AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda yazılan UĞUR HEKAYƏSİ – COP29-un iqlim dəyişikliyi ilə mübarizəyə verəcəyi TÖHFƏLƏR

  • + A
  • - A
  • 13-11-2024, 17:22

    Azərbaycanda yazılan UĞUR HEKAYƏSİ – COP29-un iqlim dəyişikliyi ilə mübarizəyə verəcəyi TÖHFƏLƏR

    Azərbaycan tarix və dünya qarşısında daha bir uğur hekayəsini yazır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə Azərbaycan dünyaya öz iqtisadi və siyasi gücünü göstərir. Ən əsası sivilizasiyanın qlobal istiləşmədən xilası üçün Azərbaycan modeli təqdim edilir. Təsadüfi deyil ki, dünyanın aparıcı televiziyalarının və KİV-lərinin əsas xəbərləri COP29-la bağlı olub. Hətta BBC, “Reuters”, “Əl-Cəzirə” kimi televiziyalar və agentliklər tədbirin açılışını canlı yayımlayıblar.

    Dünya ölkələrinin liderləri Bakıya toplaşdı

    Noyabrın 11-də start götürən COP29 konfransı noyabrın 22-dək davam edəcək. Bu müddətdə ölkəmizə dünyanın 5 qitəsindən 70 mindən artıq qonağın gələcəyi gözlənilir. Nəzərə alaq ki, konfransın ilk günlərinə daha çox dövlət rəsmiləri qatılır. Noyabrın10-dan başlayaraq dünyanın 196 ölkəsinin rəsmilərinin Bakıya gəlib.

    Artıq bu dəqiqələrə qədər 80 prezident, vitse-prezident, baş nazir olması konfransın işinə qatılıb. Rəsmi qonaqların gəlişi isə davam edir.

    Konfransa G7 və G20 ölkələrin bir çox liderləri də qatılıb. Böyük Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Rusiya, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin dövlət və hökümət başçıları artıq Bakıdadırlar. Liderlərin COP29 təəssüratları Noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Liderlər Sammitinin açılış mərasimi ilə başlayıb. Mərasimdə iştirak edən ayrı-ayrı dövlətlərin liderləri COP29-un yüksək səviyyədə təşkilindən və Azərbaycan iqlim dəyişikliyinə qarşı təşəbbüslərini yüksək qiymətləndiriblər.

    Məsələn, Polşa Prezidenti Andjey Duda Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilinin səviyyəsinə heyran qaldığını bildirib:

    "Bakıda bu iqlim sammitinin açılışında iştirak etdiyimə görə çox şadam. Biz onun təşkilindən heyran qaldıq və bununla əlaqədar Azərbaycanı və Ölkə Prezidenti İlham Əliyevi təbrik edirik. Polşanın dünya sammitinin təşkili təcrübəsi var. Deyə bilərəm ki, burada Bakıda hər şey mükəmməl təşkil olunub".

    Serbiya Prezidenti Aleksandr Vuçiçsə Azərbaycan getdikcə daha əhəmiyyətli siyasi oyunçuya çevrildiyini və Serbiyanın bu ölkə ilə əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyini söyləyib:

    "Bakı ilə Belqrad arasında enerji sahəsində əməkdaşlıq və qaz elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar prosesi Serbiya üçün çox vacibdir. Digər tərəfdən, Rusiyanın Azərbaycan vasitəsilə İranla, daha sonra bütün digər ölkələrlə logistik əlaqələri də bizim üçün çox faydalıdır".

    BMT-nin Baş katibi Antonio Quterreşsə çıxışında yüksək təşkilatçılığıa görə məmnunluğunu ifadə edib:

    “Cənab Prezident Əliyevə və eyni zamanda, Azərbaycan Hökumətinə qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Çox sağ olun. Prezidentlər bizim əməkdaşlığa etibar edə bilərlər. Həqiqətən də sizin səyiniz nəticəsində uğurlu bir COP-a imza atacağıq. Hər kəsə bu COP-da ehtiyacımız vardır”.

    Sivilizasiya nədən narahatdır?

    Dünya qlobal istiləşmə ilə üz-üzədir. Bununla bağlı Antonio Quterreş açılış mərasimindəki çıxışında bütün dövlət nümayəndələrinə müraciət edib:

    “Artıq itirməyə vaxtımız qalmayıb. İnsanlar, dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizə üçün vəsait ayırmalıdırlar. Əks halda, bu, bəşəriyyətə baha başa gələcək. İqlim maliyyələşməsi xeyirxah əməl deyil, bu, bir investisiyadır. Bu, ixtiyari məsələ deyil, məcburi məsələdir. Hər ikisi əvəzolunmaz tədbirdir, bunlar bəşəriyyətin gələcəyi və firavanlığı üçün lazımdır”.

    COP29-un hədəfi nədir?

    Məlum olduğu ki, son illər atmosferə atılan CO2 emissiyasının həcmi durmadan artır. Bu da ölkələrin iqtisadiyyatını zəiflətməklə yanaşı temperaturu yüksəldir. Amma bu gün BMT başda olmaqla dünya dövlətlərinin məqsədi odur ki, yaxın gələcəkdə orta temperatur 2,5 selsidən yuxarı qalxmasın. Bunun üçün qlobal emissiya hər il 9 faiz azaldılmalıdır. Ümumilikdə isə 2030-cu ilə qədər bu 43 faiz azalmalıdır. Baxmayaraq ki, 2019-cu ilin baza xəttinə əsasən bu emissiyalar hələ də artmağa davam edir. Bu isə sivilizasiyaya ancaq təbii fəlakətlər vəd edir.

    Nəzərə alaq ki, qlobal istiləşməylə bağlı 2015-ci ildə Paris razılaşması imzalandı. Bu razılaşmadan sonra çoxsaylı müzakirələr aparılsa da onun 6-cı maddəsi (CO2) üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb.

    Beynəlxalq ekspertlər hesab edir ki, COP29-da mühüm razılaşmalar əldə oluna bilər. Təsadüfi deyil ki, konfransın ilk günündə Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olunub. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. Böyük ehtimalla, COP29-un davam etdiyi günlərdə bu məsələ həllini tapacaq və iqlim dəyişikliyinə qarşı bütün dövlət öz səylərini birləşdirəcək.

    COP29-un ikinci hədəfi

    COP-un Bakı sammitindən əsas gözləntilərdən biri ki, böyük dövlətlərin kasıb və nisbətən az inkişaf etmiş ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə öz dəstəyini artırmaqdır. Nəzərə alaq ki, COP28-dan sonra böyük dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizə üçün kasıb dövlətlərə 50 milyard dollar yardım edib. Ekspertlərin hesablamalarına görə COP29-dan sonra bu rəqəm ən azı 100 milyard dollar olacaq. Bundan başqa dünya dövlətləri alternativ enerjiyə qoyulan investisiyanın həcmini ən yaxın zamanda 2 trilyon dollara çatdırmağı düşünür.

    Təbii ki, bu nəticələrə çatmaq kifayət qədər real görünür. Çünki Beynəlxalq maliyyə qurumları COP29-un işinə həvəslə qatılır. Dünya Bankının prezidenti Ajay Banga artıq iki gündür ki ölkəmizdədir. Nəzərə alaq ki, Dünya Bankı iqlim dəyişikliyinə qarşı mübarizəyə öz töhfəsini verməyə hazırlaşır. Belə ki, qurum bu sahəyə maliyyə töhfəsini 170 milyar dollara çatdıracağını bildirib.

    Bundan əlavə Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Maxtar Diop noyabrın 12-də Bakıya gəlib. AYİB prezidenti Odil Reno-Basso, bankın birinci vitse-prezidenti Yürgen Riqterink, siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və iqlim strategiyası və tətbiqi üzrə idarəedici direktor Harri Boyd-Karpenter də COP29 konfransı iştirakçıları arasındadır. AYİB nümayəndələri COP29 çərçivəsində 11 müxtəlif tematik tədbir təşkil etməyi planlaşdırır.

    Qeyd edək ki, ötən il bankın "yaşıl" maliyyələşdirməsi 6,5 milyard avroya çatıb. Bütün bunlarsa onu göstərir ki, yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da əla mühit yaradır.

    Bizim.Media


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR