Nizami Səfərov,
Milli Məclisin deputatıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə xüsusi olaraq vurğulamışdır ki, dövlətlərimiz arasında yüksək səviyyəli tərəfdaşlıq və müttəfiqlik münasibətləri mövcuddur. Bu münasibətlərin əsasını çoxsaylı hüquqi sənədlər təşkil edir və onların sırasında Moskva şəhərində 2022-ci il fevralın 22-də imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə xüsusi yeri tutur. Bəyannamənin imzalanması 30 ildən artıq bir müddətdə iki dövlətin birlikdə keçdiyi və səmərəli əməkdaşlığın müxtəlif sahələrini əhatə edən böyük inkişaf yolunun əyani nümayişidir.
Qarşılıqlı fəaliyyətin əhəmiyyətli istiqamətləri sırasında iqtisadi əlaqələri xüsusi olaraq qeyd etmək lazımdır. Məsələn, 2017-ci illə müqayisədə 2023-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq rekord həddə - 4,4 milyard ABŞ dollarina çatmışdır. Bu ilin yanvar-iyul aylarında isə bu göstərici 2 milyard 572,8 milyon ABŞ dolları səviyyəsində olub.
İki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ilin nəticələrinə görə 2022-ci illə müqayisədə 17 faiz artaraq 4.5 milyard ABŞ dolları səviyyəsinə yüksəlib və 2024-cü ildə daha böyük nəticə gözlənilir. Hazırda Azərbaycanda 1000-dən çox Rusiya şirkəti fəaliyyət göstərir və Rusiya Federasiyası tərəfindən ölkəmizin iqtisadiyyatına 6,2 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırılıb. Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” zavodu ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması səmərəli əməkdaşlığın mühüm nümunələridir.
Diqqəti cəlb edən digər əməkdaşlıq sahəsi loqistik layihələr, və xüsusilə "Şimal-Cənub" dəhlizi ilə bağlıdır və bu istiqamətin inkişafı ilə əlaqədar əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyev qeyd etmişdir ki, “Azərbaycan ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər".
İki dövlət arasında səmərəli iqtisadi əməkdaşlığın həyata keçirilməsi əyani formada sübut edir ki, qarşılıqlı fayda və maraqlar çərçivəsində əlaqələrin reallaşdırılması bütövlükdə Cənubi Qafqaz regionunun inkişafına hesablanan əhəmiyyətli fəaliyyətdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.