AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əlillik əngəl deyil, əgər onlara lazımi şərait yaradılsa

  • + A
  • - A
  • 6-11-2023, 09:00

    Əlillik əngəl deyil, əgər onlara  lazımi şərait yaradılsa

    Gündəlik həyatımızda, deməzdim saysız-hesabsız, amma yetərincə fiziki qüsurlu, əlil insanlarla rastlaşırıq. Bəzən onlara hansısa bir işdə kömək etməyə çalışırıq, bəzən də, etiraf edək ki, onların yanından laqeydcəsinə ötüb keçirik. Onların cəmiyyətə inteqrasiyası üçün dövlət tərəfindən nə qədər qayğı göstərilsə də hər birimizin borcudur ki, fiziki qüsurlu, öz həyatını ətrafdakıların yardımı olmadan sürdürə bilməyən, bizlərə ehtiyacı olan insanlara əlimizdən gələn köməyi edək, onlara yaşam sevinci verək, öz güclərini sərfəli işə sərf edə bilmələrinə, həyat üçün yararlı insanlar olduğunu dərk etmələrinə yardımçı olaq.
    Statistikaya əsasən deyə bilərik ki, hazırda respublika əhalisinin 6 faizə yaxınını, təxminən 570 min nəfərini əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. 1988-ci ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsi də ölkəmizdə əlilliyin artmasına ciddi təsir edən amillərdən olmuşdur. Hələ 2020-ci il Vətən müharibəsinə qədərki statistikaya görə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 12 minə yaxın vətəndaşımız müxtəlif əlillik qazanmışdırlar. Son statistik rəqəmlər isə bundan qat-qat yüksək olacaq.
    Belə bir faktı da vurğulamaq yerinə düşər ki, ölkə əhalisi üzrə əlillik göstəricisi 5,5 faiz olduğu halda, Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdən köçkün düşən soydaşlarımız arasında əlillik göstəricisi 6,5 faizə çatır.
    Bəli, bu giriş yəqin ki, kifayətdir. Mən öz fikirlərimi anadagəlmə əlil arabasına məhkum olmasına baxmayaraq həyat dolu, gözləri daim gülən, bəlkə də sağlamlığı yerində olan bir çox yaşıdlarından daha çox uğurlara imza atan bir xanımın, Könül xanımın simasında demək fikrindəyəm.
    Bir-neə il öncənin söhbətidir. Könül Quliyeva haqqında təsadüfən eşitdim. Mənə dedilər ki, rayonumuzun, yəni Zaqatala rayonunun Uzun Qazmalar kəndindən birinci qrup əlil Könül Quliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan fiziki şəxs kimi layihə götürməyə nail olub. Çox sevindim. Elə həmin an Könüllə tanış olmaq, layihənin icrasında ona dəstək olmaq istədim. Qeyd edim ki, Könülün yaşadığı kənd rayon mərkəzindən 40 kilometr aralıda yerləşir.
    Onun layihəsi ilə yaxından tanış oldum. Könül çox gözəl bir missiyanı yerinə yetirmək üçün addım atmışdı. O layihə çərçivəsində 12 məşğələ keçirəcəkdir. 6 məşğələdə qızlara toxuma, 6 məşğələdə isə tətbiqi sənət öyrətmək üçün fəaliyyət planı təqdim etmiş, fond onun fikirlərini bəyənərək, fəaliyyətləri təsdiq etmişdir.
    Könüllə tanışlığımdan məni maraqlandıran çox suallara cavab tapdım. Könülün fiziki qüsurlu olsa da həyata ikiəlli sırımsıplaq yapışması məni heyran etdi. Uzun illərdir gənclərlə işləyirəm, layihələrimi onların iştirakı ilə həyata keçirirəm, mən qüsursuq gənclərimizdə belə şövq, özünə və öz gücünə inam hissi, çətinliyə təslim olmaq yox, ona qarşı getmək kimi möhkəm iradə az-az görürəm. Könül özü bu barədə belə deyir:
    -Məncə əlillik o demək deyil ki, biz heç nə edə bilmərik. Mən həm toxumağı, həm də tətbiqi sənəti internetdən öyrənmişəm. Makrami sənətini də yaxşı bilirəm. İstərdim ki, növbəti layihəm makrami ilə əlaqəli olsun. Gənclər Fondu ilə tanışlığım Bakıda, əlillər üçün təşkil olunan tikiş kursunda oldu. Fondun nümayəndələri ora gəlmişdilər və bizə layihələr haqqında ətraglı məlumat verdilər. Dedilər ki, siz də layihə verə bilərsiniz. Mən də özümü sınamaq istədim və sevinirən ki, alındı.
    -Layihə həyata keçirmək sənə nə verdi?-deyə soruşuram.
    -Mənim bu il 29 yaşım bitdi. Mənim əlilliyim sonradan qazanılma deyil, anadangəlmədir. Valideynlərimin mənim üzərimdə əməyi sonsuzsur. Lakin , həmişə çalışmışam ki, mən də nə isə edim. Toxuduğum məmulatları satıram. Bu layihə isə mənim qarşımda tamamilə başqa dünya açdı. Mən gördüm ki, həqiqətən, əlillik insana öz bacarığını göstərmək üçün maneə deyildir. Layihə müddətində insanların qayğısını gördüm. Hər kəs mənə bacardığı köməyi göstərməyə çalışırdı. Mən özümü xoşbəxt sanırdım.
    Görəsən əlil arabasında olan hər kəsmi belə şanslı olur? Bu şans Könülü nə qədər müddətə müşayiət etdi? Bax, bu sualların cavabını Könüllə söhbətim zamanı tapdım. O sanki bu sahənin ən yaxşı eksperti idi.
    29 yaşı bitən Könül Fonddan daha layihə götürə bilmədi. Çünki Gəncər Fondu qaydaları dəyişdi, fiziki şəxslər 35 yox 29 yaşa kimi layihə verə bilərdilər. Könül çox cəhd göstərir ki, İctimai Birlik yaratsın və onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirtsin. Bu günə kimi buna nail ola bilməyib. Çünki, qoyulan şərtlər bir əlil üçün əlçatımlı deyil, çünki, qanunlarda əlillər üçün heç bir güzəşt nəzərdə tutulmur. Gənclər Fondu belə onun müraciətini keçərsiz sayır, Könül bir daha layihələrlə işləyə bilmir.
    Könülü Bakıya dəvət edirlər. O Boccia üzrə paralimpiya oyunlarına hazırlaşan komandaya üzv qəbul olunur. Könül burada da bir çox uğurlara imza atır, beynəlxalq yarışlarda iştirak edir. Lakin, həyat onu yenə sınağa çəkir. Könül bir gənclə tanış olur və 2019-cu ildə onunla ailə həyatı qurur. Ailə bir müddət Sumqayıtda yaşayır. Qızları dünyaya gəlir. Lakin ailə səadəti cəmi iki il çəkir. Onun ailəsi çarəsizlikdən dağılır. Yəni, Könülün həyat yoldaşı heç cür iş tapa bilmir. Könülün aldığı əlillik təqaüdü də onların dolanışığını təmin edə bilmirdi. Onlar işsizlikdən sığortadan da faydalana bilmirlər.
    Azərbaycanda işsizlərin sayı 2023-cü ilin statistikasına görə 293300 nəfərdir ki, bu da işsizlik göstəricisinə əsasən 5,6 faiz edir.
    Belə hallarda İşsizlikdən Sığorta Fondu əhalinin köməyinə gəlir. Lakin fonda yığılan vəsaitin hara xərcləndiyini araşdıranda çox məyus olduq. Ekspert Fərid Mehrəlizadə bildirir ki, 2022-ci ildə İşsizlikdən Sığorta Fondu 164 milyon manat vəsait toplayıb.
    Bu vəsaitdən məşğulluq orqanlarının, DOST agentliyinin və Milli Observatoriyanın saxlanmasına toplam 70 milyon manat xərclənib. Yəni, İşsizlikdən Sığorta Fondunun xərclərinin 43 faizi məhz bu qurumların saxlanılmasına sərf edilib. Fond 2022-ci ildə işini itirən şəxslərə cəmi 8.1 milyon manat sığorta ödənişi edib. Bu, fondun bütün xərclərinin 3.5%-i deməkdir.
    Yoxsul kimə deyilir?
    Yoxsul olmamaq üçün yaşayış minimumu ödənilməlidir. Minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma ölkə üzrə 246 manatdır. Əmək qabiliyyətli əhali üçün minimum yaşayış norması 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manatdır.
    Könülün ailəsi yoxsul idi. Ona görə də o, valideynlərinin köməyinə sığınmaq üçün yenidən doğulduğu ucqar kəndə qayıdır. Körpə balasını onların köməyi ilə böyüdür.
    Həssas insanların (əlilliyi olan şəxslərin, şəhid ailələrinin, məcburi köçkünlərin və s.) sosial təminatı Azərbaycanın sosial təminat sisteminin əsas istiqamətlərindən biridir.

    Bununla bağlı müstəqil iqtisadçı Toğrul Vəliyevin fikirlərini olduğu kimi yazıram: “Hazırda dövlətin sosial siyasətində əsas məqsəd büdcə və DSMF-ə qənaət etməkdir. Belə ki, əlilliyi olan şəxslərin sayı 2020-ci ilin əvvəlinə 633,4 min nəfər olduğu halda, 2022-ci ilin yanvarın 1-nə isə artıq əlillik ilə bağlı ödənişləri alan şəxslərin sayı 554,5 min nəfərə kimi azaldı. Bu isə artıq ölkə əhalisinin 5,5%-dir. 2017-2021-ci illər ərzində isə yaşlı əhali sayının artmasına baxmayaraq, pensiya alan şəxslərin sayı 118 min azalıb. Müxtəlif tədbirlər hesabına dövlət icmal büdcəsi 862 milyon manata qənaət edib. Sosial siyasətdə birbaşa olaraq görmək olar ki, vəzifədəki şəxsin kimliyindən asılı olmayaraq, siyasətin məqsədi eynidir.Göründüyü kimi əas məqsəd sosial siyasəti həyata keçirərkən, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq yox, məhz qənaət əldə etməkdir.”
    Könülün qızı indi kənd baxçasına gedir. Çox dəcəl baladır. Könül var gücü ilə çalışır ki, validynlərinə çox da yük olmasın. Lakin, o həm əldən, həm də ayaqdan əlildi axı. Qızına böyük ümidlər bəsləyir.
    -Könül, əlillərin gündəlik rastlaşdıqları həlli vacib problemlər hansılardır?-deyə xəbər alıram.
    -Ən birinci problem şəhərlərdə pandus problemidir. Panduslar ya yoxdur, ya da ki, elə yarıtmaz qoyulub ki, oradan təhlükəsiz keçid mümkün deyildir. Ölkəyə əlillərin də minib düşməsi üçün nəzərdə tutulan avtobuslar gətirilsin. Əlillərə səhiyyə xidmətinin vəziyyəti yaxşılaşdırılsın. Dəfələrlə olub ki, Mehriban xanım Əliyevaya yazılı müraciət etdikdən sonra səhiyyə müəssisəsində məni qəbul ediblər. Bu Sumqayıt şəhərində yaşadığım vaxt olub. Sonra mənə deyirlər ki, “Niyə demirdin mən əliləm.” İnanın, nə deyəsini bilmədim. Mənim əlil olduğumu yalnız korlar görə bilməz. Mənim yaşadığım kənddən çıxış digər kəndə, Danaçı kəndinədir. Bu 6 kilometrlik bir məsafədir. Həmin yol çınqıl yoldur və çox bərbaddır. İstərdim ki, o yol asfalt olsun. Zaqatalaya rahat gedib-gələ bilim. Son olaraq isə bunu demək istəyirəm, әlillərə 4 ildən bir әlil arabaları paylanılır. Lakin reallıqda, Çin istehsalı olan vә cәmi bir neçə aydan sonra sıradan çıxan arabalar əlil vәtәndaşlarımızın növbәti 3-4 il ərzində fәrdi insanların mərhəmətinə möhtac qalmalarına gətirib çıxarır, dövlәt qayğısından məhrum edilməlәri ilә nəticәlənir vә hüquqları pozulur.
    Könüllə vidalaşıram. Yazını isə belə yekunlaşdırıram.
    Ümummilli Lider Heydər Əliyev çıxışlarının birində demişdi:"İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır".
    Dövlət tərәfindən əlillәrin hüquqlarının qorunması vә sosial tәminatının yaxşılaşdırılması istiqamətində tәlәb olunan işlәrin görülmәsinә real imkanlar vә maliyyə vәsaiti olmasına baxmayaraq, yalnız kiçik miqyaslı işlәr görülüb, yәni, bu işlәrin hәcmi və əhatə dairəsi əlillərin real ehtiyaclarının qarşılığında daha da artırılmalıdır. Azərbaycan Respublikasının әlillәrin hüquqlarının müdafiәsi vә sosial tәminatının yüksәldilmәsi üzrә Beynәlxalq Konvensiyaya qoşulması prosesinin davamı olaraq, bir sıra sәmərәli layihәlәr, ekspert qiymətlәndirmәlәri vә proqramlar hazırlanıb. Onların icrasının sәmərәliliyinә nail olunmasında dövlәtin rolu artırılmalıdır. Hesab edirik ki, әlillәr üçün müәyәn edilәn tәkliflәrә vә proqramlara dövlәt dәstəyi güclәndirilmәlidir.
    Elmira Mehdiyeva ,
    “Bu yazı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinin icra etdiyi “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” qrant layihəsi üzrə keçirilən müsabiqəyə təqdim olunur. Materiallarda istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir”.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR