Əmiraslanov qardaşları ilə “Yeni Bakı”nı inşa edən Elnur Hüseynovu nə birləşdirir? - İDDİA
Son zamanlar ölkə mediasında sabiq ATU rektoru, millət vəkili Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov və onun köməkçisi kimi tanınan, “Azər Türk Med” klinikasının rəhbəri Vüqar Cavadov barəsində bir çox məlumatlar dolaşmaqdadır.
Mətbuata bu şəxslərlə bağlı sızan məlumatlar və şikayətlərlə yanaşı, son aylarda ən qalmaqallı yaşayış massivlərindən sayılan “Yeni Bakı” yaşayış massivi və bu massivi inşa edərək, orda mənzillər satan “İlin Dörd Fəsli” MMC-nin rəhbəri Elnur Hüseynovun adı da mətbuatda az hallanmır. Oxucular soruşa bilər ki, Elnur Hüseynovun Azər Əmiraslanovla nə əlaqəsi var? Təbii ki, söhbət “Yeni Bakı” ətrafındakı qalmaqallardan və bu şəhərcikdə baş verənlər, habelə, binalardakı çatlar barədə hələ də ciddi tədbirlərin görülməməsi bir çox suallar yarada bilər.
Azər Əmiraslovun qardaşı, FHN başçısının müavini Tapdıq Əmiraslanovun da adı burada yada düşür.
Belə ki, Elnur Hüseynovun Əmiraslanov qardaşları ilə illərdir sürən dostluğu və “Retro Şam” restoranındakı “xatirələr” barədə 365info.az-a bir sıra maraqlı məlumatlar daxil olub. Eyni zamanda qeyd edək ki, daxil olan məlumata görə, martın 16-da “Yeni Bakı” sakinlərinin qanunsuz olaraq sayğaclar üçün hər mənzildən 700 manat pul alınmasıyla bağlı qaldırdığı məhkəmə iddiası üzrə, Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva şəhərciyə baş çəkib və sakinlərin fikrini öyrənib.
İndi isə qayıdaq yenidən Elnur Hüseynova…
Natamam həkim, şəriştəsiz evtikən … yoxsa, əhlikef restoran müdiri?
Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə Elnur Hüseynov vaxtı ilə Azərbaycan Tibb Universitetinin tələbəsi olub və sonradan ev tikmə və yaxud da, “qaz vurub qazan doldurmaq” arzusuna düşdüyü üçün, təhsilini natamam qoyub tikinti biznesinə qoşulub.
Mənbələr bildirir ki, hazırda ekonom binalarda mənzilləri əhaliyə notarius təsdiqi olmayan müqavilələr əsasında satmaqla ən “məşhur” biznesmenlərdən birinə çevrilən E.Hüseynov tələbəlik illərində Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, deputat Əhliman Əmiraslanovun oğlanları ilə yaxın dostluq edib və bu günə kimi də, onların yaxın dostluq əlaqələri var.
İDF-nin Yeni Bakı yaşayış massivində keyfiyyətsiz binalar tikməsi barədə və hətta paytaxtın bir neçə yerlərində tikdiyi evlər təhvil verilsə də kommunikasiya xəttlərinin qoşulmamağına dair mətbuatda bir çox yazılar dərc olunub. Hətta bu günlərdə Sputnik.az-da Elnur Hüseynovun dostları Cabir və Tahir İmanov qardaşlarının çəkildiyi reklam çarxına dair material da dərc olunmuşdu. İş o yerə çatıb ki, Elnur Hüseynovla dostluğuna görə reklamdan pul almadığını deyən T.İmanov indi onu müdafiə etməyə də çəkinir, “sakinlər binanı tikəndən haqlarını tələb etsinlər” deyir…(365info.az)Əlbəttə, hər zaman qalmaqalın içində olan, gördüyü işləri yarıtmayan bir adamdan söz gedərsə, ən sadiq dostların belə onu müdafiə edəcəyi ehtimalı çox aşağıdır.
“Yeni Bakı” yaşayış massivində tikilən binalarda çatların əmələ gəlməsi barədə və buna baxmayaraq FHN-in İDF-yə “yumşaq” bir rəy verməsindən sual yarana bilər (rəylərdə çatlar etiraf edilir, amma nədənsə, binalarda olan çatların təhlükəsizlik dərəcəsinə dair ekspertiza təyin olunmur – red), görəsən, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov Elnur Hüseynovla hər hansı münasibətinin bu məsələdə təsiri olubmu?
Eyni zamanda, daxil olan məlumata görə, Elnur Hüseynovun idarə etdiyi “Retro Şam” restoranında Əmiraslanov qardaşları tez-tez onun qonağı olurlar.
Bundan savayı, əldə etdiyimiz məlumata görə, Elnur Hüseynov həm də böyük bir tikinti materialları dükanını idarə edir.
Verilən məlumata görə, həmin mağaza İnqilab küçəsi ilə Tibilisi prospektinin kəsişməsinin yaxınlığında yerləşir. Deyilənə görə, Azər Əmiraslanov həmin mağazanın inkişafına vəsait ayıraraq Elnur Hüseynova şərik olub. Azər Əmiraslanovun ayrı-ayrılıqda iş adamları ilə şərik olmağı barədə mətbuatda bir çox məlumatlar var.
Misal üçün, bu məlumatlardan təsəvvür yarana bilər ki, Azər Əmiraslanov hətta lazım olanda kollektor rolunu icra edir.
Professordan kollektorluğa kəskin sıçrayış…
Bu barədə Legion.az saytına onun dayısı oğlu Vüqar Bağırov açıqlama vermiş, hətta Azər Əmiraslanovun hərəkətlərindən ölkə başçısına da müraciət etmişdi.
Müraciətdə Vüqar Bağırov qeyd edir ki, o, 2011-ci ildə Emin Hüseynov adlı iş adamı ilə birgə fəaliyyətə başlayıb. “Mən onun MDB ölkələri və Türkiyə ərazisində həyata keçirilən bəzi layihələrində iştirak etmişəm. Onun sonuncu layihəsinin həyata keçirilməsi üçün mən Emin Hüseynova 3 milyon 500 min dollar ayırmışdım. Amma layihənin həyata keçirilməsi gecikirdi deyə, mən Emin Hüseynovdan pullarımı geri qaytarmasını tələb etdim. Emin cavab olaraq bildirdi ki, pullar onun qohumlarındadır.
Mən bibim oğlu Azər Əmiraslanova (Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, millət vəkili Əhliman Əmiraslanovun oğlu – red.) öz problemlərim haqqında danışarkən, o borcun qaytarılmasında mənə kömək edəcəyini vəd etdi. Həqiqətən də Azər Əmiraslanov Emin Hüseynovun qohumlarından mənə məxsus 3 milyon 500 min dolları ala bilib. Amma o, mənə cəmi təxminən 2 milyona yaxın dollar verib. Yerdə qalan 1 milyon 534 min dollar məbləğində pulu isə Azər Əmiraslanov mənimsəyib. Mən ona bizim qohumluq əlaqələrimiz barədə xatırlatdığımda isə Azər dedi ki, belə anlayışlar keçmişdə qalıb. “Bu gün hər kəs özünə cavabdehdi”,- Azər mənə dedi. Ailə üzvlərim öz narazılıqlarını bildirdikdə isə o dedi ki, 1 milyon yarım dollar onun payıdır. “Başqası bu işə görə daha çox götürərdi”, – deyə Azər Əmiraslanov bildirib. Son görüşümüz zamanı Azər Əmiraslanov bildirdi ki, əgər bir daha pul üçün müraciət etməyə cəhd etsəm, o məni həbsxanaya saldıracaq”,- deyə Vüqar Bağırovun müraciətində deyilir.
Xatırladaq ki, Legion İnformasiya Agentliyindəki həmkarlarımız bu istiqamətdə maraqlı araşdırma aparıb: “ Azər Əmiraslanovun Vüqar Bağırovun pulunu mənimsəyib-mənimsəmədiyini aydınlaşdırmaq üçün dəfələrlə onunla əlaqə saxlamağa cəhd etdik. Amma təəssüf ki, cəhdlərimiz nəticəsiz qaldı.
Dekabrın 28-də LEGİONəməkdaşı A.Əsgərovun baldızı, yəni, Rahib və Emin Hüseynovların anası Lətifə Hüseynova ilə əlaqə saxladı.
“Lətifə xanım, oğlunuz Eminin Vüqar Bağırova olan borcunu Azər Əmiraslanov tələb etmişdi sizdən?” – deyə soruşduq. “Bəli. Özüylə şəxsən görüşmüşəm, 2 il əvvəl “Banditizm”də Canpolad Daanovun kabinetində Azər Əmiraslanov kefli halda içəri girib məni təhqir etməyə başladı. Vüqar Bağırov özü mərifətli adamdır, Azəri sakitləşdirməyə çalışdı… amma Azər başladı ağzına gələni danışmağa. Bilinmir, içmişdi, ya çəkmişdi… Müstəntiq əsəbiləşib onu otaqdan bayıra çıxardı. Bu məsələdə Azər Əmiraslanov qabağa düşmüşdü, oğluma hədə-qorxu gəlirdi ki, səni elə edərəm, belə edərəm. Sonra tez-tez onun köməkçisi Vüqar Cavadov bizə zəng edir, pulu tələb edirdi.
Eminin Vüqar Bağırova borcundan 1 milyon 700 min dollardan çox pulu bizim sürücü aparıb Azər Əmiraslanovun köməkçisi Vüqar Cavadova verdi. Qalan pulu isə Azər Əmiraslanov yeznəm Arif Əsgərovdan aldı. Sonra öyrəndim ki, Azər Əmiraslanov bu pulun böyük hissəsini mənimsəyib. Mənim Vüqar Bağırovdan heç bir narazılığım yoxdur, çünki özünü bizə qarşı həmişə hörmətlə aparıb”, – deyə L.Hüseynova bildirdi.
Qeyd edək ki, V.Cavadov həmkarlarımıza məhz Azər Əmiraslanovun köməkçisi kimi açıqlama verib. Lətifə Hüseynova mətbuatda övladları Rahib və Emin Hüseynovun borc kitabından çıxarışı da təqdim edib ki, həmin kitabçada Vüqar Cavadovun adı, mötərizədə isə Azər və Əhliman adları, eləcə də 540 min ABŞ dolları göstərilib.
Biz Vüqar Cavadovun mobil nömrəsini əldə edərək, özüylə əlaqə saxladıq. Sualımıza keçməmiş, olduğumuzu eşidən V.Cavadov “mən indi tədbirdəyəm, sonra sizə yığaram” deyib dəstəyi asdı. Sonra isə Vüqar Cavadovla danışa bilmədik Azərbaycan Tibb Universitetinin saytında (http://www.amu.edu.az/az/cafedra/628/632) Azər Əmiraslanovun fəaliyyət sahəsinin “Sümük, yumşaq toxuma, dəri və süd vəzisinin şişlərində müxtəlif cərrahi əməliyyatlar” olduğu deyilir. Maraqlıdır, görəsən, Azər Əmiraslanov cərrahi əməliyyatlarla məşğul olmadığı zamanlarda kollektorluq da edir? Evləri köndələn yar və yaxud “şap elə bildi şupdadı”…
Həmçinin, Abbas Əfəndiyev adlı iş adamı Azər Əmiraslanovun hərəkətlərindən bezərək mətbuata üz tutub. Onun bu cür hərəkətindən qəzəblənən Əmiraslanovlar onu Moskvada tapıb ona “predyava” veriblər ki, niyə o mətbuatda Azər Əmiraslanovun adını hallandırıb.
Digər əldə etdiyimiz məlumata görə, mətbuatda Azər Əmiraslanovla Sloveniyada avtomobil qəzasına düşməsi barədə məlumat yayılan Samir Əliyev ötən gün korrupsiya idarəsinin qabağında görülüb. Kim bilir, bəlkə də, bu işlərin “xoşbəxt sonluğu” həmin idarədə gedib baş tutacaq?
Fevralın 24-də mediada Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov və onun köməkçisi Vüqar Cavadovla bağlı maraqlı məlumatlar dərc etmiş, Moskva şəhərinə qazanc məqsədi ilə işləməyə gedən Əfəndiyev Abbas Zöhrab oğlunun da şikayətinə yer vermişdik. A.Əfəndiyev jurnalistə bildirib ki, o öz şəriki Rövşən Ağayevlə Almaniyadan qida məhsulları gətirib ölkəmizdə satışını təşkil etmək üçün Vüqar Cavadovdan notarius vasitəsi ilə 84 min avro pul alıblar və bu məbləğin üstündə Vüqar Cavadov bu şəxslərdən 42 min avro qazanc tələb edir.
“Mən pula əlimi vurmamışam, pulu Rövşən Ağayev götürüb və Almaniyada malın pulunu şirkətə ödəyib. Əvvəl əldə olunan razılıq əsasında qida məhsulu ölkəyə daxil olan vaxt gömrük məsələsini Vüqar Cavadov Azər Əmiraslanov vasitəsi ilə həll etməyə razılıq verdi. Ancaq mal gəlib ölkəyə çıxandan sonra, Vüqar Cavadov Azər Əmiraslanovun gömrüklə bağlı problemin həll olunmağından boyun qaçırdı. Və bununla da, biz ziyana düşdük. Hazırda mənə məxsus olan evə Azər Əmiraslanovun dostu Samir kupça düzəldib (qeyd edim ki, Samir şərikim Rövşən Ağayevin yeznəsidir) və mənə zəng edərək mənim valideyinlərimin bu alqı-satqıya razılıq verməklərini tələb edir. Mən onlara izah edirəm ki, bu problem mənlik deyil, pul Azər Əmiraslanovundur o da boyun olub ki, mal gömrükdən keçəndə tapşıracaq.
Mal “Qırmızı körpü”dən keçəndə mən gedib Azər Əmiraslanovun adından Tovuz Gömrük İdarəsinin rəisi Mehman müəllimlə görüşdüm, o bizə kömək etmədi və digər sahibkarlar malını 10 minə keçirəndə bizdən 22 min pul istədilər. Sonra malın bir hissəsi müsadirə olundu. Mənim nə günahım var, bizim bu biznesdə özünü söz sahibi kimi Azər Əmiraslanov təqdim edib, əgər onun sözünü Mehman müəllim eşitməyibsə, mən nə edə bilərəm, gərək mənim evimi əlimdən alıb öz adlarına keçirtsinlər?! Milyonları var, ancaq yenə də gözləri doymur, Vüqar Cavadov Azər Əmiraslanovun sifarişi ilə, məni “Bandotdel”ə verib. Mən də qərara gəldim ki, nə olubsa, hamısını mətbuata ötürəcəm, qoy ictimaiyyət bunların oyunlarından məlumatlı olsun”, – deyə A.Əfəndiyev bildirib.
Abbas Əfəndiyev bu şəxslərin əməllərindən dövlət başçısına müraciət etməyə hazırlaşır.
Sloveniyada baş verən müəmmalı avtomobil qəzası
A.Əmiraslanov haqqında iddialar bununla bitmək bilmir. Hələ fevral ayında, redaksiyamıza Əmiraslanovlar barədə maraqlı məlumatlar daxil olmuşdu.
Belə ki, Bakı şəhərində 060 rəqəmi ilə bitən avtomobil nömrələrinin əksəriyyətinin onlara məxsus olduğu deyilir. Mənbənin məlumatına görə, Səməd Vurğun küçəsi ,230 D ünvanında yerləşən “A Club” da Əmiraslanovların əyləncə yerinə çevrilib: “Hətta “A Club”un 12-ci mərtəbəsində Azər Əmiraslanovun güzgülü əyləncə evi də var. Baxmayaraq ki, əyləncə evinin altında, yəni 11-ci mərtəbədə Azər Əmiraslanovun dayısı yaşayır.
Sonra “Olimpik Star”ın yaxınlığında yerləşən “Şam” restoranının qapısı ilə üzbəüz Xan Şuşinski 158-də üçmərtəbəli villa da Əmiraslanovlara məxsusdur. Həmin villada hətta Əhliman Əmiraslanov işgüzar görüşlər keçirir.
Çünki deyilənə görə, həmin obyektlərdə xüsusi tədbir keçirilib və juçok,səs dinləyən aparatların olub-olmamağı yoxlanılıb ki, iş adamları ilə rahat görüşlər keçirilsin.
Redaksiyamıza daxil olan məlumata görə, “ A Club ”da sıravi vətəndaş-müştəri gedib kotlet sifariş etsə, ona rədd cavabı veriləcək. Çünki həmin obyektdə okean balıqları verilir, özü də imkanlı şəxslərin sifarişi ilə. Bir sözlə, “A Club”da yoldan keçənə yer yoxdur, ancaq Əmiraslanovların çevrəsi orda oturub istirahət edir, necə deyərlər ictimaiyyətin gözündən qıraq yerdə “asudə vaxt” keçirir. Sonra əylənmək istəyəndə, elə “A Club ”un 12-ci mərtəbəsində əylənmək üçün hazırlıq görülür. Baxmayaraq ki, 11-ci mərtəbədə Azər və Tapdıq Əmiraslanovların dayıları yaşayır.
Misal üçün, “Azər-Türk” klinikası da Azər Əmiraslanova məxsusdur, ancaq oranı onun köməkçisi Vüqar Cavadov işlədir. Azər Əmiraslanov kimlərəsə pul buraxıb maliyyələşdirəndə, Vüqar Cavadov həmin işdə xüsusi rol oynayır. Misal üçün, Azər Əmiraslanov hansısa iş adamına 20 min manat verirsə, əvəzində o, 40-50 min manat qaytarmalı olur ”.
Əldə etdiyimiz digər məlumata görə, keçən il Sloveniyada Azər Əmiraslanov və onun yanında avtomobildə sükan arxasında olan Əliyev Samir Adil oğlu birlikdə yol qəzasına düşüblər. Həmin qəzadan Azər Əmiraslanov sağ çıxa bilsə də, ayaqlarının iksinin də bir neçə yerdən sınmağı barədə məlumatda göstərilir. Hətta Sloveniyadakı yol qəzasının məhkəmə işi hələ bitmədiyi də xüsusi olaraq qeyd olunur .Qəzaya uğrayan maşından tapılan müəmmalı əşya barədə isə hələlik şərh vermək istəmirik…
Əmimqızı, bizə gəl… Qırmızı gey, təzə gəl…
Bu günlərdə “Əhliman Əmiraslanovun qohumları mətbuata müharibə elan etdilər?” başlıqlı yazı dərc olunmuşdu.
Həmin yazı diqqətimizi çəkdiyi üçün, bu hissəni oxuculara təqdim edirik: “Qeyd edək ki, LEGİON saytı bu günlərdə “Deputat oğlunun nələri yoxmuş?! – “Azər-Türk” klinikası, “A club”, 060 maşın nömrələri…” başlıqlı yazını “regionxeberleri.com” və 365info.az-a istinadla dərc edərək, öz “Facebook” səhifəsində də paylaşmışdı.
Bundan sonra, bir çox sosial şəbəkə istifadəçiləri də deputat oğlu barəsində məlumatları paylaşdılar və hətta bir çoxunun reaksiyası xoşagələn sayılmazdı. Lakin bir incə məqam diqqəti çəkdi ki, onu da oxucularla bölüşmək istərdik. Adətən, bəzi məmur və işbazlar səhifəmizə “fake” profillər vasitəsilə hücum edir. Saxta profillərdən olan hücumları, təhqiramiz rəyləri və mesajları elə də ciddiyə almırıq. Lakin “Amiraslanova Arzu” adlı bir istifadəçi fevralın 25-də “Facebook” səhifəmizə daxil olaraq, kollektivimizin ünvanına xoşagəlməz və hətta təhqiramiz ifadələrlə hücuma keçdi. Onun yazdığı rəyləri “screenshot” etmək imkanımız da oldu.
Əlbəttə, Arzu xanımı səsləndirdiyi ağır ifadələrə görə, ədəbsizlikdə ittiham etməyəcəyik. Ümumiyyətlə, Azərbaycan xanımlarına qarşı heç vaxt aqressiya göstərməmişik… Lakin yetərincə hörmətlə və “Siz” xitabıyla danışdığımız bu xanım bizə qarğışlar etməyə başlayınca, onun soyadının bu məsələdə rol oynayıb-oynamadığını soruşduq. O isə Əmiraslanovlarla qohum olmadığını bildirdi.
Lakin qısa araşdırmadan sonra, Arzu Əmiraslanova barəsində xeyli məlumatlar öyrəndik. O məlumatların hamısını yazmağa ehtiyac yoxdur, lakin onu deyə bilərik ki, Azər Əmiraslanovun “hansısa möcüzə ilə” tibb elmləri doktoru, professor və akademik olması kimi, Arzu Surxay qızı Əmiraslanova da gənc yaşlarından xeyli “uğurlara imza atıb” və hazırda BDU-nun ingilis dili kafedrasında baş müəllimdir, bir neçə kitabları da var.Biz bu məlumatı öyrəndikdən sonra, ona atasının adının Surxay olduğunu xatırlatdıq. Elə bunu yazmışdıq ki, A.Əmiraslanova bir neçə saniyədə bütün rəylərini sildi və hesabını da dondurdu”.