[
b]Bu gün "Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Müharibə Veteranlarını Tanıyaq, Tanıtdıraq" adlı layihə çərçivəsində, Suraxanı rayonu 146 saylı məktəbdə 44 günlük müharibənin döyüşçüləri ilə görüş keçirilib.[/b]QHT.az xəbər verir ki, öncə Azərbaycanın himni səsləndirilib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
"Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri, 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı Roza Əliqızı tədbiri açaraq, salondakıları salamlayıb və Qaziləri təqdim edib. Tədbirdə 7 Qazi iştirak edirdi. Roza Əliqızı bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmələrə, torpaqlarımızın azad olunmasında sağlamlığını, gözünü, qolunu, ayağını itirən döyüşçülərimizi tanıtmaqdır. Eyni zamanda məktəblilərdə vətənpərvərlik hisslərini yüksəltməkdir.
Qazilərdən Əbülfət Qurbanov, Xaris Nəsirov, Rafik Rəhimov, Ceyhun Məmmədzadə, Hacı Vəkiyev, Elmar Hüseyn çıxış edərək keçdikləri döyüş yollarından, xatirələrindən, müharibənin acı günlərindən və sonda zəfərdən danışıblar. Məktəb direktoru, müharibə veteranı Qasım müəllim də bu cür tədbirlərin məktəblərdə tez-tez keçirilməsinə ehtiyac olduğunu bildirib.
Sonda Roza Əliqızının 44 günlük müharibədə döyüş bölgəsində çəkdiyi şəkillərdən ibarət hazırladığı "buklet" məktəblilərə paylanıldı və Qazilərimizə təşkilat tərəfindən hazırlanan, Qazilərin şəkilləri yapışdırılan hədiyyələr verilib. Tədbir "Yaşa Azərbaycan" mahnısı sədaları altında məktəblilərin yüksək əhvali-ruhiyyəsi ilə sona çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.