Avtomobil nömrəsi ilə SMS icazə alınması üçün yeni qanun layihəsi hazırlanır
“Sərt karantin rejimi dövründə avtomobillərin dövlət nömrə nişanının SMS icazə sisteminə daxil edilməsi və videomüşahidə kameraları vasitəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yeni qanun layihəsi hazırlanır. Milli Məclisdə qanunvericiliyə dəyişiklik olarsa və qanun təsdiqlənərsə, o zaman bu, tətbiq olunacaq”.
AzadMedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə hərəkətinə icazə verilən şəxslərin avtomobillərinə gəlincə, Dövlət Agentliyinin sədri deyib ki, bu məsələnin də qanunvericilikdə texniki həlli əksini tapmalıdır:
“Birinci qanun icazə verməlidir ki, kamera vasitəsi cərimə yazıla bilsin. Vəsiqəsi əsasında hərəkət edən insanların kamera vasitəsi ilə cərimələnməməsinin təmin olunması texniki məsələdir, tənzimlənəcək”.
Ü. Mehdiyev qeyd edib ki, iyulun 5-dən vətəndaşlara SMS yazarkən avtomobillərinin də dövlət nömrə nişanını yazmaq tövsiyə edilib: “Amma cərimə hələ tətbiq olunmayacaq”.