Ermənistan əhalisi 2018-ci ilin 8 mayında baş vermiş “məxməri inqilab”ın ona xoşbəxtlik gətirmədiyinə hər gün bir daha əminlik hasil etməkdədir. Pandemiyanın ikiqat, üçqat ağırlaşdırdığı problemlər girdabında çapalayan, perspektivi olmayan bir rezervuarda, faktiki, girov kimi saxlanılan ac-yalavac kütlə artıq vəziyyətdən bezib. Düşmən ölkədən gələn xəbərlər, vüsət alan etirazlar qənaətimizə şübhə yeri qoymur.
Diqqətçəkicidir ki, etirazçılar həm də ölkədən həmişəlik çıxıb getmək üçün sərhədlərin açılmasını tələb edirlər.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "168 jam" nəşri yazıb.
“Hökumət sərhədləri açmasa, biz birbaşa meydanda intihar etməyə hazırıq. Bu bataqlıqdan çıxıb köhnə həyatımıza qayıda biləcəyimiz üçün sərhədləri açın. Xaricdə biznesimiz var və işləyirik. Burada isə acından ölürük”, - deyə etirazçılardan biri bildirib.
Qəzetin yazdığına görə, narazı ermənilər ilk mərhələdə Rusiya ilə sərhədin açılması tələbini irəli sürürlər.
Əslində yeni məsələ deyil. Pandemiyaya qədər də ağır blokada şəraitində olan Ermənistan sürətlə boşalırdı. Koronavirus peyda olandan sonra isə başqa ölkələrdən, xüsusilə erməni əmək miqrantların ən çox yuva saldığı Rusiyadan onlar məlum vəziyyətə görə geri göndərilməyə başladı.
Buradaca vurğulayaq ki, işğalçı ölkənin əhalisi xeyli dərəcə Rusiyadan edilən pul transfertləri hesabına dolanır(dı). Ancaq indi Ermənistanda olan-qalan gəlir mənbəyi kimi daxili turizm də COVİD-19-a görə iflic olduğundan, ölkə həqiqi mənada sosial-iqtisadi bataqlığa düşüb.
Baş nazir Nikol Paşinyan bu bataqlıqdan necə çıxmağı təsəvvür etmir. Bundan ötrü onun nə düz-əməlli, çevik və savadlı komandası, nə də hansısa planı, proqramı və ya “Yol xəritəsi” var. Əksinə, indi onu daha iki istiqamətdə uğursuzluq qarabaqara izləyir: biri həlli uzanan Qarabağ konflikti və bundsan dolayı blokada rejimi, digəri isə Amulsar mədəni ilə bağlı problemdir.
Bir çox erməni ekspertlər yaranmış vəziyyətlə bağlı həyəcan təbili çalırlar. Onlar həmçinin hesab edirlər ki, mövcud durumda Azərbaycanın hərbi güc yolu ilə öz ərazi bütövlüyünü bərpa etməsi problem olmayacaq.
“Əgər ermənilər torpaqları geri vermək istəməsələr, Azərbaycan hərbi yolla bunu edəcək. Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrindəki vəziyyətə əsla nəzarət edə bilmir və bu fakt onu hakimiyyətə gətirən qüvvələri öz hərəkətlərinə müəyyən düzəlişlər etməyə vadar edib”, - bunu erməni politoloq Artur Danielyan “Obzor” siyasi tok-şousu zamanı deyib.
“Amulsar mədəninin istismarı probleminə gəlincə, bu, Qərbin Nikol Paşinyanı dalana salmaq yönündə ikinci cəhdidir. Paşinyan uçun artıq pat vəziyyəti yaranıb: indi o, həm Qarabağ məsələsində, həm də mədən məsələsində güzəştə getməli olacaq. Əgər o, Amulsar mədəninin istismarına icazə verməyə çalışsa, o halda onun üçün fiziki təhlükəsizlik problemləri yaranacaq, çünki öz mübarizə metodlarına heç bir məhdudiyyət qoymayan ”Sasna Tsrer" terror aktlarını davam etdirəcək. Beləcə, Paşinyanın günləri sayılıb", - deyə erməni politoloq xəbərdarlıq edib.
Yaranmış durum torpaqlarımızın işğaldan qurtuluşu üçün unikal fürsət hesab oluna bilər. Üstəgəl, qardaş Türkiyə birbaşa hərbi əməliyyatlarda iştirak eləməsə də, Azərbaycana öz ərazi bütövlüyünü bərpa etmək üçün hər cür dəstək verməyə hazır olduğunu dönə-dönə bəyan edir və bu dəstək getdikcə daha real məzmun qazanmaqdadır.
“Ermənistana qarşı Azərbaycanın yanındayıq”. Bunu srağagün Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar möhtəşəm birgə təlimlərin yekunu ilə bağlı keçirilən tədbirdə deyib.
“Xocalıda bütün dünyanın gözləri qarşısında soyqırımı törədən, Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil. Azərbaycanın haqq davasına və ərazi bütövlüyünə olan güclü dəstəyimiz bu günə qədər olduğu kimi, bundan sonra da eyni şəkildə davam edəcək. İşğal altındakı torpaqlarını azad etmək uğrunda mübarizədə 83 milyonluq Türkiyə olaraq sonuna qədər qardaşlarımızın yanındayıq” - Akar vurğulayıb.
Türkiyə hərb nazirinin sözlərinə görə, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri uğurla icra olunub və bundan sonra icra ediləcək təlimlər ayrıca iki qardaş ölkənin təhdid və təhlükələrə qarşı ortaq münasibətini bütün dünyaya göstərməkdədir.
Öz növbəsində təlimlərdə iştirak etmiş Türkiyə hərbçilərinə təşəkkürünü bildirən Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib ki, Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir və bu bizim şansımızdır: “Şansımız budur ki, güclü ordu ilə təcrübə paylaşırıq. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü göstərib - Suriyada, İraqda, Liviyada. İnşallah, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri də öz vəzifəsini yerinə yetirəcək. Millətimizin silahlı qüvvələrinin də zamanı gələndə öz vəzifəsini yerinə yetirəcəyinə əminəm”.
Rusiyaya gəlincə, bu ölkənin rəsmi və qeyri-rəsmi dairələri, ekspertlər daim bəyan edirlər ki, Dağlıq Qarabağ KTMT-nin (“Rus NATO-su”nun) məsuliyyət zonasına daxil olmadığı üçün Moskva Qarabağda antiterror əməliyyatına qarışmayacaq. Bu, elə Bakının milli-azadlıq müharibəsinə “yaşıl işıq” yandırmaq anlamına gəlir...