Gürcüstanın Baş naziri İrakli Kobaxidze WUF13 tədbirində iştirak məqsədilə Bakıya səfəri çərçivəsində Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Səfər çərçivəsində tərəflər iqtisadiyyat, enerji və regional bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər paketini imzalayaraq strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyiblər. Görüşlər zamanı regionda dayanıqlı iqtisadi inkişaf, tranzit imkanlarının genişləndirilməsi və enerji təhlükəsizliyi məsələləri əsas müzakirə mövzuları olub.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata əsasən, əldə olunan razılaşmalardan biri də Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpası ilə bağlıdır. Belə ki, 26 may 2026-cı il tarixindən etibarən sözügedən istiqamətdə gündəlik sərnişin qatarı reysləri yenidən fəaliyyətə başlayacaq.
Qeyd edək ki, bu qərar iki ölkə arasında turizm, biznes əlaqələri və humanitar münasibətlərin inkişafına əlavə töhfə verəcək, həmçinin regionun nəqliyyat və logistika imkanlarını daha da gücləndirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.