AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xocalının qisası döyüş meydanında alındı.

  • + A
  • - A
  • Bu gün, 11:18

    Xocalının qisası döyüş meydanında alındı.

    Xanlar Fətiyev,
    Milli Məclisin deputatı


    Yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı ən böyük cinayətlərdən olan Xocalı soyqırımının törədilməsindən 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun 366-cı alayının köməkliyi ilə Xocalını işğal edən erməni silahlı birləşmələri 613 nəfər dinc və mülki azərbaycanlını, o cümlədən 106 qadın və 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirdilər, 1275 nəfəri əsir apardılar. Xocalı hadisələri zamanı itkin düşmüş 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

    Xocalı soyqırımının həyata keçirilməsi ilə Ermənistan və onun havadarları tərəfindən xalqımıza qarşı növbəti və ən dəhşətli müharibə cinayətini törətdilər. Hər il fevralın 26-da xalqımız Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsini dərin hüznlə yad edir.

    Qeyd etmək lazıdır ki, Xocalının işğalı və şəhər sakinlərinin soyqırımına məruz qoyulması ilə ermənilər iki başlıca məqsəd güdürdülər. Bunlardan biri Xocalının strateji coğrafi mövqeyi və şəhərdə hava limanının olması ilə bağlı idi. Həmin vaxt Azərbaycanın hərbi-siyasi rəhbərliyinin səhlənkarlığının və vəziyyəti düzgün qiymətləndirə bilməmələrinin nəticəsi olaraq Xocalını işğal edən edən ermənilər növbəti işğal planları üçün əlverişli zəmin yaratdılar.

    Ermənilərin digər məqsədləri isə soyqırımı törətməklə azərbaycanlılarının gözünü qorxutmaq, xalqımızın mübarizə əzmini sarsıtmaq idi. Bu qanlı cinayətə rəvac verənlərdən biri olan Ermənistanın sabiq prezidenti Serj Sarkisyan "Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz o stereotipi sındırdıq" deməklə xalqımıza qarşı soyqırımının məqsədli şəkildə törədildiyini etiraf edib.

    Bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərdən biri Xocalı soyqırımının dünyada tanıdılması və bu qətliamda rolu və iştirakı olanların məsuliyyətə cəlb edilmələridir. Cənab Prezident İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə deyib:

    “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
    Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin 1994-cü il fevralın 24-də qəbul etdiyi “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərarda hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilib.
    Ötən dövrdə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanıdılması üçün məqsədyönlü, ardıcıl və təsirli tədbirlər görülüb. Cənab Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlər zamanı xalqımıza qarşı törədilmiş müharibə cinayətlərini dünyaya çatdırıb, erməni yalanlarını ifşa edib. Xocalı faciəsinin ildönümləri zamanı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən ümumxalq yürüşləri də xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm siyasi-ictimai hadisələrə çevriliblər.
    Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasının da Xocalı hadisələrinin soyqırımı kimi tanınmasında böyük əhəmiyyəti var. 2008-ci ildən həyata keçirilən bu kampaniya çərçivəsində hər il dünyanın qarşısına qoyduğu məqsədlərə çatmaq üçün müxtəlif aksiyalar, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər keçirilir. Bütün dünyada 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir.
    Prezident İlham Əliyevin hücum diplomatiyasının, erməni yalanlarının ifşası ilə bağlı keçirilən məqsədyönlü tədbirlərin "Xocalıya ədalət" beynəlxalq kampaniyasının nəticəsidir ki, Xocalı hadisələrini soyqırım cinayəti kimi tanıyan dövlətlərin və parlamentlərin sayı da artır. İndiyədək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. O cümlədən İslam Əməkdaşlıq Təşkilatı da Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edib.
    Əvvəldə qeyd etdiyim kimi, ermənilərin Xocalı hadisələrini törətməkdə məqsədlərindən biri xalqımızın mübarizə əzmini sarsıtmaq olub. Amma unudurdular ki, Azərbaycan xalqının əzmini sarsıtmaq, onu öz yolundan döndərmək mümkün deyil. Həm də üzləşdiyimiz faciələr bizi daha da mübariz edib. Ən əsası da odur ki, xalqımız torpaqlarımızın işğaldan azad olunacağına hər zaman inanırdı. 2020-ci ilin Vətən müharibəsi bu inamı reallığa çevirdi.
    Bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin edildiyi antiterror tədbirlərində isə Xocalı şəhəri də erməni separatçılarından təmizlənərək azad olundu. Bununla həm də Xocalıda şəhid olmuş, qətlə yetirilmiş bütün vətəndaşlarımızın intiqamı alındı. Həm də bu intiqam döyüş meydanında alındı. Ona görə Xocalı şəhidlərinin ruhu artıq rahatdır.
    Xocalı şəhidlərinin ruhu həm də ona görə rahatdır ki, bu gün Xocalıdan olan məcburi köçkünlər doğma şəhərlərinə qayıdırlar. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə Xocalı yenidən qurulur, dirçəlir, şəhərdə yenidən həyat başlayır.
    Bir məsələni də qeyd etməliyik ki, xalqımıza qarşı soyqırımı cinayətlərinin törədilməsində əli olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərdən biridir. 2023-cü ilin antiterror tədbirlərindən sonra bununla bağlı tarixi ədalət öz yerini tapdı, xalqımıza qarşı soyqırımı cinayətlərinin törədilməsində iştirakı olan bir sıra erməniəsilli şəxslər həbs edilərək Bakıya gətirildilər. Hazırda onların cinayət işi üzrə məhkəmə prosesi gedir və hər biri törətdiyi əməllərə görə layiqli cəzasını alacaq.
    Xocalı faciəsi yalnız İkinci Dünya Müharibəsi zamanı yəhudilərə qarşı həyata keçirilmiş Holokost soyqırımı ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biridir. İnanırıq ki, Xocalı hadisələrində müqəssir olan bütün müharibə cəlladları öz əməllərinə mütləq cavab verəcəklər, Xocalı hadisələri isə beynəlxalq səviyyədə soyqırımı cinayəti kimi tanınacaq. Ərazilərini işğaldan azad edən güclü Azərbaycan buna da nail olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR