AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Müqəddəs Taxt-Tac: Vatikan diplomatiyasında dinlərarası dialoqun yeni mərhələsi - Siyasi şərhçi Ülkər Piriyeva - ÖZƏL

  • + A
  • - A
  • Bu gün, 13:16

    Azərbaycan və Müqəddəs Taxt-Tac: Vatikan diplomatiyasında dinlərarası dialoqun yeni mərhələsi - Siyasi şərhçi Ülkər Piriyeva - ÖZƏL
    Ülkər Piriyeva
    Siyasi şərhçi/ YAP-ın fəal üzvü

    Bakı, 27 oktyabr - Azadmedia.az

    Vatikanda Qafqaz Müsəlmanları İdarəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında Anlaşma Memorandumunun imzalanması Azərbaycan ilə Vatikan arasında münasibətlərin yalnız dini dialoq çərçivəsində deyil, daha geniş mənada humanitar, mədəni və diplomatik əməkdaşlıq müstəvisində inkişaf etdiyini göstərən mühüm addımdır.

    Memorandumun diqqət çəkən məqamlarından biri Daimi Birgə Komissiyanın yaradılmasıdır. Komissiyanın iki ildən bir keçirilməsi nəzərdə tutulan görüşləri əməkdaşlığın epizodik təmaslardan institusional və davamlı dialoq formatına keçməsinə imkan yarada bilər. Bu baxımdan sənədin əhəmiyyəti onun yalnız bu gün üçün müəyyən etdiyi istiqamətlərdə deyil, gələcək əməkdaşlıq mexanizminin formalaşdırılmasındadır.

    Azərbaycan üçün bu əməkdaşlıq ölkənin çoxkonfessiyalı və multikultural cəmiyyət modeli, müxtəlif dini icmalar arasında qarşılıqlı hörmət və birgəyaşayış ənənəsinin beynəlxalq müstəvidə təqdim edilməsi baxımından əlavə imkanlar yaradır. Azərbaycanın dinlərarası dialoqa verdiyi əhəmiyyətin Vatikan kimi qlobal mənəvi və diplomatik nüfuza malik bir mərkəzlə əməkdaşlıq formatında ifadə olunması ölkənin humanitar diplomatiyasını da gücləndirə bilər.

    Müqəddəs Taxt-Tac baxımından isə Azərbaycanla dialoqun dərinləşdirilməsi Qafqaz kimi geosiyasi və mədəni baxımdan mühüm regionda dinlərarası anlaşmanın, sülh və qarşılıqlı hörmətin təşviqinə xidmət edən əməkdaşlıq imkanlarının genişlənməsi deməkdir. Azərbaycan bu baxımdan yalnız ikitərəfli münasibətlərin tərəfi deyil, müxtəlif dini və mədəni ənənələrin dialoqa cəlb olunduğu bir coğrafiyada mühüm tərəfdaş kimi çıxış edə bilər.

    Memorandumda sülh quruculuğu, birgəyaşayış, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinin xüsusi vurğulanması da təsadüfi deyil. Müasir beynəlxalq münasibətlərdə dini diplomatiyanın əhəmiyyəti getdikcə artır. Dövlətlərarası siyasi dialoqu tamamlayan bu cür humanitar və dini platformalar cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsinə və qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə töhfə verə bilər.

    Burada Azərbaycanın təcrübəsi xüsusilə diqqətəlayiqdir. Ölkənin müxtəlif dini icmaların birgəyaşayışına əsaslanan modeli beynəlxalq dialoq platformalarında təqdim edilə biləcək mühüm təcrübələrdən biridir. Eyni zamanda, Vatikanın qlobal dini və humanitar əlaqələri bu əməkdaşlığın daha geniş beynəlxalq müzakirələrə çıxarılması üçün əlavə imkanlar yarada bilər.

    Bu memorandumun mühüm siyasi mesajlarından biri də ondan ibarətdir ki, Azərbaycan–Vatikan münasibətlərində dialoq yalnız siyasi gündəliklə məhdudlaşmır. Mədəniyyət, din, humanitar əməkdaşlıq və sülh təşəbbüsləri vasitəsilə münasibətlərin daha geniş sosial-mənəvi əsas üzərində qurulması perspektivi yaranır.

    Düşünürəm ki, qarşıdakı mərhələdə əsas məsələ imzalanmış sənədin konkret layihələr və davamlı təşəbbüslərlə məzmunlandırılmasıdır. Birgə mədəni və humanitar proqramlar, dinlərarası forumlar, ekspert və akademik mübadilələr, gənclər üçün dialoq platformaları və qarşılıqlı təcrübə mübadiləsi memorandumda müəyyən edilən məqsədlərin praktik nəticələrə çevrilməsinə xidmət edə bilər.

    Azərbaycan və Müqəddəs Taxt-Tac üçün bu əməkdaşlığın ortaq məqamı məhz dialoq mədəniyyətinin gücləndirilməsidir. Dünyada dini və mədəni fərqliliklərin bəzən qarşıdurma səbəbinə çevrildiyi bir dövrdə qarşılıqlı hörmət, sülh və birgəyaşayış ideyalarının institusional şəkildə dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır.

    Hesab edirəm ki, Vatikanda imzalanmış Anlaşma Memorandumunu Qafqaz Müsəlmanları İdarəsi ilə Müqəddəs Taxt-Tac arasında dinlərarası dialoqun institusional inkişafı və Azərbaycan–Müqəddəs Taxt-Tac münasibətlərinin humanitar ölçüsünün möhkəmlənməsi baxımından əhəmiyyətli addımdır. Bu mərhələ hər iki tərəfə öz təcrübəsini bölüşmək, qarşılıqlı etimadı daha da möhkəmləndirmək və dinlərarası dialoqu regional və beynəlxalq sülh gündəliyinin mühüm elementlərindən birinə çevirmək üçün imkan verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR