“Ekoleks” Ekoloji Hüquq Mərkəzi ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşayış binalarında yaşıl düşüncə ilə enerji səmərəliyinin artırılması” layihəsini icra edir.
QHT.az xəbər verir ki, bu barədə Ekoleks ekoloji hüquq mərkəzinin direktoru Sevil İsayeva məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4233 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 2024-cü il, habelə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı şəhərində keçirilməsi ilə əlamətdardır. Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər, daha dayanıqlı gələcəyə doğru birgə fəaliyyətin əsasını qoyur və ekoloji həmrəylik və idarəçilik sahəsində ölkəmizin liderlik rolunu vurğulayır.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ilə müəyyən edilən 5 milli prioritetdən biri “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”, problemin effektiv reallaşdırılmasına nail olunmalı iki məqsəddən biri isə “yaşıl enerji məkanı”dır. Yaşıl enerji məkanı, ölkədə enerjidən səmərəli istifadə edilməni nəzərdə tutur.
09.07.2021-ci il tarixdə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Qanuna əsasən dövlət, enerji istehlakında normadan artıq enerji sərfiyyatının və itkilərinin aradan qaldırılmasını və bu məqsədə nail olmaq üçün o cümlədən enerji effektivliyinin pasportlaşdırılmasının həyata keçirilməsini təmin etməlidir. 22.05.2022-ci il tarixdə həmin qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən, qanunun tələbləri yaşayış binalarına da aid edilib.
Enerji səmərəliliyi qaydalarını tətbiq edən digər ölkələrin təcrübəsindən görünür ki, ətraf mühitin mühafizəsinə yönəlmiş bu mühüm tədbirlər kompleksi enerji istehlakçısı olan insanların həyatına və iqtisadi vəziyyətlərinə əhəmiyyətli təsir edir. Qanuna əsasən qəbul ediləcək dövlət proqramlarının və normativ hüquqi aktların Strateji Ekoloji Qiymətləndirilməsi həyata keçirilməlidir ki, bu da yalnız ətraf mühitə deyil, eyni zamanda sosial mühitə təsirlərin də qiymətləndirilməsini ehtiva edir.
Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən hazırlanan və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları”na, yaşayış binası və mənzil mülkiyyətçiləri olan istehlakçıların təkliflərinin nəzərə alınması üçün vəkilliyin həyata keçirilməsini nəzərdə tutur.
“İctimai iştirakçılıq haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunları və Strateji ekoloji qərarların qəbul edilməsində ictimaiyyətin iştirakını nəzərdə tutan “Ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı BMT Avropa İqtisadi Komissiyasının Konvensiyası” (Orxus Konvensiyası), QHT-lər tərəfindən ictimaiyyətin məlumatlandırılmasını və qərarların qəbul edilməsində onun iştirakı imkanlarını nəzərdə tutur.
Enerji səmərəliliyi üzrə tədbirlər barədə həm istehlakçılar – bina və mənzil mülkiyyətçiləri məlumatlandırılmalı, enerji səmərəliliyi üzrə qərarların onların həyatına təsiri olduğu üçün bu qərarların hazırlanmasında iştirakları təmin edilməlidir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən layihə, mövcud siyasət sənədlərinə və qanunvericiliyə əsasən yaşayış binalarında enerji səmərəliliyinə nail olunması üzrə Azərbaycan hökuməti tərəfindən qərarların və tədbirlərin hazırlanmasında effektiv ictimai iştirakçılığı təmin etmək üçün uğurlu beynəlxalq təcrübəyə əsaslanan, milli siyasət, hüquq və ənənələr nəzərə alınmaqla tövsiyə edilən bilik və təcrübələr barədə ictimaiyyətin məlumatlandırılmasını, ictimai müzakirələrin təşkilini və ictimai vəkilliyi nəzərdə tutur.
Layihə, Avropa İttifaqının “Binaların enerji səmərəliliyinə dair” 2002/91/EC, 2010/91/EC Direktivlərinə və onların yenilənməsi üzrə təkliflərə, Direktivlərin icrası üzrə Yol xəritələri və Hesabatlar nəzərə alınmaqla, yaşayış binalarında enerji səmərəliliyinin tətbiqi üzrə Avropa təcrübəsini, onun Azərbaycana tətbiqi üçün milli siyasət sənədlərinin və qanunvericiliyinin tələblərinin və imkanlarının, pilot ərazi olan Yasamal rayonunun yaşayış binalarında enerji istehlakının vəziyyətinin araşdırılması qiymətləndirmə hesabatlarının hazırlanması, istehlakçılar olan bina və mənzil mülkiyyətçiləri, yerli icra hakimiyyəti, bələdiyyə, MİS, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri, QHT-lər, mütəxəssislər, ETSN və EN kimi hədəf qruplarının iştirakı ilə debatların, o cümlədən KİV-də təşkilini, enerji səmərəliliyi ilə bağlı benefisiarlar üçün tövsiyələrin hazırlanmasını nəzərdə tutur.
Layihə, yaşayış binaların enerji səmərəliliyinə nail olunması ilə əlaqədar beynəlxalq təcrübəyə əsaslanan dövlət proqramlarının və qanunvericiliyin hazırlanması və yenilənməsi üçün təkliflərin hazırlanması, ictimai müzakirəsi nəzərdə tutur.