NAZİRLİK DEPUTATI TƏXRİBATDA İTTİHAM ETDİ – “Nə varsa onu açıqlayıb deyirəm…”
“Maliyyə naziri Samir Şərifovun dekabrın 4-də dövlət televiziyasına müsahibəsi zamanı manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlər tam aydın və başadüşüləndir və bu açıqlamanı devalvasiya anonsu kimi yozmaq ya düşünülmüş təxribatdır və ya diletant yanaşmadır”
Bunu jurnalistlərə açıqlamasında Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.
O bildirib ki, bəzi dırnaqarası ekspertlər və iqtisadçılar maliyyə nazirinin fikirlərini müəyyən qədər konteksdən çıxararaq onun mahiyyətini bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkələrdə və bir sıra saytlarda təhrif etməyə cəhd göstərirlər. Lakin deputat Vahid Əhmədov kimi təcrübəli siyasətçinin, Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü olan bir adamın 2019-cu ilin büdcə müzakirələrindən bir neçə gün sonra maliyyə nazirinin manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə ziddiyyətli və təxribat xarakterli münasibət bildirməsi yalnız təəssüf doğurur: “Nazir çıxışı zamanı bildirib ki, manatın məzənnəsinin kəskin, ifrat möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir, idxal üçün cəlbedici vəziyyət yaradır ki, bu da Azərbaycan dövlətinin marağında deyil. Məhz buna görə də son illərdə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatların tərkib hissəsi kimi yeni Büdcə Qaydası qəbul edilib ki, bu qayda ilə neft sektorundan xarici valyutada daxilolmaların dövlət tərəfindən dövlət büdcəsində müəyyən edilən çərçivədə daxili valyuta bazarında satışı tənzimlənsin. Çünki neft daxilolmalarının artıqlığı zamanı onların daha çox istifadəsi manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiq yaradır. Bu isə maliyyə nazirinin qeyd etdiyi kimi ixraca mənfi təsir edir, idxalın isə artmasına səbəb olur ki, bu da milli istehsal üçün, o cümlədən ixracla məşğul olanlar üçün faydalı deyil. Ona görə də bu mənfi təsirləri aradan qaldırmaq üçün dövlət büdcəsinin xərcləri qeyd olunan münbit çərçivədə saxlanılmalıdır”.
Maliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, bu gün əldə edilmiş makroiqtisadi sabitlik və onun gələcəkdə qorunub saxlanılması məhz Büdcə Qaydasına riayət olunması, büdcə siyasətinin Mərkəzi Bank tərəfindən yürüdülən monetar siyasətə dəstəyi ilə sıx əlaqəlidir. Bu isə manatın mövcud məzənnəsinin sabit saxlanılmasını hal-hazırda təmin edir və bundan sonrada təmin edəcək.
“Maliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbərinin verdiyi fikirlərə müsbət yanaşıram. Samir Şərifovun fikrinə də münasibətim normaldır. Həmçinin, nazirlə münasibətlərimiz də normaldır”. Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Vahid Əhmədov Maliyyə Nazirliyinin rəsmisinin onu təxribatçı adlandırmasına münasibət bildirərkən deyib.
O bildirib ki, mətbuata verdiyi müsahibədə devalvasiyanın olmamasının səbəblərini açıqlayıb: “Neftin qiyməti yüksəkdir. İdxal və ixrac əməliyyatlarında müsbət saldo var. Manatın kütləsi qorunub saxlanılır. Yəni, devalvasiya üçün heç bir əsas yoxdur. İkincisi də, devalvasiya olanda çox ciddi nəticələri olur. Biz 2015- ci ilin devalvasiyasını hələ yaddan çıxarmamışıq. Bizim banklarımız hələ də özünə gələ bilməyib. Əhali çox əziyyət çəkir. Bütün bunları və faktiki vəziyyəti nəzərə alaraq əhalini müəyyən qədər sakitləşdirməyə çalışmışam. Yəni, elə bir ciddi problem yoxdur. Devalvasiya hazırda gözlənilmir.
Onların məni təxribatçı adlandırımağını başa düşə bilmirəm. Nə varsa onu açıqlayıb deyirəm. Mən mətbuatdan heç vaxt qaçmamışam və qaçmaq da fikrim yoxdur. İndi görünür ki, fikirlərim kiminsə xoşuna gəlmir. Ona görə bu vəziyyət ola bilər. Sadəcə analiz verib prosesə qiymət vermişəm.
Orda deyildiyi kimi manatı saxlamaq bu gün Azərbaycanda müəyyən qədər əhali üçün, həm də dövlət üçün vacibdir. Sahibkarlar, istehlakçılar bundan müsbət nəticələr əldə edirlər. İxraca qalanda isə bizim ixracımız əsasən neft və qazdır. Son vaxtlar kənd təssərrüfatı məhsulları ixrac olunmağa başlayıb. Manatın dayanıqlığı mühüm amillərdən biridir. Türkiyədə, Rusiyada, İranda nə kimi hadisələrin baş verdiyini gördük. Bu, dövlət başçımızın müsbət addımlarımndan biridir ki, manatın qorunub saxlanılmasını nəzarətdə saxlayır ki, əhalimiz əziyyət çəkməsin”.