Tramp Ağ Ev müxbirləri qarşısında çıxış edəcək

Tramp Ağ Ev müxbirləri qarşısında çıxış edəcək
ABŞ Prezidenti Donald Tramp aprel ayında silahlı insident səbəbindən təxirə salınan Ağ Ev Müxbirləri Assosiasiyasının tədbirində jurnalistlər qarşısında çıxış edəcək.
Reuters agentliyinin məlumatına görə, tədbir bu dəfə Vaşinqtondakı Waldorf Astoria otelində keçiriləcək. Tədbir zamanı təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təmin olunacaq.
ABŞ Məxfi Xidmətinin direktoru Şon Karran bildirib ki, oteldə təhlükəsizlik üzrə genişmiqyaslı plan həyata keçirilir.
"Biz xoşagəlməz niyyətli şəxslərin meydana çıxa biləcəyini gözləyirik. Bu, reallıqdır. Lakin biz bu məkanı prezidentin səfər etdiyi digər obyektlər kimi qoruyuruq", – deyə Karran vurğulayıb.
Məlumata görə, cümə günü keçiriləcək şam yeməyi apreldə baş vermiş silahlı hücum zamanı yaralanan Məxfi Xidmət əməkdaşı Viktor Qonsalesə həsr olunacaq. O, Hilton otelinin bal zalının girişində yerləşən nəzarət-buraxılış məntəqəsində güllə yarası almışdı. Bildirilir ki, məhz onun operativ müdaxiləsi hücumun qarşısının alınmasında həlledici rol oynayıb.
Reuters-in məlumatına əsasən, həmin hadisədən sonra təxirə salınan tədbir indi gücləndirilmiş təhlükəsizlik şəraitində baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.