Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sosial İş İctimai Birliyinin həyata keçirdiyi "Uşaq istismarına qarşı mübarizəyə dair sosial işin aparılması" layihəsinin yekun konfransı baş tutub. QHT.az xəbər verir ki, yekun konfransın açılışını Birliyin icraçı direktoru Rəqsanə Nəsibova edib. O, günümüz üçün aktual mövzuya həsr olunan konfransın önəminə diqqət çəkib. Konfransın davamında spikerlər sosial işçi Elvin Abdullayevin “Müəssisələrdə zorakılığa məruz qalmış uşaqlarla sosial işin təşkili", Fəridə Alışovanın isə "Uşaq istismarı zamanı sosial işçilərin öhdəlikləri və layihələrin yazılması zamanı diqqət olunmalı məqamlar" mövzularında çıxışları dinlənilib.
Konfransın gedişində Birliyin İdarə Heyəti üzvü olan Sənan Ağayevin layihə ilə bağlı fikirləri yer alıb. Layihənin gedişində əldə olunan uğurlara toxunub. Spiker nitqini tamamlayarkən layihə zamanı yadda qalan məqamları video-çarx vasitəsi ilə konfrans iştirakçılarına çatdırıb. Konfransın sonunda sədr müavini Tural Mirzəyev layihənin gedişi və gözlənilən nəticələrindən danışıb. Layihədə komanda işinə toxunan sədr müavini peşəkar mütəxəssislərin gələcək sosial işçilərə uşaq istismarına qarşı mübarizədə dəyərli məsləhətlər verdiyini, onları bu sahədə maarifləndirdiyini söyləyib. Layihə boyu qazanılan biliklərin bu istiqamətdə olan boşluqları dolduracağına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, 3 ay davam edən layihədə 20 nəfər sosial iş üzrə təhsil alan və məzun şəxslər seçilərək, onlara uşaq istismarı sahəsində psixoloji, hüquqi təlimlər keçirilib və xüsusi keyslər üzərindən izahlar verilib. Sonda layihəni uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.