Dərslər nə vaxt və necə başlayacaq? - “Müxtəlif versiyalar üzərində müzakirələr gedir”
Yeni tədris ili yaxınlaşdıqca məktəblərin açılması məsələsi ilə bağlı müzakirələr artır.
Xüsusilə 5 avqustdan sonra karantin tədbirlərinin yumşaldılacağı ilə bağlı söyləntilər bu barədə gözləntiləri daha da artırır. Ekspertlrin bildirdiyinə görə, pandemiya dövründə bəzi sahələrlə yanaşı məktəblərin açılması da risklidir. Bu baxımdan məktəblərin ənənəvi qaydada dərslərə başlaması üçün ölkənin epidemioloji durumu daha önəmlidir.
Ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, qarşıdakı 1 ay müddətində yoluxma sayındakı rəqəmlər və epidemioloji situasiya təhlil ediləcək, sonra buna müvafiq olaraq təhsil müəssisələrində tədrisin bərpası ilə bağlı qərar veriləcək. Məktəblərin açılması məsələsinin avqustun ikinci yarısında müəyyənləşəcəyini gözlənilir.
Digər tərəfdən, bəzi orta məktəblərdə yeni tədris ilinin ik yarım ilində dərslərin onlayn qaydada keçirilməsi ilə bağlı hazırlıqlara başlanıldığına dair xəbərlər var. Sosial şəbəkələrdə bununla bağlı məlumatlar yayılıb.
Belə ki, bəzi məktəblərdə müəlimlər kompüteri, planşeti olan şagirdlərlə bagli siyahı hazırlayır. Bu durum isə yeni tədris ilində dərslərin onlayn qaydada davam edəcəyini düşünməyə əsas verir.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məktəblərin açılması ilə bağlı hələki konkret qərarın olmadığını bildirib:
“Tədris ilinin necə başlaması ilə bağlı hazırda qərar yoxdur. Müxtəlif versiyalar üzərində müzakirələr gedir. Təhsil Nazirliyinin rəhbərliyi və ümumilikdə bu məsələ ilə məşğul təhsil institutunun əməkdaşları, ştatlı mütəxəssislər bununla bağlı çox ciddi müzakirələr aparır. Amma təhsilin hansı qaydada olacağı ilə bağlı qərar yoxdur. Hər halda müvafiq epidemioloji vəziyyəti nəzərə alaraq avqust ayının ortalarına doğru məlumat yayacağıq. Çünki pandemiya dövründə net danışmaq mümkün olmur. Əsas odur ki, hər cür şərait nəzərə alınsın. Bütün hallarda təhsilin hansı qaydada həyata keçirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla birgə qərar veriləcək”.