Azərbaycan – Vyetnam münasibətləri geniş əməkdaşlıq perspektivlərinə malikdir

Xanlar Fətiyev,
Milli Məclisin deputatı
Azərbaycanın Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələri son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu sırada respublikamızın Vyetnamla münasibətləri xüsusi qeyd edilməlidir. Tarixi dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Azərbaycan–Vyetnam əlaqələri hazırda siyasi dialoqun, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə tərəfdaşlığın gücləndirilməsi istiqamətində inkişaf edir.
Noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedən Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi geniş müsahibə iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın perspektivlərini və Azərbaycanın Cənub-Şərqi Asiya regionuna yönəlmiş siyasi-iqtisadi prioritetlərini dəyərləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan–Vyetnam münasibətləri ötən əsrin ortalarından başlayır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri iki xalq arasında əlaqələrin qurulmasında mühüm hadisə olub. 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfəri iki xalq arasındakı dostluğu daha da möhkəmləndirib. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra isə dostluq ənənələri qorunub saxlanılıb və yeni siyasi reallıqlara uyğun olaraq inkişaf etdirilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri qarşılıqlı siyasi dialoqun intensivləşməsində mühüm rol oynayıb. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri isə münasibətlərin inkişafını yeni mərhələyə daşıdı. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın - Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi məntiqi nəticə oldu. Bu sənəd münasibətlərin siyasi-hüquqi əsaslarını möhkəmləndirməklə yanaşı, gələcək əməkdaşlığın daha geniş və sistemli müstəvidə inkişafı üçün əlverişli zəmin yaratdı. Birgə Bəyanatın imzalanması həm də onu göstərir ki, hər iki ölkə qarşılıqlı münasibətlərin dərinləşdirilməsi üçün yüksək siyasi iradə nümayiş etdirir.
Prezident İlham Əliyevin müsahibəsində toxunduğu məsələlərdən biri də Azərbaycan–Vyetnam iqtisadi-ticari münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlıdır. Dövlət başçısının diqqətə çatdırdığı statistik məlumatlara əsasən, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Lakin dövlət başçısının çox düzgün olaraq qeyd etdiyi kimi, bu göstərici mövcud imkanları tam əks etdirmir. Çünki hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir.
Bu baxımdan Prezident İlham Əliyev energetika, nəqliyyat və logistika sahəsində əməkdaşlığa diqqət çəkərək iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün geniş potensialın olduğunu vurğuladı. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsi üçün yeni imkanlar formalaşdırır. Bununla yanaşı, günəş və külək enerjisi, kənd təsərrüfatı, sənaye və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi, Vyetnam biznesinin Azərbaycana daha çox cəlb edilməsi üçün də geniş imkanlar mövcuddur. Dövlət başçısının misal göstərdiyi Vyetnamın “ROX Group” şirkətinin Azərbaycanda əməkdaşlıq imkanlarını genişləndirməsi bu baxımdan mühüm nümunədir.
Nəqliyyat və logistika sahəsi də Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin inkişafına xidmət edən əməkdaşlıq istiqamətlərindən biridir. Xüsusilə qeyd olunmalıdır ki, respublikamızın əlverişli coğrafi mövqeyi və yaratdığı nəqliyyat infrastrukturu Vyetnama dünya bazarlarına çıxış üçün səmərəli və əlverişli imkanlar təqdim edir. Prezident İlham Əliyev müsahibəsində bu məsələyə də toxunaraq bildirib ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Dövlət başçısının açıqladığı rəqəmlərə əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında iki ölkə arasında tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu faktın özü göstərir ki, nəqliyyat-logistika sahəsində əməkdaşlıq real nəticələr verir.
Azərbaycan–Vyetnam münasibətlərinin möhkəmlənməsində humanitar, mədəniyyət və təhsil sahələrində yaradılan əlaqələr də mühüm rol oynayır. Öncə onu qeyd edək ki, iki dövlətin təhsil sahəsində əlaqələrinin tarixi ənənələri var. Prezident İlham Əliyev müsahibədə bununla bağlı deyib:
“Sevindirici haldır ki, bu akademik əlaqələr zəngin tarixi ənənələrə əsaslanır: hətta sovet dövründə belə, təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb və sonradan əldə etdikləri bilik və təcrübəni vətənlərinin rifahı naminə uğurla tətbiq edib”.
Bu gün isə dərinləşən Azərbaycan–Vyetnam əlaqələri humanitar, mədəniyyət və təhsil sahələrində yeni məzmun qazanır. Bu əlaqələrin inkişafında Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməliyik. Cənab İlham Əliyevin müsahibədə bildirdiyi kimi, Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir. Ümumilikdə iki dövlət arasında getdikcə dərinləşən mədəni dialoq münasibətlərin inkişafına mühüm töhfələr verir.
Bütövlükdə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi geniş müsahibədə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan–Vyetnam münasibətlərində yeni səhifə açılıb və əməkdaşlığın inkişaf perspektivləri genişdir. Bu baxımdan Prezident İlham Əliyevin Vyetnama reallaşan rəsmi səfəri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Vyetnam əlaqələrinin daha da genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının və təşəbbüslərinin reallaşdırılmasına xidmət edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.