AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ən çox yayılan nevroloji xəstəliklər

  • + A
  • - A
  • 17-07-2024, 10:48

    Ən çox yayılan nevroloji xəstəliklər

    Bəlkə də bu mövzu müasir dövrün ən ciddi problemlərindən biridir. Əksər insanlarda gizli və ya aşkar özünü biruzə verir. Ən pisi də odur ki, çoxlarının özündə baş verən nevroloji dəyişiklikdən xəbəri olmur. Xəbəri olanlar da hərədən bir məsələhət alıb, özbaşına müalicə edir.

    Özbaşına aparılan müalicə ciddi fəsadlar verə bilər!

    Nevroloji xəstəliklər mərkəzi və periferik sinir sisteminin zədələnməsi ilə müşaiyyət olunur. Bu xəstəliklər bəzən oxşar simptomlarla özünü büruzə verə bilər, lakin nevroloq müayinəsi zamanı xəstəlik dəqiqləşdirilir və diaqnoz qoyulur.

    Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-nevropatoloqu Könül Mansirova bildirir ki, nevroloji xəstəliklər zamanı pasiyentlərdə başağrı, başgicəllənmə, qıcolma tutmaları, ani və ya daha da irəliləyən yaddaş pozulması, əl və ayaqlarda uyuşmalar, əzələ gücünün enməsi, koordinator pozulma, yerişin pozulması, iki görmə və ya görmə pozulması, titrəmə, ağrılar, yuxusuzluq əlamətləri müşahidə edilir.

    K.Mansirova qeyd edir ki, xəstəyə diaqnoz qoyulduqdan sonra müalicə planı tərtib edilir və bu planda onun yanaşı xəstəliklərini nəzərə alaraq müalicə aparılır.

    Nevroloji xəstəliklər deyərkən aşağıdakılar nəzərdə tutulur:

    * Serebrovaskulyar xəstəliklər (işemik insult, beyin qanamaları);
    * Baş ağrıları (Miqren, gərginlik başağrıları,nevralgiyalar);
    * Epilepsiya;
    * Demensiya (Alzheymer xəstəliyi);
    * Hərəkət pozulması (Parkinson xəstəliyi);
    * Yuxu pozulmaları-yuxu apnoesi;
    * Əzələ xəstəlikləri;
    * Periferik sinir sisteminin xəstəlikləri (neyropatiyalar, katpal tunel sindromu və s.);
    * Dağınıq skleroz;
    * Onurğa xəstəlikləri;
    * Motoneyron xəstəlikləri.

    Xətai Tibb Mərkəzinin həkim-nevroloqu Sevinc Abışovanın sözlərinə görə, düzgün yuxu və qidalanma rejiminin pozulması nevroloji xəstəliklərin yaranmasına səbəb olan amillərdəndir:

    “Gün ərzində üç dəfə sağlam qidalanmaq, həmçinin fastfud tipli qidalardan uzaq durmaq lazımdır. Hər bir insan gün ərzində 7-8 saatlıq yuxu rejiminə əməl etməlidir. Yuxu hormonu olan melatonin təxminən 23:00-dan etibarən ifraz olunmağa başlayır. Buna görə də, həmin saatdan gec yuxuya getmək tövsiyə olunmur. Bununla yanaşı, ailə və iş mühitində olan problemlər, gün ərzində yaşadığımız gərginlik, stres, həyəcan bir çox sinir sistemi pozuntularına gətirib çıxara bilər. Günboyu idmanla məşğul olmamaq, oturaq iş mühiti, təmiz havada olmamaq da nevroloji xəstəlikləri yarada bilir”.

    Həkim-nevroloq qeyd edir ki, serebrovaskulyar xəstəliklərdən beyin qanamaları (hemorragik, subaraxnoidal) daha çox orta və gənc yaş qruplarında rast gəlinir.

    Mütəxəssislər vurğulayır ki, nevroloji xəstəliklərdən qorunmaq üçün ilk növbədə qidalanma və yuxu rejiminə riayət etmək, mümkün qədər stres və əsəbdən uzaq durmaq, idmanla məşğul olmaq, təmiz havada gəzmək lazımdır.

    Mütəmadi olaraq əsəb və stresə məruz qalan insanlar diqqət dağınıqlığı və yuxu problemlərindən əziyyət çəkirlər. Nevroloji xəstəlikliklərin müalicəsi yalnız həkim-mütəxəssislər tərəfindən aparılmalıdır. Əks halda, evdə kortəbii şəkildə aparılan müalicə daha ağır fəsadlarla nəticələnə bilər.

    Unutmayın ki, nevroloji xəstəliklər ağırlaşmalara və nəticədə daha ağır fəsadlara gətirib çıxara bilər. Ona görə də, zamanında mütəxəssisə müraciət etmək mütləqdir!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR