Xəbər verdiyimiz kimi, ötən gün mətbuatda Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyevin işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.
M. Fətəliyev Bakupost.az -a açıqlamasında bu xəbərlərə aydınlıq gətirib.
O bildirib ki, Daxili İşlər Nazirliyindəki vəzifəsindən səhhəti ilə bağlı özü ayrılıb:
"İdman sahəsində olan fəaliyyətimlə əlaqədar müəyyən zədələrim var idi. Bu səbəbdən müalicə üçün bir müddət işimdən kənar qalmalı idim. Cənab nazirə özüm ərizə yazdım. Təşəkkür edirəm ki, ərizəmi qəbul etdi və sərəncama götürüldüm. Səhhətim qaydasına düşdükdən sonra nazirin layiq bildiyi vəzifədə yenidən fəaliyyətimi davam etdirməyi düşünürəm".
Xatırladaq ki, Mehman Fətəliyev gənc idman növlərindən sayılan qrapplinqlə məşğul olur. Bir neçə uğurlara imza atıb. Bekə ki, 2018 və 2019-cu illərdə qrapplinq idman növü üzrə dünya çempionatında 2-ci yer, 2020-ci ildə isə Bakı şəhərində keçirilən dünya çempionatında 1-ci yer tutub. 2018 və 2021-ci illərdə Əbu-Dabi şəhərində keçirilən Jiu-jitsu idman növündə dünya çempionu olub. Sonuncu döyüşdə qalib olsa da belindən ciddi zədə alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.