“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində Milli QHT Forumunun Şirvan Regional QHT-lərin Resurs və Təlim mərkəzində növbəti seminar keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Şirvan şəhər Mədəniyyət Mərkəzinin, Şirvan Gigiyena və Epidemiologiya Mərkəzinin, şəhər Mərkəzi Xəstəxanasının əməkdaşları iştirak ediblər. Layihənin rəhbəri Əli Mirzəyev layihənin məqsədləri, görülən işlər, əldə olunan nəticələr, qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verdi. O, qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu məqsədlə gənclər arasında maarifləndirmə tədbirləri həyata keçirilir. Bizim təşkilat da bu proseslərdə iştirak edir. Layihə çərçivəsində Şirvan İqtisadiyyat və Humanitar Kollecində, Şirvan Peşə Litseyində, Şirvan Gənclər evində seminarlar təşkil edilib, bu tədbirlərə 200-dən çox tələbə və gənclər cəlb edilib. Bundan başqa təşkilatın könüllüləri Kür çayının sahilində ümumşəhər iməciliyində iştirak edib, H. Əliyev adına parkda iməcilik və fləşmob təşkil olunub.
Müzakirələrdə Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Mirələm Mustafayev məişət tullantılarının utilizasiyası lazımi qaydada aparılmır və buna görə də ətraf mühitə kifayət qədər zərərli tullantı atılır. Mədəniyyət Mərkəzinin işçisi Rövşən Babayev çıxışında qeyd etdi ki, hər şey ailədən başlayır və ekoloji tərbiyə, ətraf mühitə diqqət və s. məsələlər də ailədən başlamalı, bağçada və məktəbdə davam etdirilməlidir.
Çay süfrəsi arxasında müzakirələr davam etdirildi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.