“Bağçam” modeli: xoşbəxt uşağın inkişafına elmi-pedaqoji yanaşma

“Bağçam: kompleks uşaq inkişafı modeli” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, nəşrdə məktəbəqədər yaşlı uşaqların inkişafına kompleks yanaşma, onların emosional rifahı, fərdi ehtiyac və maraqlarının nəzərə alınması, eləcə də pedaqoji təcrübənin tətbiqi məsələləri əksini tapıb.
Kitabın təqdimat mərasimində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Təhsil İnstitutunun nümayəndələri, məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
“Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin həmtəsisçisi və baş direktoru Samirə Dünyamalıyeva çıxışında “xoşbəxt uşaq” konsepsiyasının uzunillik müşahidələr və pedaqoji təcrübə əsasında formalaşdığını bildirib. O, uşağın özünü təhlükəsiz və dəyərli hiss etməsinin, sevildiyini və anlaşıldığını bilməsinin bu yanaşmanın əsasını təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, uşaqların güclü tərəflərinin üzə çıxarılması, fərdi ehtiyac və maraqlarına uyğun mühitin yaradılması onların inkişafına müsbət təsir göstərir.
Şəbəkənin həmtəsisçisi Rasif Dünyamalıyev kitabın hazırlanmasında məqsədin toplanmış təcrübəni qorumaq, sistemləşdirmək və gələcəkdə məktəbəqədər təhsil sahəsində çalışan mütəxəssislərə ötürmək olduğunu deyib. O, nəşrin məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və tərbiyəçi-müəllimlər üçün faydalı mənbə olacağını bildirib. Kitabın hazırlanmasında elmi ictimaiyyətlə özəl sektor arasında əməkdaşlığın əhəmiyyətini qeyd edərək bu cür təşəbbüslərin digər təhsil müəssisələrində də tətbiqinin vacibliyini vurğulayıb.
Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktor əvəzi, kitabın müəllifi Böyükağa Mikayıllı nəşrin hazırlanması zamanı aparılan araşdırmalar və onun əsas ideyası barədə məlumat verib. O, “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin fəaliyyətinin elmi-pedaqoji və psixoloji mənbələr əsasında öyrənildiyini, nəzəri yanaşmaların praktik təcrübə ilə əlaqələndirildiyini bildirib. Uşaqların emosional rifahı, böyüklərlə münasibətləri və özünüifadə imkanlarının inkişaf prosesindəki rolunun kitabda xüsusi diqqət mərkəzində olduğunu qeyd edib.
Kitabın rəyçisi, Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, dosent Laləzar Cəfərova nəşrin məktəbəqədər təhsil sahəsində elmi və praktik əhəmiyyətindən danışıb. O, uşaqların hissləri, ehtiyacları, maraqları və fərdi xüsusiyyətləri nəzərə alınmaqla onların inkişafına kompleks yanaşmanın təqdim edildiyini bildirib. Nəzəriyyə, strategiya və təcrübənin əlaqəli şəkildə təqdim olunmasını yüksək qiymətləndirən L.Cəfərova oyun fəaliyyətinin təşkili, fərdi yanaşma və ailə ilə əməkdaşlığa dair materialların pedaqoji fəaliyyət baxımından əhəmiyyətini vurğulayıb.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə məktəbəqədər yaş dövründə uşaqların inkişafına diqqət yetirilməsinin vacibliyini qeyd edib. O, kitabın hazırlanması istiqamətində görülən işləri yüksək qiymətləndirib, nəşrin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən digər qonaqlar da kitabın məzmunu, nəşrdə təqdim olunan pedaqoji yanaşmalar və toplanmış təcrübənin məktəbəqədər təhsil sahəsi üçün əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Tədbir videotəqdimatın nümayişi və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.