Uşaqlarda hərarətin yüksəlməsi zamanı nə etməliyik? Bu, anaları ən çox düşündürən suallardandır.
Azadmedia.az xəbər verir ki, bu suala Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova aydınlıq gətirib. Həkimin sözlərinə görə ilk olaraq uşağın ümumi vəziyyətini, yəni aktivlik dərəcəsini, dəri örtüyünün rəngini və iştahasını dəyərləndirmək lazımdır. Əgər uşaqda baş, boğaz, qulaq və qarın nahiyələrində müşahidə olunan ağrıları, sutkada 5 dəfədən artıq davam edən qusma kimi hallar olarsa, subfebril (37.5⁰C) qızdırmada belə pediatra müraciət etmək tövsiyə olunur.
Digər tərəfdən, əgər 3 aydan kiçik uşaqda 38.0⁰C temperatur varsa və temperatur aşağı düşmürsə, yaxud sidik ifrazının azalması və dəri örtüyünün solğunlaşması kimi vəziyyətlər meydana gəlirsə, bu halda da həkim nəzarəti mütləq vacibdir.
Məlumdur ki, iki cür temperatur reaksiyası var. Əgər istilikyaranma ilə istilikvermə arasında balans qorunursa, “çəhrayı” qızdırma yaranır. Bu zaman dəri örtüyü isti, nəm, bir qədər hiperemik olması müşahidə olunur. Ümumi vəziyyəti kafi, ürək döyüntüsü və tənəffüsün sayı hərarətə mütənasib olur. Bu növ qızdırma insan həyatı üçün təhlükəli sayılmır.
Aytən xanım sonda bildirib ki, əgər mərkəzi sinir sisteminin zədələnməsi ilə qızdırma müşahidə olunursa, periferik damarlarda daralma gedir və istilikyaranma və istilikvermə arasında balans pozulursa, “ağ qızdırma” yaranır. Bu zaman dəri avazımış, mərmərşəkilli, ağız ətrafı sianoz, ətrafların soyuq olması halı müşahidə olunur. “Ağ qızdırma” daha təhlükəlidir və dərhal nəzarətə alınmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.