“Sosial Dayaq” İctimai Birliyi Siyəzən rayonunda “Sağlamlıq imkanları məhdud uşaqlara qayğı tədbirləri” adlı layihənin icrasına başlayıb. QHT.az xəbər verir ki, layihə rəhbəri Qərənfil Niftəliyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir: "Layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar müəyyən olunacaq, onların ehtiyacları mütəxəssislər tərəfindən öyrəniləcək və hər bir uşağa ehtiyacına uyğun qayğı tədbirləri təşkil olunacaq. Təlimlər uşaq mütəxəssisləri tərəfindən aparılacaq. Təlimlər zamanı yaş normativləri nəzərə alınmaqla hər uşaq üçün ayrı-ayrılıqda təlim qaydaları hazırlanacaq".
Qərənfil Niftəliyeva həmçinin bildirib ki, təlimlərdə valideynlər də iştirak edəcəklər, onlar öz uşaqları ilə ünsiyyət qurmaq, onlara erkən yardım göstərmək bacarıqları əldə edəcəklər: "Valideynlərə uşaqları ilə ev şəraitində necə məşğul olacaqları barədə məlumatlar veriləcək. Uşaqların sağlamlığı məqsədilə dövlət uşaq tibb müəssisələrinin əlçatanlığının təmin olunması və uşaqlara xidmət göstərən mərkəzlərlə əlaqələr yaradılacaq. Uşaqlara qayğı tədbirlərinin təşkili, onların sosial bacarıqlar əldə etməsi, fiziki-mənəvi inkişafı digər uşaqlarla bərabər cəmiyyətdə müstəqil iştirak etməsinə müsbət təsir göstərəcəkdir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.