Bu gün Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (ETİ) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə çıxış edən natiqlər bu faciənin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğuladılar. Onlar qeyd etdilər ki, Xocalıda baş verənlər təkcə bir xalqın faciəsi deyil, ümumbəşəri bir cinayətdir və onun adı yalnız “soyqırım” kimi tanınmalıdır.Tədbirdə çıxış edən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, akadedemik İbrahim Cəfərov[b][/b] bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Nəticədə 613 nəfər dinc sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar amansızcasına qətlə yetirildi, yüzlərlə insan yaralandı, 1275 nəfər əsir götürüldü. Bu faciə Azərbaycanın müstəqillik yolunda qarşılaşdığı ən böyük sınaqlardan biri idi.
Bu gün Azərbaycan xalqı Xocalı qurbanlarının ruhu qarşısında baş əyir, lakin bu tarixi faciəni yalnız matəm günü kimi yox, eyni zamanda, Azərbaycanın gücünü və iradəsini göstərən bir dərs kimi xatırlayır, - deyən İbrahim müəllim qeyd edib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qələbə qazandı. Xocalı və digər işğal olunmuş torpaqlar azad olundu, mənfur düşmənə layiqli cavab verildi.
Xocalı soyqırımı ilə bağlı Azərbaycanın illərdir dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün ardıcıl işlər görməsindən bəhs edən İ.Cəfərov əlavə edib ki, artıq 17-dən çox ölkə və bir sıra beynəlxalq təşkilatlar bu hadisəni soyqırım kimi tanıyıb. "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində aparılan təbliğat və diplomatik səylər nəticəsində dünya Xocalı faciəsini unutmağa imkan vermir.
Bu gün suveren və müstəqil Azərbaycan regionda söz sahibi olan bir dövlətdir. Qələbə ilə nəticələnən müharibə göstərdi ki, Azərbaycan təkcə torpaqlarını işğaldan azad etmədi, həm də 30 illik ədalətsizliyi sona çatdırdı.
Çıxışının sonunda İ.Cəfərov bir daha qeyd etdi ki, Xocalı qurbanlarının əziz xatirəsi daim ürəklərdə yaşayacaq. Azərbaycan xalqı onları heç zaman unutmayacaq və bu faciəni törədənlər tarix qarşısında cavab verməkdən qaça bilməyəcəklər.
Yaşasın suveren və müstəqil Azərbaycan!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.