XİN:"Zorakılıq aktını pisləyirik"
Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda baş vermiş hücum nəticəsində həlak olan iki İsrail diplomatının ailələrinə və İsrail dövlətinə başsağlığı verib.
Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Biz qorxu və bölücülük yaratmağa çalışan bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik", - deyə məlumatda qeyd olunub.
Öldürülən şəxslər İsrailin Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin əməkdaşlarıdır.
Hadisə paytaxt Vaşqintonda yəhudi muzeyi yaxınlığında baş verib.
Sözügedən şəxslərin cütlük olduğu bildirilir.
Onlar muzeydən çıxdıqdan sonra hücuma məruz qalıblar.
Kişi və qadın muzeydə qəzzalılara yardım etmək üçün fəaliyyətə dair tədbirdə iştirak ediblər.
Qətli törətməkdə şübhəli bilinən 30 yaşlı Elias Rodriges adlı şəxs həbs olunub.
O, həbs olunduqdan sonra “Azad Fələstin” şüarı səsləndirib.
Şəxsin terror təşkilatı ilə əlaqəli olub-olmadığı araşdırılır.
İsrailin xarici işlər naziri Gideon Saar isə artıq hadisəni terror aktı adlandırıb.
Birləşmiş Ştatlar prezidenti Donald Tramp da hücumun kədərli hadisə olduğunu və anti-semitik ruhda törədildiyini deyib. Bu arada, İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” hadisədən dərinin sarsıntı keçirdiklərini yazıb.
Onun sözlərinə görə, hücum zamanı qətlə yetirilən diplomatlar Yaron və Sara gələn həftə nişanlanmalı idilər.
“Bunun əvəzində isə, biz onları kədərlə dəfn etməyə hazırlaşırıq. Azərbaycan xalqına həmrəyliyinə, Azərbaycan hökumətinə isə bu gözəl ölkədə İsrail diplomatlarını və yəhudi icmasını qorumaq üçün göstərdiyi sarsılmaz öhdəliyinə görə təşəkkür etmək istəyirəm” – deyə o, əlavə edib.