“Russkiy vkus” kolbasaları da zay çıxdı: “Səhliyalı” xalqa nə yedirir?
Bu günlərdə istehlakçılardan biri mağazadan “Səhliyalı” şirkətinin məhsulu olan “Russkiy vkus” kolbasası alıb
Cahan.info-nun məlumatına görə, istehlakçı sosial şəbəkədəki statusların birində şərh yazıb.
O, aldığı həmin kolbasanın zay çıxdığını bildirib: “7 manat, 80 qəpik verib aldım, evə gətirdim, dilim-dilim kəsməkə istəyəndə kolbasa partladı, ikiyə bölündü. Sanki içi şişmişdi.
Sonra dadına baxdım, üzərində qızartılar əmələ gəlmişdi. Belə məhsulu uşaqlarımıza, ailəmizə necə yedirək? Bu firma öz evinə kolbasa alıb aparmırmı?”
İstehlakçı kolbasa alarkən diqqətli olmağa, məhsulun istehsal tarixinə baxmağa, “Russkiy vkus” məmulatlarından uzaq durmağa çağırış edib.
Onun sözlərinə görə, Azərbaycanda yerl istehsal olan kolbasa-sosiska məhsullarının keyfiyyətsiz olduğuna bir daha əminləşdi: “Mən daha evə heç bir yerli kolbasa-sosiska almaram. Həmişə Belarus, Ukrayna, Rusiya məhsullarına üstünlük verirəm. Amma bu dəfə yerli malı testdən keçirmək istədim.
Bu da nəticəsi...”
Qeyd edək ki, “Səhliyalı” şirkətinin məhsullarından tez-tez şikayətlər edilir. Firmanın “1000 bərəkət, halal nemət” əmtəə nişanlı məhsullarının da təhıükə saçdığı haqda məlumatlar yayılıb.
Söhbət "Səhliyalı” şirkətinin "Halal nemət, 1000 bərəkət” markalı məhsulundan siçan nəcisi çıxmasından gedir.
Bu haqda ilk olaraq cebhe.info şəkillər yaymışdı. Kəmalə Qasımova ad-soyadlı istehlakçı "Halal nemət, 1000 bərəkət”in "Manqalüstü” sosisinin içindən siçan nəcisi tapmışdı.
"20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən "Araz” marketdən sosisi aldım, evə gəlib, yemək hazırlayanda, xoşagəlməz mənzərə ilə üzləşdim”, – deyə şikayətçi bildirib.
K.Qasımova sosisin şəkillərini çəkərək, redaksiyaya təqdim edib. Fotolara baxan zaman efirdə gecə-gündüz reklamı gedən bu məhsulun keyfiyyəti və mənşəyi ilə bağlı ciddi şübhə yaranır.
İnternetdə bu müəssisə ilə bağlı kiçik bir araşdırma aparan zaman "Səhliyalı” şirkətinin leş ətlərdən geninə-boluna istifadə etdiyi iddiası ilə rastlaşmaq olar.
Hətta, şirkətin qoca, südsüz heyvanların ətindən istifadə etdiyi bildirilir. Bir ara "Halal nemət, 1000 bərəkət” markalı məhsulun içindən qurd çıxması xəbəri da vardı.
"Səhliyalı” şirkətinə aid "1000 bərəkət, halal nemət” markasının kiflənmiş kolbasası da aşkarlanmışdı.
Hətta rəsmi "Yeni Azərbaycan” qəzeti də bu şirkətdən yazmışdı. Qəzetin yazdığına görə, «Halal Nemət, Min Bərəkət» ticarət nişanı ilə kolbasalar istehsal edən «Səhliyalı» müəssisəsi saxta məhsullar buraxır.
Belə ki, məhsulların üzərində «Qafqaz Müsəlmanları İdarəsi təminat verir» ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edir. Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında «Səhliyalı»nın adı yoxdur.
Qəzetin yazdıqlarına görə, kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmişə farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın.
Qeyd edək ki, bir müddət öncə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında kolbasa məhsullarının keyfiyyəti ilə bağlı apardığı monitorinqlər zamanı Xırdalan şəhərində yerləşən "Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan məhsulların etiket göstəricilərinə uyğun olmadığı aşkar edilib.
Misal üçün, axar.az kimi dəqiqləşdirilməmiş xəbər yaymayan portal "Səhliyalı" firmasını ifşa edib.
Sayt yazır ki, “1000 bərəkət, halal nemət" markasının sahibi “Səhliyalı” şirkətinin digər məhsulunun içərisindən qurd çıxması barədə də məlumat yaddaşlardan silinməyib.
Firmanın "Sacüstü sosiskaları" məhsulunu alan istehlakçı feysbuk sosial şəbəkəsində bu məlumatı paylaşmışdı. Şirkət bunu inkar etsə də, araşdırma aparacağını bildirmişdi. Həmin araşdırmanın nəticəsi isə məlum olmadı.
Reklamını halal məhsul istehsalı üzərində quran, halal etiketini adında daşıyan şirkətin məhsullarında həm halallıq, həm də keyfiyyət baxımından şübhə yaradacaq dərəcədə çox şikayətlər olub.
Hər dəfə də “bu bizim məhsul ola bilməz” deməklə vəziyyətdən çıxıblar. Ancaq köhnə xəbərlər unudulduğu vaxtda yeni bir qalmaqalla yenidən medianın gündəminə çevriliblər. “Səhliyalı” şirkətinin ən çox diqqət çəkən məhsulu isə “1000 bərəkət, halal nemət”dir ki, onun da əsas özəlliyi adındakı “halal” sözüdür.
Əhalisinin 90 faizdən çoxu müsəlman olan ölkəmizdə halallıq məsələsinin nə qədər vacib olmasından danışmağa ehtiyac görmürük.