AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik mərhələsinə daxil olur

  • + A
  • - A
  • Bu gün, 11:52

    Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik mərhələsinə daxil olur

    Xanlar Fətiyev
    Milli Məclisin deputatı

    Azərbaycan Prezidenti cənab İlham Əliyevin iyulun sonunda Qırğız Respublikasına etdiyi dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Belə ki, indiyədək strateji tərəfdaş olan iki qardaş türk dövlətinin əlaqələri bu səfərdən sonra müttəfiqlik münasibətləri səviyyəsinə yüksəldi. Eyni zamanda bu səfər bir daha təsdiq etdi ki, Azərbaycan və Mərkəzi Asiya artıq vahid geosiyasi və geoiqtisadi məkanın ayrılmaz iştirakçılarına çevriliblər.
    Azərbaycan və qırğız xalqlarını ortaq milli kimlik, mənəvi dəyərlər və mədəni irs birləşdirir. Bütün bunlar iki ölkənin xalqları arasında tarixdən süzülüb gələn ənənəvi dostluq və qardaşlıq münasibətlərinin formalaşmasında mühüm rol oynayıb. Dövlət müstəqilliyinin bərpasından sonra iki dövlət arasında əsası qoyulan siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr ardıcıl inkişaf edib, müxtəlif sahələrdə əməkdaşlığın hüquqi bazasını təşkil edən 100-dən artıq sənəd imzalanıb. Bu prosesdə 2022-ci ilin aprel ayında Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir. Həmin sənəd ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldərək əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün möhkəm siyasi-hüquqi zəmin yaradıb.
    Son illərdə isə iki dövlət arasındakı əlaqələrin inkişafında yeni dinamika müşahidə olunur. Bunu dövlət başçılarının çoxsaylı qarşılıqlı səfərləri də təsdiq edir. Son beş ildə qarşılıqlı olaraq 13 yüksəksəviyyəli səfərin həyata keçirilməsi əlaqələrin inkişafındakı dinamikanın bariz göstəricisi sayıla bilər. İki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 2025-ci ildə 77,17 milyon dollara çatması, o cümlədən Azərbaycanda 100-ə yaxın Qırğızıstan şirkətinin fəaliyyət göstərməsi, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının inşa olunması iqtisadi tərəfdaşlığın artan xətlə inkişafını əks etdirir.
    Qırğızıstan həm də Azərbaycanın Qarabağ zəfərinə birmənalı şəkildə dəstək verən dost dövlətlərdəndir. Qırğız hökumətinin maliyyə dəstəyi ilə Ağdamın Xıdırlı kəndində inşa olunan 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəb isə iki dövlət arasındakı dostluğun və qardaşlığın rəmzidir. 2025-ci ilin iyulunda Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə rəsmi açılışı olan bu məktəbin inşası həm də Türk dünyasındakı həmrəyliyin və qardaşlığın təcəssümüdür.
    Prezident İlham Əliyev Qırğız Respublikasına dövlət səfəri zamanı məktəbin inşasına görə bir daha təşəkkür ifadə edərək deyib:
    «Biz, həmçinin Qarabağın bərpasına göstərilən kömək üçün daim minnətdarlığımızı ifadə edirik. Sizinlə birlikdə Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin açılışında iştirak etdik. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu».
    Qeyd etdiyim kimi, Prezident İlham Əliyevin dövlət səfəri iki qardaş ölkə arasındakı əlaqələrdə yeni səhifə açdı. Bu baxımdan dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı” və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” xüsusi siyasi mahiyyət kəsb edir. Çünki hər iki sənəd Azərbaycan- Qırğızıstan tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldir. Prezident İlham Əliyev mətbuata bəyanatında müttəfiqlik münasibətlərinin çox böyük məsuliyyət olduğunu qeyd edərək deyib:
    «Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik».
    Dövlətlərarası Şuranın 3-cü iclasında əldə olunan razılaşmalar isə ticarət, investisiya, energetika, nəqliyyat, humanitar əməkdaşlıq və bərpa-quruculuq sahələrində müxtəlif layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır ki, bu da əlaqələrin yeni keyfiyyət mərhələsinə yüksəldilməsi istiqamətində hər iki dövlətin başçısının yüksək siyasi iradəsini nümayiş etdirir. 2022-ci ildə yaradılan Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına qədər artırılması isə iqtisadi əməkdaşlığın maliyyə təminatının gücləndirilməsinə xidmət edir. Bütövlükdə, Dövlətlərarası Şuranın 3-cü iclasında əldə olunan razılaşmalar Azərbaycan-Qırğızıstan münasibətlərinin siyasi müttəfiqlik, iqtisadi inteqrasiya, investisiya tərəfdaşlığı və humanitar əməkdaşlıq istiqamətlərində daha da dərinləşdirilməsi üçün yeni strateji çərçivə formalaşdırır. İclasın Qərarında iki ölkə arasında münasibətlərin artıq müttəfiqlik səviyyəsinə yüksəlməsinin xüsusi vurğulanması da Azərbaycan-Qırğızıstan münasibətlərinin yeni inkişaf müstəvisinə daxil olduğunu nümayiş etdirir.
    Səfər çərçivəsində Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – 1-ci dərəcəli “Manas” ordeni, Prezident Sadır Japarovun isə Azərbaycanın ali dövlət ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi xüsusi rəmzi məna daşıdı. Qarşılıqlı ali dövlət mükafatlarının təqdim olunması iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinin, yüksək siyasi etimadın və strateji tərəfdaşlığın ən yüksək səviyyədə qiymətləndirilməsinin bariz ifadəsi oldu. Bu mühüm hadisə eyni zamanda Azərbaycan–Qırğızıstan müttəfiqlik münasibətlərinin siyasi və mənəvi təcəssümü kimi böyük əhəmiyyət kəsb etdi.
    Azərbaycan və Qırğız Respublikası regional, beynəlxalq platformalarda da fəal əməkdaşlıq edirlər. Bunların sırasında Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq xüsusi qeyd edilməlidir. Həm Azərbaycan, həm də Qırğız Respublikası TDT-nin qurucu üzvləridir. Türk dövlətləri arasında əməkdaşlığın inkişafı isə nəticə etibarilə TDT-nin güclənməsinə və bütövlükdə Türk dünyasının yüksəlişinə böyük töhfə verir.
    Son illərdə Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasındakı ticarət dövriyyəsi sürətlə artır. Orta Dəhlizin imkanlarının artırılması həm Azərbaycanın, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarına böyük dividendlər gətirir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan və Mərkəzi Asiya öz inkişaflarını vahid geosiyasi, geoiqtisadi imkanlar şəraitində təmin edirlər. Bundan irəli gələrək 2025-ci ilin noyabr ayında Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakına dair qərarın qəbul edilməsi respublikamızın Mərkəzi Asiya ilə əməkdaşlığına yeni məzmun qazandırdı.
    İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü bu əməkdaşlığın uğurlu inkişafının növbəti siyasi təsbiti oldu. Bu görüş və qəbul olunan Çolpon-Ata Bəyannaməsi Azərbaycanın Mərkəzi Asiyanın ayrılmaz strateji tərəfdaşı kimi artan rolunu bir daha təsdiq etdi. Çolpon-Ata Bəyannaməsi Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin ortaq maraqlarını nümayiş etdirən mühüm siyasi sənəddir. Bu Bəyannamə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin strateji tərəfdaşlığın daha dərin formasına daxil olduğunu nümayiş etdirməklə yanaşı, onlar arasında gələcək əməkdaşlığın istiqamətlərini də müəyyənləşdirir, iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsinə xidmət edir.
    Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri göstərdi ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, Türk dünyasının və Avrasiya məkanının aparıcı siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Azərbaycan–Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının genişlənməsi ölkəmizin artan nüfuzunun növbəti təsdiqidir. Nəticə etibarilə bütün bunlar Azərbaycanın orta güc statusunu möhkəmləndirməklə bərabər, Avrasiya coğrafiyasında əməkdaşlığın inkişafına mühüm töhfələr verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR