Qax şəhəri, şəhid Eldar Babayev adına 4 saylı tam orta məktəbdə şagirdlərin vətənpərvərlik hisslərinin artırılması, 44 günlük müharibədə Azərbaycan əsgərinin göstərdiyi şücaətin təbliği, bu qələbənin təminatı olan milli birliyimiz və həmrəyliyimizin şagirdlərə aşılanması istiqamətində mütəmadi olaraq iş aparılır. Bu istiqamətdə “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyi də məktəblə həmrəy olduğunu burada keçirilən “Dəyirmi masa”da bir daha vurğuladı.
QHT.az xəbər verir ki, bu günlərdə İctimai Birlik Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qax, Zaqatala və Balakən rayonlarında icra etdiyi “Vətəndaş həmrəyliyinin gücləndirilməsi” layihəsinin icrası çərcivəsində burada dəyirmi masa təşkil etmişdir. Dəyirmi masa şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri və layihənin rəhbəri Elmira Mehdiyeva açaraq iştirakçıları layihənin məqsəd və məramı ilə ətraflı tanış edir. O qeyd edir ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı vahid amal - ana Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq birləşdirir. Azərbaycançılıq Azərbaycan dövlətinin ideoloji əsasını təşkil edir. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bunu bir daha təsdiqlədi. Ermənistanın Azərbaycana qarşı üç onillik ərzində həyata keçirdiyi işğalçılıq siyasətinə son qoyuldu.
Layihənin eksperti İbrahim İbrahimov bildirir ki, 44 günlük müharibədə qazanılan şanlı qələbə bizlərə sonsuz sevinc və qürur hissi bəxş etməklə bərabər, məsuliyyət hissimizi də birə-beş qat artırıb. Hazırda bütün dünyada arzuolunmaz proseslər müşahidə edilir. Ayrı-ayrı güc mərkəzləri tərəfindən milli dövlətlərə təzyiqlər göstərilməsi artıb. Bütün bu reallıqların fonunda hər bir azərbaycanlı özünün və övladlarının ana Vətənlə əlaqələrinin daha da möhkəmlənməsinə, nəsillər arasında əlaqələrin qorunmasına, həmrəyliyimizin daha da möhkəmlənməsinə çalışmalıdır.
Məktəbin direktodu Rübail Əfəndiyeva Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “Vətəndaş həmrəyliyinin gücləndirilməsi” layihəsinin məqsəd və məramının bu günümüz üçün çox aktual olduğunu qeyd edir. O qeyd edir ki, azad və müstəqil vətəni olmayan xalq və millət öz ləyaqəti, milli mentaliteti ilə öyünə bilməz.
Torpağını qorumağı bacarmayan xalqa və millətə özgə xalqlar və millətlər hörmətlə yanaşmazlar, çünki torpaq xalqın qeyrəti və ruhudur. Odur ki, məktəblərimizdə vətənə, millətə layiq vətəndaş yetirməyi davam edirik.
Qax rayon gənclər və idman sektorunun müdiri İlqar Qədimov, məktəbin şagirdlərindən Nuran Omarov, Nurlan Həmzəli, Sevinc Kavuzova, Elmira Balacayeva və başqaları da milli həmrəyliyin qorunmasının vacibliyindən ətraflı danışdılar. Qeyd olundu ki, həmrəyliyimiz güc mənbəyimizdir. İştirakçılar belə debatların onlara öz fikirlərini ifadə etmək bacarığı aşıladığını, ətrafda baş verənlərə doğru dürüst təhlil vemə qabiliyyətini formalaşdırdığını dönə-dönə vurğuladılar.
Tədbir çay süfrəsi arxasında davam edib.