Azərbaycanla Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpa olunması cəmiyyətdə böyük sevinclə qarşılanmışdı. Uzun illərdən sonra Bakı–Tbilisi qatarının yenidən fəaliyyətə başlaması həm turizm, həm işgüzar səfərlər, həm də ailə ziyarətləri üçün yeni imkan kimi qiymətləndirilirdi. Hamı düşünürdü ki, bu marşrut rahat, əlçatan və müasir xidmət nümunəsinə çevriləcək...
Təəssüf ki, qatar fəaliyyətə başladıqdan sonra yaranan mənzərə tamamilə fərqli oldu. Bu gün sosial şəbəkələrdə, xəbər saytlarının şərhlərində və müxtəlif platformalarda Tbilisi qatarı ilə bağlı demək olar ki, hər gün narazılıq paylaşılır. İndiyədək bu reys haqqında vətəndaş məmnuniyyətini ifadə edən rəylərə rast gəlmək bəndənizə qismət olmayıb.
Problemlər hələ bilet almaq mərhələsindən başlayır. Dünyanın əksər ölkələrində sərnişin telefonundan və ya kompüterindən bir neçə dəqiqə ərzində bilet alıb səfərini planlaşdıra bilir. Azərbaycanda isə Tbilisi qatarına bilet əldə etmək bəzən günlərlə davam edən əsəb savaşına çevrilib. Onlayn sistemə daxil olan insanlar boş yerlərin göründüyünü, lakin seçim edib ödəniş mərhələsinə keçdikdə "yer boş deyil" mesajı ilə qarşılaşdıqlarını bildirirlər. Saytın yüklənməməsi, səhifələrin donması, əməliyyatın yarımçıq qalması və sistemin davamlı nasaz işləməsi artıq adi hala çevrilib. Xidmətdən istifadə edib ümidləri boşa çıxanlar sosial şəbəkələrdə yazırlar ki, ADY-nin saytından bilet almaq üçün peşəkar proqramçı və ya haker olmaq lazımdır.
Kassaların qarşısındakı vəziyyət isə onlayn sistemdən də acınacaqlıdır. Vətəndaşlar günlərlə növbə saxlayır, müxtəlif siyahılar tərtib olunur, insanlar gecə-gündüz kassanın qarşısında gözləməyə məcbur qalırlar. Hətta sosial şəbəkələrdə yazılan rəylərdə qeyd olunur ki, kassaların qarşısında artıq qeyri-rəsmi qaydalar formalaşıb, növbələrə ayrı-ayrı şəxslər nəzarət edir və bu proses tamamilə xaotik vəziyyət alıb. Dövlət qurumunun kassasının qarşısında yaranan bu mənzərə müasir xidmət mərkəzindən daha çox sovet dövrünün qıtlıq səhnələrini xatırladır.
Ən təəccüblü məqamlardan biri isə satış mexanizmidir. Minlərlə insanın bu marşruta böyük maraq göstərdiyi məlum olduğu halda biletlər niyə az saylı günlər üzrə satışa çıxarılır? Niyə sərnişinlərə bir və ya iki ay sonrakı tarixlər üçün əvvəlcədən bilet almaq imkanı yaradılmır? Qısa müddət üçün biletlərin satışa çıxarılması minlərlə insanı eyni anda sistemə daxil olmağa məcbur edir və nəticədə həm sayt çökür, həm də kassalarda süni sıxlıq yaranır. Belə olan halda bu xaosun yaranacağını əvvəlcədən görmək çətin deyildi.
Əgər tələbat həqiqətən bu qədər yüksəkdirsə, daha bir sual ortaya çıxır. Niyə əlavə vaqonlar qoşulmur? Niyə əlavə reyslər təşkil edilmir? Bəzi tarixlərdə qatar biletlərinin qiyməti artıq aviabiletlərlə müqayisə olunur. Deməli, bazarda kifayət qədər böyük tələb var və əlavə reyslərin açılması həm sərnişinlərin rahatlığı, həm də iqtisadi baxımdan ADY üçün sərfəli ola bilər. Bəs niyə bu imkanlardan istifadə edilmir?
Son günlər isə daha ciddi problem ortaya çıxıb. Çoxsaylı sərnişinlər bildirirlər ki, onlar ADY-nin rəsmi sistemi vasitəsilə bilet alıblar, ödəniş bank kartlarından çıxılıb, elektron bilet təqdim olunub, lakin bir müddət sonra heç bir xəbərdarlıq edilmədən həmin məbləğ kartlarına geri qaytarılıb və bilet sistemdə "etibarsız" statusu alıb. Təsəvvür edin ki, insan otel bron edir, məzuniyyət götürür, görüşlərini planlaşdırır, daha sonra isə məlum olur ki, onun bileti əslində qüvvədə deyil. Artıq bu texniki nasazlıq deyil, insanların planlarının və maddi itkilərinin səbəbinə çevrilən ciddi problemdir.
ADY bu vəziyyəti yüksək tələbatla izah edir. Bildirilir ki, eyni yer eyni anda bir neçə sərnişin tərəfindən seçilir və ödənişi bir neçə saniyə əvvəl tamamlayan şəxs bileti əldə edir, digərlərinin hesabından çıxılan vəsait isə sonradan bank prosedurlarına uyğun geri qaytarılır. Bu izah müəyyən qədər texniki məntiq daşısa da, əsas suallara cavab vermir. Əgər sistem həmin yerin artıq başqa istifadəçi tərəfindən seçildiyini bilir, niyə onu digər istifadəçilərə də boş yer kimi göstərir? Niyə həmin yer dərhal rezerv olunmur? Niyə sərnişin ödəniş mərhələsinə qədər gəlib çıxır və yalnız bundan sonra biletsiz qaldığını öyrənir?
Oxşar problemlər aviaşirkətlərin və ya beynəlxalq avtovağzalın bilet satış platformalarının sistemlərində müşahidə olunmur. Bəs onda problem nədədir? Əgər məsələ proqram təminatındadırsa, bu proqramı kim hazırlayıb? Onun hazırlanmasına nə qədər dövlət vəsaiti xərclənib? Layihə istifadəyə verilməzdən əvvəl sınaqdan keçirilibmi? Hazırlanan sistem sifariş şərtlərinə cavab verirdimi? Bu işlərə ayrılan vəsaitin səmərəliliyi niyə qiymətləndirilmir?
Bu suallar təsadüfi deyil. Çünki son illər dövlət qurumlarında rəqəmsallaşmaya milyonlarla manat vəsait ayrılır. Elektron xidmətlərin inkişafı barədə tez-tez hesabatlar təqdim olunur. Ancaq vətəndaşın qarşılaşdığı mənzərə tamamilə fərqlidir. İnsanlar günlərlə kassaların qarşısında növbə gözləyirsə, onlayn sistem işləmirsə, eyni yerə bir neçə nəfərə bilet satılırsa və sonradan həmin biletlər ləğv olunursa, deməli, burada ciddi texniki və idarəetmə problemi mövcuddur.
Vətəndaşı isə texniki terminlər maraqlandırmır. Onu maraqlandıran yalnız bir məsələ var: pulunu ödədiyi xidmət normal işləsin. Çünki xidmət göstərən dövlət qurumunun vəzifəsi problem izah etmək deyil, problemi aradan qaldırmaqdır.
Bu gün Tbilisi qatarı ilə bağlı ən çox müzakirə olunan məsələ qatarın özü deyil, bilet almağın müşkülə çevrilməsidir. İnsanlar saatlarla saytın qarşısında gözləyir, günlərlə kassalarda növbə saxlayır, əsəbləri pozulur, planları alt-üst olur. Bütün bunların fonunda isə vətəndaşların haqlı narazılığına verilən cavablar vəziyyəti dəyişmir.
Artıq aidiyyəti qurumlar bu məsələyə adi texniki nasazlıq kimi yox, dövlət xidmətinin keyfiyyəti baxımından yanaşmalıdırlar. Çünki söhbət təkcə Bakı–Tbilisi qatarından getmir. Söhbət vətəndaşın dövlət xidmətinə olan etibarından, rəqəmsallaşmaya ayrılan milyonlarla manatın real nəticəsindən və insanların elementar hüququ olan keyfiyyətli xidmət almaq istəyindən gedir.
Zavallı vətəndaşlar heç kimdən güzəşt istəmirlər. Onlar sadəcə pulunu ödədikləri xidmətin işləməsini, bilet almağın günlərlə davam edən əsəb savaşına çevrilməməsini istəyirlər. Bu isə əlavə tələb deyil, normal dövlət idarəçiliyinin ən sadə göstəricisidir.
Elnurə Abuşova