İran TRIPP layihəsinin icrasını diqqətlə izləyəcək. BƏQAİ

İran Ermənistanın TRIPP layihəsi ilə bağlı verdiyi vədlər və təminatlarla kifayətlənmək niyyətində deyil. Tehran layihənin icrasını diqqətlə izləməyə və zərurət yaranacağı təqdirdə müvafiq tədbirlər görməyə hazırdır.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik mətbuat konfransında bildirib.
Jurnalistlərin Cənubi Qafqazda mümkün geosiyasi dəyişikliklər və İran sərhədləri yaxınlığında regiondankənar qüvvələrin mövcudluğu ilə bağlı risklər barədə suallarını cavablandıran Bəqai qeyd edib ki, TRIPP məsələsi yalnız Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə aid deyil, dövlət səviyyəsində əhəmiyyət daşıyır.
“Biz digər tərəflərin yalnız vədləri və təminatları ilə kifayətlənmək niyyətində deyilik. Bu məsələ təkcə Xarici İşlər Nazirliyinə aid deyil, dövlət miqyaslı məsələdir. Ölkənin bütün aidiyyəti qurumları vəziyyətin inkişafını diqqətlə izləyir və zərurət yaranarsa, lazımi tədbirlər görəcəklər”, – deyə İran rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, Tehranın prinsipial mövqeyi dəyişməz olaraq qalır. İran Cənubi Qafqazda iqtisadi əlaqələrin inkişafını və nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyir. Bununla yanaşı, proses zamanı qonşu və region dövlətlərinin maraqlarının nəzərə alınmasını, eləcə də regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməməsini vacib hesab edir.
Bəqai xüsusilə üçüncü ölkələrin və qüvvələrin regiona müdaxiləsinin qarşısının alınmasının əhəmiyyətini qeyd edib. Onun fikrincə, belə qüvvələrin mövcudluğu regional təhlükəsizliyə təhdid yarada, sabitliyi poza və İranın qonşu dövlətlərlə münasibətlərinə mənfi təsir göstərə bilər.
İran XİN sözçüsü Ermənistanla münasibətlərə də toxunaraq bildirib ki, iki ölkə arasında qarşılıqlı etimad Ermənistanın müstəqillik əldə etdiyi dövrdən bəri formalaşıb.
“Şübhəsiz ki, heç bir tərəf bu etimadın regionumuzda sülh və sabitliyə əhəmiyyət verməyən üçüncü ölkələrin müdaxiləsi nəticəsində təhlükə altına düşməsində maraqlı deyil”, – deyə Bəqai bildirib.
O, İranın sərhədləri yaxınlığında hər hansı hərbi və ya güc strukturunun yerləşdirilməsini qəbuledilməz hesab etdiyini də xatırladıb. Bəqainin sözlərinə görə, Ermənistan tərəfi Tehrana lazımi təminatlar verib və iki ölkə arasında münasibətlər yüksək etimad səviyyəsi ilə xarakterizə olunur.
Bununla belə, İran həmin etimadı layihənin digər iştirakçılarına şamil etmək niyyətində deyil.
Bəqai əlavə edib ki, Tehran TRIPP ətrafında baş verənləri izləməkdə davam edəcək və Ermənistanın müvafiq qurumları ilə sıx təmasları qoruyub saxlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.