AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir

  • + A
  • - A
  • 6-09-2024, 11:15

    Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir

    Xalq arasında “dovşan dodaq” və “qurd ağız” kimi tanınan, anadangəlmə dodaq-damaq yarıqları yenidoğulanlar arasında rast gəlinən üz-çənə nahiyyəsinin inkişaf anomaliyalarına aiddir. Dodaq və damağın düzgün formalaşmaması nəticəsində (bətndaxili inkişaf vaxtı) yaranan bu inkişaf qüsurları həm funksional, həm də estetik problemlərə səbəb ola bilir. Bu problemlər arasında udma, nitq pozğunluqları, eşitmə problemləri, tənəffüs, həzm sisteminin patologiyaları, dişlərin düzgün çıxmaması kimi hallar üstünlük təşkil edir.
    Sözügedən anomaliyaların yaranmasının fərqli səbəbləri olsa da, əsasən genetik və xarici faktorların birgə təsiri ilə əlaqədar olduğu düşünülür. Hamiləlik dövrünün problemli keçməsi (davamlı stres faktorların təsiri və s.), qohum evliliyi, hamiləlik dövründə ananın zərərli vərdişləri (siqaret, alkoqol və narkotik istifadəsi), bəzi dərman preparatlarının qəbulu, vitamin çatışmazlığı – xüsusilə fol turşusu əskikliyi, hamiləlik dövründə ananın müxtəlif infeksion xəstəliklərə yoluxması, radiasiya və s. kimi əlverişsiz ətraf mühit faktorlarının təsirinə məruz qalması adıçəkilən inkişaf qüsurlarının yaranmasında əsas səbəblər arasında yer alır. Anadangəlmə dodaq və damaq yarıqlarının meydana gəlməsində genetik meyillilik də mühüm yer tutur. Belə ki, ailəsində bu cür anomaliyası olan şəxslərin uşaqlarında bu hallara daha çox rast gəlinir.
    Adı çəkilən inkişaf anomaliyalarının yeganə müalicə üsulu cərrahi müdaxilədir. Həmin cərrahi əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. İcra edilən əməliyyatlar “dovşan dodaq” və “qurd ağız” qüsurlarını aradan qaldırmaqla yanaşı, uşaqların həyat keyfiyyətini bərpa edir, gələcəkdə onların cəmiyyətdən sosial təcrid olunmasının qarşısını alır. Bu əməliyyatlar uşaqların sosial həyata daha yaxşı inteqrasiyası, sağlam həyat və sağlam gələcək qurması üçün vacib əhəmiyyət kəsb edir.
    Qeyd edək ki, “dovşan dodaq” və “qurd ağız” kimi anadangəlmə inkişaf qüsurlarının diaqnostikası hamiləlik dövründə mümkündür. Ana bətnində ikən bu xəstəliklərin erkən diaqnostikası üçün ultrasəs müayinə və digər radioloji müayinələrdən istifadə edilir. Adıçəkilən anomaliyaların və digər xəstəliklərin erkən aşkar olunması üçün hamilə qadınların müntəzəm olaraq müayinə olunması vacibdir.
    Anadangəlmə dodaq və damaq yarıqlarının bərpası əksər hallarda körpənin 3-18 aylığında aparılır. Bəzi hallarda korreksiya bir neçə mərhələ ilə aparıldığı üçün uşağın sonrakı yaş dövrlərində əlavə cərrahi müdaxilələrə ehtiyac yaranır.
    Bərpa əməliyyatı öncəsi ixtisaslı həkim müayinəsi, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, laborator və instrumental müayinələr, qan və ya qan komponentləri icbari tibbi sığorta tərəfindən tam təmin olunur. Həmçinin, xəstənin və müşayiət edən şəxsin qidalanma xərcləri də sığorta təminatına daxildir.
    Bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində həkim göstərişi əsasında həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR