27 Sentyabr – Anım Günü ilə bağlı ölkənin müxtəlif qurum və təşkilatları şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş paylaşımlar ediblər. Lakin AFB Bank ASC-nin rəsmi sosial media hesabında yayımlanan foto diqqətdən yayınmayıb və haqlı narazılıq doğurub.
Belə ki, bankın paylaşdığı Anım Günü fotosunda Azərbaycanın üçrəngli dövlət bayrağı süni intellekt vasitəsilə hazırlanıb. Amma bayraq üzərindəki ulduz əslində 8 guşəli olmalı olduğu halda, səhvən 11 guşəli əks etdirilib. Bu isə dövlət rəmzlərimizə hörmətsizlik kimi qiymətləndirilib.
Azərbaycan bayrağının təsviri qanunla tənzimlənir və onun üzərindəki elementlər — üç rəng, aypara və 8 guşəli ulduz — milli kimliyimizin, tarixi və mədəni köklərimizin simvoludur. Dövlət atributunun yanlış şəkildə təqdim edilməsi, xüsusən də Anım Günü kimi həssas bir gündə, cəmiyyət tərəfindən böyük qınaqla qarşılanıb.
Mütəxəssislər qeyd edirlər ki, süni intellektdən istifadə zamanı vizual materialların insan nəzarətindən keçməməsi belə ciddi yanlışlıqlara gətirib çıxarır. Bankın bu paylaşımı da göstərir ki, AI texnologiyasına arxayınlıq peşəkarlığın əvəzi ola bilməz.
AFB Bank ASC-dən üzr mətni gözləyirik.
Qeyd: Azadmedia.az xəbərdə jurnalist Səid Qəribin sosial media paylaşımından istifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.