Vəsilə Abulova,
ADY-nin Maliyyə idarəsinin rəis muaviniQanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilərək, dönməz xarakter aldı. Xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədov sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi öz üzərlərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişlər. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişdilər.
20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.
Danılmaz faktdır ki, 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir.
Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Artıq qanlı 20 yanvardan bizi 32 il ayırır. İllər keçsə də, xalq nə müsfəqilliyi uğrunda canından keçən şəhidlərini, nə də bu faciəyə ilk siyasi qiymət verilməsinə nail olan Ulu Öndər Heydər Əliyevin fədakarlığını unutmur. Xatirələrini ehtiramla anır, ruhları qarşısında ehtiramla baş əyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.