AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Vətəndaş həmrəyliyinin gücləndirilməsi” adlı DƏYİRMİ MASA keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 8-06-2024, 10:03

    “Vətəndaş həmrəyliyinin gücləndirilməsi” adlı DƏYİRMİ MASA keçirilib - FOTOLAR


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Vətəndaş həmrəyliyinin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti dəyirmi masa Balakən rayonunun Kortala kəndində baş tutub.


    Bu barədə QHT.az saytına xəbər verən İctimai Birliyin sədri Elmira Mehdiyeva bildirib ki, bu dəfə də layihə tədbiri iştirakçıların fəallığı ilə diqqət çəkib. Tədbirdə iştirak edən yeniyetmə gənclər 44 günlük müharibənin həm də milli birliyimizin təntənəsi olması fikri ilə tam razı olduqlarını bildiriblər. Məhz ona görə də, tədbir bu qələbənin təminatçıları olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə öz işinə başlayıb.

    Layihənin ideyası, məram və məqsədi vətəndaş həmrəyliyinə töhfə vermək olduğu üçün ekspert İbrahim İbrahimov da öz çıxışını bu yöndə qurmuş, vətəndaş həmrəyliyinin vacib istiqamətlərini iştirakçılara konkret faktlar əsasında çatdırmağa çalışıb.

    Kortala kəndinin etnik tərkibi müxtəlifdir. Kənd əhalisinin əksəriyyəti azərbaycanlılar (muğallar-) və avarlardan ibarətdir. Bu kəndin gəncləri hər daim vətən və yurd sevdalıları olublar. Həm birinci Qarabağ savaşında, həm də 44 günlük müharibədə bu kənddən çox sayda gənc döyüşlərə getmiş və qəhrəmancasına vuruşmuşdur. Kəndin şəhidlərinin əziz xatirəsi hər zaman hörmətlə yad edilir. Dəyirmi masada da bu igid oğlanların qəhrəmanlığından söz açılır. Belə igidlər bir olub, həmrəy olub, eyni amal uğrunda döyüşüb və zəfər çalıblar. Bu isə yeniyetmələrə bir örnəkdir.

    Tədbir iştirakçıları bu gün də vətən müharibəsindəki birliyimizi, həmrəyliyimizi qorumağın vacibliyini vurğulamışlar. Kortala kənd Mədəniyyət evinin direktoru Şəfa Məmmədova, şagirdlərdən Elgün Qurbanov, Cumalı Məmmədov, Ləman Osmanova, Nigar Göndolova qeyd ediblər ki, unutqanlıq çox acı nəticələr verir. Xalqımızın tarixi hər daim təhrif olunub, məktəblərimizdə qonşu ölkələrin tarixi keçilib, öz tariximiz isə gizlədilib. İndi o gizlinlər üzə çıxmış və biz öz taleyini özü müəyyən edən müstəqil bir ölkənin vətəndaşlarıyıq. Onu göz bəbəyi kimi qorumalı, şəhidlərimizin qanı bahasına işğaldan azad olunmuş torpaqlarımızı bir daha işğalçılara verməməli və cənnətməkan Qarabağı abadlaşdırmağı bacarmalıyıq.

    Birinci Qarabağ müharibəsində Laçında şəhid olan Qurban Nağıyevin (Kortala kənd tam orta məktəbi onun adını daşıyır) əmisi qızı Laçın Kərimovanın göz yaşları hər kəsi kövrəltdi. Ona Laçın adı da təsadüfi verilməyib. O, Qurbanın Laçında şəhid xəbəri gələndən sonra dünyaya gəlib, Məhz ona görə də adını Laçın qoyublar. Ən böyük arzusu Laçına getməkdir.

    Tədbirdə iki bacı iştirak edirdi. Firuzə Umrayeva və Fidan Eminova. Onlar birinci Qarabağ müharibəsinin şəhidi Əvəz Quliyevin qızlarıdır. Ataları Laçında şəhid olanda onlar hələ körpə olublar. Firuzə qeyd edir ki, 44 günlük müharibədə atamın da qisası alındı. Bu müharibə birliyimizin, həmrəyliyimizin təntənəsi idi. Bundan sonra da istər o torpaqların dirçəldilməsində, istərsə də xarici hücumların qarşısının alınmasında bu həmrəyliyi hər zaman qoruyub saxlamalıyıq.

    Kortala kənd tam orta məktəbinin müəllimi Aysel Məmmədova bildirir ki, 44 günlük müharibə zamanı şəhidlərimiz üçün nə qədər kədərlənirdiksə, azad olunan torpaqlarımıza görə bir o qədər sevinir, qürur hissi keçirirdik. Məktəbimizdə milli birliyin, həmrəyliyin nə qədər vacib olması şagirdlərə hər daim aşılanır. Bununa bağlı çoxsaylı tədbirlər keçirilir. Böyüyən nəsil şərəfli tariximizi yaxşı bilməlidir ki, bir daha mənfur düşmənin hücumuna məruz qalmasın. Bütün qələbələrimizin əsasında birliyimiz, həmrəyliyimiz durur. Gənclərin özünü ifadə etmə bacarıqlarının artırılmasında belə tədbirlərin rolu böyükdür.

    Tədbir çay süfrəsi ətrafında davam edib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR