AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Finlandiya parlamentində Rusiya ilə sərhəddə tank əleyhinə maneələrin tikintisi dəstəklənib

  • + A
  • - A
  • Bu gün, 14:51

    Finlandiya parlamentində Rusiya ilə sərhəddə tank əleyhinə maneələrin tikintisi dəstəklənib


    Finlandiya parlamentinin Müdafiə Komitəsinin sədri Heikki Autto Rusiya ilə sərhəddə tank əleyhinə maneələrin inşa edilməsi təklifini dəstəkləyib.

    Bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

    Auttonun sözlərinə görə, Ukraynadakı müharibənin təcrübəsi göstərir ki, müdafiə istehkamları sülh dövründə qurulmalıdır. O hesab edir ki, mümkün hərbi qarşıdurmanın ilkin mərhələsində rəqibə 50 kilometr ərazini ələ keçirməyə imkan verildiyi təqdirdə, sonradan həmin əraziləri geri qaytarmaq olduqca çətin olacaq.

    “Bloomberg” yazır ki, Finlandiya ordusunun ənənəvi müdafiə strategiyası zərurət yarandıqda ərazinin bir hissəsini müvəqqəti olaraq güzəştə getməyi, rəqibi ölkənin daha dərinliklərinə cəlb etməyi və əlverişli mövqelərdən əks-hücuma keçməyi nəzərdə tutur.

    Autto isə sülh dövründə sərhədin möhkəmləndirilməsi yanaşmasının Finlandiyanın ənənəvi hərbi düşüncə tərzindən fərqləndiyini vurğulayıb.

    Təklifi parlamentin müxalif Sosial Demokratlar Partiyasından olan Müdafiə Komitəsinin üzvü Mika Kari də dəstəkləyib. O bildirib ki, NATO-nun Rusiya ilə sərhədinin təxminən yarısı Finlandiyanın payına düşsə də, sərhədlərin möhkəmləndirilməsi məsələsinə yalnız Finlandiyanın daxili problemi kimi deyil, bütün alyansın müdafiə strategiyasının tərkib hissəsi kimi baxılmalıdır.

    Xatırladaq ki, Finlandiya 2023-cü ilin payızında Rusiya ilə quru sərhədindəki bütün keçid məntəqələrini bağlayıb. 2026-cı ilin sentyabrına qədər isə sərhəd boyunca 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb. Layihənin dəyəri 356 milyon avro təşkil edib.

    Qeyd edək ki, noyabr ayında Almaniyanın “Bild” nəşri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı qeyri-rəsmi danışıqlarda Moskvanın Finlandiyanın NATO-dan çıxmasını tələb etdiyini yazmışdı. Lakin Kreml bu məlumatı təkzib edib.

    Finlandiya Prezidenti Aleksandr Stubb isə ölkəsinin NATO-dan çıxmaq niyyətində olmadığını bildirib və Rusiyanın belə bir tələb irəli sürdüyü barədə heç vaxt məlumat almadığını qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR