Pakistanın Khvaja Farid Universitetinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türkiyənin Üsküdar Universitetinin birgə əməkdaşlığı ilə “XXI əsr humanitar və ictimai elmlərdə yeni trendlər” mövzusunda birinci beynəlxalq konfrans keçirilib.
Hər 3 ölkənin qabaqcıl elm mərkəzləri və universitetlərinin alim və professor heyətlərinin iştirakı ilə təşkil olunan konfransda müasir dövrdə humanitar və ictimai elmlərdə yeni metodologiya və trendlər, COVID-19 pandemiyası, bu pandemiyanın sosial-iqtisadi və siyasi sahəyə vurduğu zərər fəlsəfi, teoloji, ekoloji, iqtisadi, dini və siyasi aspektlərdən müzakirə obyektinə çevrilib.
Konfransda Türkiyə Respublikasını – Üsküdar Universiteti Qurucu və İdarə Heyəti Komissiyasının rəhbəri, prof. Nevzat Tarhan, prof. İbrahim Özdemir və prof. Alparslan Açıkgenç; Pakistan İslam Respublikasını – İslamabad Akademik Araşdırma və Siyasət İnkişaf Vəqfinin direktoru, dr. Hafiz Qadir, Bhutto Universitetinin iqtisadiyyat üzrə fəlsəfə doktoru Əhməd Raza əl-Mustafa, kansler köməkçisi, professor Süleyman Tahir, professor Məhəmməd Ziya əl-Haq və digərləri; ölkəmizi – məruzəçi qismində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyəti sədrinin müavini, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü, İslam fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadə, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov və konfransın moderatoru qismində Aİİ Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov təmisil ediblər.
Konfransın açılış nitqində məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, professor İsa Həbibbəyli Azərbaycan, Türkiyə və Pakistan arasında hazırda mövcud olan siyasi və sosial-iqtisadi münasibətlərə diqqət çəkərək, bu əlaqələrin hər 3 ölkənin davamlı inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Professor İsa Həbibbəyli Azərbaycanın 44 günlük Vətən Müharibəsi zamanı ölkəmizə yaxından siyasi və mənəvi dəstək olan Türkiyə Dövlətinə və Pakistan İslam Respublikasına Azərbaycan ziyalısı kimi təşəkkürünü bildirib.
Daha sonra Türkiyədəki kütləvi meşə yanğınlarında həyatlarını itirən insanlara görə türkiyəli alim və professor heyətinə başsağlığı verən professor İsa Həbibbəyli “Pandemiya dövründə beynəlxalq əməkdaşlıq və dialoqun rolu” mövzusunda məruzə ilə çıxış edib. İ.Həbibbəyli məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiya şəraitində siyasət, iqtisadiyyat və səhiyyə sahələrində gördüyü mühüm işlərdən, Azərbaycan, Türkiyə və Pakistan parlamentləri sədrlərinin Bakıda imzaladıqları birgə Bəyannamədən, hər 3 ölkənin dialoqunun XXI əsrdə sülh, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar yaradacağından, o cümlədən, elm sahəsində əlaqələrin inkişaf etdirilməsi məqsədilə görülən işlərdən və bunların əhəmiyyətdindən bəhs edib.
AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadə “Müasir fəlsəfə: ideallar və reallıq” mövzusunda məruzə ilə çıxış edərək, alim və professor heyətinin diqqətini mühüm məqamlara çəkib. K.Bünyadzadə bildirib ki, millətlərin inkişaf yolu həmişə asan olmur: “Bu, tarixin qanunudur. Yalnız özünə inanan və mahiyyətini tanıyan bir xalq həyatın çətin mərhələlərini keçə bilər. Bu prosesdə fəlsəfənin xüsusi bir missiyası var: insanın düşünməsinə və özünü tanımasına kömək etmək. Fəlsəfə dəyişməz mahiyyəti müəyyənləşdirməkdə ən mühüm sahədir”.
Bünyadzadə daha sonra qeyd edib ki, bütün dövrlərdə olduğu kimi, insan və fəlsəfə daim risk altındadır. Bu reallıq isə insanları bəşər həyatı üçün mühüm olan fəlsəfi düşüncənin mövcudluğunu yoxluğa tərk edəcəyi halda, ümidsizliyə düçar etməməlidir.
K.Bünyadzadə məruzəsinin sonunda fəlsəfənin insanın daxili harmoniyasının formalaşmasında mühüm roluna diqqət çəkərək, düşüncə ilə fəlsəfi həqiqətlər arasında əlaqə qurmağı təklif edib.
Konfransın ikinci günü çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov məruzəsində 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycana göstərdikləri mənəvi dəstəyə görə Tükiyə və Pakistan xalqlarına minnətdarlığını ifadə edib. Bakının küçə və prospektlərində 3 qardaş ölkənin bayraqlarının yanaşı dalğalanmasının Azərbaycan, Türkiyə və Pakistan xalqlarının bir-birlərinə bağlılığına əyani nümunə olduğunu vurğulayıb. Dosent A. Şirinov bu qardaşlıq və əməkdaşlığın 3 ölkənin akademik səviyyədə əlaqələrinin gücləndirilməsi istiqamətində böyük stimul olduğunu qeyd edib. Bu baxımdan, “Sosial elmlərdə modern trendlər” mövzusuna həsr olunan konfransın 3 qardaş ölkə – Türkiyə, Pakistan və Azərbaycanın birgə təşkilatçılığı ilə keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
A. Şirinov konfransın üçüncü günündə “İslam ilahiyyatının tədqiqində metodoloji problemlər” mövzusunda məruzə ilə çıxış edib. Rektor məruzəsində İslam elmləri sahəsində özünü büruzə verən metodoloji problemlərdən söz açaraq, ənənəvi və revizionist metodların problemləri haqqında məlumat verib. O, eyni zamanda, ilahiyyatın müxtəlif aspektlərini araşdıran İslam elmlərinin klassik metodologiyalarının yenidən müzakirə obyektinə çevrilməsi və müasir dövrün reallıqları nəzərə alınaraq, rekonstruksiya prosesindən keçirilməsinin böyük zərurət kəsb etdiyini vurğulayıb.
A. Şirinovun məruzəsi moderator, dosent A.Qafarovun verdiyi sual ətrafındakı müzakirələrlə sona çatıb.
Konfransda alimlərimizin məruzələri, mövzu ətrafındakı fikir və yanaşmaları türkiyəli və pakistanlı alim və professor heyəti tərəfindən böyük maraqla qarşılanıb.