FHN valideynlərə müraciət edib: Son 15 gündə 32 uşaq xilas olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyinin təmin olunması ilə bağlı valideynlərə və ictimaiyyətə müraciət edib.
Nazirliyin müraciətində bildirilib ki, maarifləndirmə tədbirlərinə baxmayaraq, azyaşlıların nəzarətsiz qalması səbəbindən onların həyat və sağlamlığı üçün təhlükəli hallar qeydə alınmaqda davam edir.
Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə uşaqların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı mütəmadi məlumatlar daxil olur. Daxil olan müraciətlər əsasında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində təkcə son 15 gün ərzində 32 uşaq xilas edilərək ailə üzvlərinə və ya yaxınlarına təhvil verilib.
Təhlillərə əsasən, bu cür hadisələrin başlıca səbəbi uşaqların valideynləri tərəfindən nəzarətsiz buraxılması, xüsusilə də mənzildə tək qoyulmasıdır.
Nazirlik diqqətə çatdırıb ki, mənzillərdəki elektrik və qaz cihazları, açıq eyvan və pəncərələr, ağır əşyalar, kimyəvi maddələr və kəsici alətlər azyaşlılar üçün ciddi təhlükə mənbəyidir. Eyni zamanda, uşaqların liftlərdə, həyətlərdə, küçələrdə və avtomobillərdə nəzarətsiz qalması da arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
FHN valideynləri uşaqların təhlükəsizliyinə xüsusi diqqət yetirməyə, onları evdə və digər məkanlarda nəzarətsiz qoymamağa çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.