz şəhərinə olacaqdır. Layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşlarımız
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Qusar rayon İcra Hakimiyyətinə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevə, Qusar Təhsil sektorunun rəhbərliyinə və əziz müəllimlərə minnətdarlığımızı bildiririk.
Yerli icra, təhsil orqanları, icmalar, təhsil təşkilatları təkliflərini, müəllimlər öz təqdimatlarını (CV, videomateriallar və s) merkezvma@mail.ru emailnə, 0705250300 WhatsApp nömrəsinə göndərə bilərlər.