“İstedadları Tanıyaq və Tanıdaq“ İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi ilə “Regionlarda istedadlı gənclərin inkişafına dair tədbirlər” adlı layihəni icra edir. Layihə çərçivəsində 27 iyun 2024-cü il tarixində S.Vurğun adına Şəki şəhər Folklor evində müsabiqə keçirildi. Müsabiqədə Təşkilatın əməkdaşları Nargül Quliyeva, Yaşar Quliyev, S.Vurğun adına Şəki şəhər Folklor evinin direktoru Şahmar Əsədov, Şəki şəhər Mədəniyyət mərkəzinin direktoru Cəlilov Ağəli, musiqi məktəblərinin direktorları, müəllimlər, uşaqlar və valideynlər iştirak etdi.
QHT.az xəbər verir ki, İstedadları Tanıyaq və Tanıdaq İB-nin sədri Vüsalə Sadıqova (Qələndərli) çıxış edərək rayon sakinlərini salamlayıb və bildirib ki, layihə çərçivəsində regionlarda yaşayan istedadlı uşaq və gənclər aşkarlanacaq və tanınması üçün şərait yaradılacaq. " Dövlətimizin çox gözəl gənclər siyasəti var. Biz də təşkilat olaraq gənclər siyasətini layiqincə davam etdirməyə çalışırıq. Bu məqsədlə layihələrimizi yalnız Bakı şəhərində deyil regionlarımızda da icra edirik. Müsabiqələr nəticəsində Regionlarda yaşayan İstedadlı uşaq və gənclər aşkarlanacaq və tanınması üçün şərait yaradılacaq. Onlarla davamlı və uzunmüddətli əlaqədə olacağıq, onların daha çox tanınması və inkişafı üçün əlimizdən gələni edəcəyik. Əziz balalar, əmin olun ki, dövlətin diqqət və qayğısını hər zaman hiss edəcəksiz, yetər ki, öz üzərinizdə çalışın"-deyə təşkilat sədri əlavə edib. Daha sonra bir-birindən maraqlı çıxışlar olub. Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, birlik layihə çərçivəsində daha sonra Ucar, Gədəbəy rayonu və Bakıda müsabiqə keçirəcək. Qaliblər avqust ayında Bakıda hədiyyə və diplomla mükafatlandırılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.