İlham Əliyev: Rostov vilayətini azad etmiş 416-cı Taqanroq atıcı diviziyasının döyüşçülərinin 90 faizindən çoxu əslən Azərbaycandan idi.
İkinci Dünya müharibəsində ölkəmizin hərb tarixinə şanlı səhifələr yazmış əfsanəvi 416-cı atıcı Azərbaycan milli diviziyası haqqında Sovet İttifaqının ən nüfuzlu qəzetləri yazırdı: "Döyüşməyi İsrafil Məmmədovdan öyrənin", "416-cı Azərbaycan diviziyasının hər bir əsgəri qəhrəmandır" və sair. Qəzetlər 416-cının şahinlərinə səhifə-səhifə yer ayırırdı. Azərbaycanda yaradılmış 8 milli diviziyanın hər biri müharibədə böyük qəhrəmanlıqlar göstərirdi. Mərkəzi mətbuatın səhifələrini müxtəlif orden və medallarla təltif edilmiş azərbaycanlı döyüşçülərin şəkilləri bəzəyirdi. Diviziyada "Qızıl əsgər" qəzeti nəşr olunurdu.
1941-ci il avqustun 26-dan etibarən Azərbaycanda formalaşan diviziyaların formalaşdırma məkanı kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi şəhəri seçilmişdi. Şəxsi heyəti azərbaycanlılardan ibarət 77-ci atıcı, 223-cü Belqrad milli atıcı, 396-cı atıcı, 402 və 416-cı milli atıcı diviziyaları Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44, 45 və 46-cı orduların tərkibinə daxil edildi.
Döyüş nöqtəsinə göndərilən diviziya 1941-ci ilin noyabrında düşmənin müdafiəsini yararaq Staro-Lednevi ələ keçirir. Bu döyüş diviziyanın ilk ciddi sınağı və əsl döyüş imtahanı idi. 23 faşist tankını pərən-pərən salmış döyüşçülər düşmənin atəş nöqtələrini və minaatan batareyalarını məhv etmişdi. Diviziyaya göndərilən təbrik məktubunda deyilirdi: "Əsgərlərə, komandirlərə, siyasi rəhbərlərə və Azərbaycan xalqının şanlı oğullarına çatdırın ki, onların İşersk stansiyası rayonunda faşist işğalçılarına qarşı döyüşdə əldə etdikləri müvəffəqiyyət başlanğıcdır. Ümid edirəm ki, Bakı proletariatının döyüş ənənələri Böyük Vətən müharibəsi cəbhəsində sizin döyüş işlərinizdə cəmləşəcəkdir."
1942-ci ilin martında göstərdiyi sücaətə görə diviziyanın 8 döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Diviziya bu dəfə 28-ci ordunun tərkibində Melitopolun azad edilməsi uğrunda döyüşlərə atıldı. Kalmius çayı üzərində düşmənin çox möhkəm müdafiəsini yaran azərbaycanlı "taqanroqçular" bir neçə günün içərisində düşmənin 4 minədək əsgər və zabitini, xeyli texnikasını məhv edərək Moloçnaya çayı üzərində yeni qələbəyə imza atır. Diviziya bu qələbədən sonra "Qırmızı Bayraq" ordeni ilə təltif edilir. Birinci taborun əsgəri Cəfərov Ağaşirin Məmməd oğlu Kalmius çayı üzərində və Semenovka yaşayış məntəqəsinin azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
1943-cü il avqustun 30-da azərbaycanlılardan ibarət şanlı 416-cı atıcı diviziya Taqanroq şəhərini alman faşistlərindən azad etdi. Həmin gün Ali Baş Komandanın əmri ilə diviziyaya fəxri "Taqanroq" adı verildi. "416-cı atıcı Taqanroq diviziyası". Axşam Moskvada qəhrəman azərbaycanlı döyüşçülərin şərəfinə ilk dəfə 220 topdan yaylım atəşi açıldı. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri misilsiz qəhrəmanlıqlar göstərmiş döyüşçülərin görüşünə gedir, ən qaynar nöqtələrdə 416-nın əsgər və zabitlərinə konsertlər verir, onları qələbəyə ruhlandırırdılar. Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Rəsul Rza, Əli Vəliyev, Zeynal Xəlil və İlyas Əfəndiyev dəfələrlə 416-cı diviziyada olmuş, döyüşçü əsgərlərlə söhbət etmiş, ailələrinin məktublarını əsgərlərə çatdırmışlar.
1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna Cəbhəsində 5-ci Zərbə Ordusunun tərkibində hücuma qoşularaq, Dnestr çayını keçdi və Dnepr sahillərinə çıxdı. Ukraynanın Nikolayev vilayətinin, Odessanın, Moldovanın paytaxtı Kişineu şəhərinin, Varşavanın azad edilməsində iştirak edən 416-cı diviziya 1945-ci il fevralın axırında digər hissələrlə birlikdə düşmənin inadlı müqavimətini qıraraq Oder sahillərinə çıxdı. Oderin keçilməsindəki vuruşmalarda göstərdiyi əsgəri rəşadət üçün diviziyanın 6 döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Oder çayını birinci keçənlərdən olan kapitan Bəxtiyar Fərəcovun
"Kommunist" qəzetinə yazdığı məktub döyüşçülərimizin qəhrəmanlığına dair faktlarla doludur.
1945-ci il aprelin 21-i diviziya unudulmaz gün olur. Həmin gün taqanroqçu azərbaycanlılar öndə olmaqla, Sovet qoşunları Berlin uğrunda həlledici hücuma başlayır. Diviziya öz zolağında Berlinin möhkəmləndirilmiş daxili və xarici müdafiəsini yararaq şəhər uğrunda döyüşlərə başlayır. Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə fərqləndi. Kayzerin sarayı üstündə Qələbə bayrağını ilk dəfə mayın 1-də sancanlardan biri leytenant Vahab Osmanov düşmən gülləsindən həlak oldu. Brandenburq qapıları üstünə mayın 2-də qələbə bayrağını taxanlardan biri isə leytenant A.Məcidov və onun döyüşçüləri oldular. Marşal Jukov bu barədə yazırdı: "Berlinə şərqdən daxil olan ilk qoşunlar arasında 416-cı diviziya da var idi. Bu diviziyanın 2 alayı mayın 2-də Sovet ordusunun başqa hissələri ilə birlikdə düşmənin Berlinin cəmləşmiş dəstələrini darmadağın etmək tapşırığı ilə həlledici hücuma keçdilər. Saat 10.30-da 416-nın hissələri cənub-qərb istiqamətini yarıb Brandenburq qapılarını ələ keçirdi". Diviziya formalaşdığı gündən 1945-ci il mayın 2-dək döyüşlərdə 22996 düşmən əsgər və zabitini məhv etmiş, 5474 nəfəri isə əsir almışdır. 416-cı Azərbaycan milli diviziyasına və onun alaylarına müharibə illərində general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov, Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmişdilər. Azərbaycanın ardıcıl köməyi, yeni azərbaycanlı döyüşçülərin qoşulması hesabına 416-cı Taqanroq diviziyası müharibənin sonuna qədər öz milli tərkibini saxlaya bilmişdi. Diviziyanın qazandığı qələbələrdə kişilərlə yanaşı, Ədilə Abbasovanın, Səkinə Bayramovanın, Nəzakət Yəhyayevanın, Şükufə Əsgərovanın, Rəşidə Qasımzadənin, Zəhra Səlimovanın, Minə Hacıyevanın, Cənnət Kazımovanın, Səkinə Şəfiyevanın, Pakizə Manafovanın, Rübabə Rzayevanın, Minə Teymurovanın və onlarla başqalarının xidməti xüsusi vurğulanmalıdır.
Müharibə dövründə alman-faşist işğalçılarına qarşı fədakarlıqla vuruşduqlarına görə diviziyanın 152 döyüşçü qadınından 45-i, o cümlədən hərbi feldşer B.Mircavadova "Qızıl Ulduz" ordeni, 42 nəfər "İgidliyə görə", "Döyüş xidmətlərinə görə" medalları ilə təlif olundu. 17
qadın zabit rütbəsi aldı. Onların arasında T.Fəttahova, B.Mircavadova, R.Babayeva və başqaları vardı. Bəşəriyyət 1945-ci ilin 9 may gününü daim xatırlayır. Qələbənin əldə edilməsində həmvətənlərimizin parlaq xatirəsi bu gün də qəlblərdə yaşayır.
...7 may 1980-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin iştirakı ilə Taqanroq şəhərini faşist işğalçılarından azad etmiş azərbaycanlı döyüşçülərin şərəfinə ucaldılmış memorial abidə kompleksinin açılış mərasimi oldu. Vətənə sonsuz məhəbbət, qəhrəmanlıq və şücaət rəmzi olan bu abidə İkinci Dünya müharibəsində qələbədə Azərbaycan xalqının rolunu əks etdirir.
Arada 75 illik zaman məsafəsi olsa da, Şimali Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmiş 416-cı Azərbaycan atıcı diviziyası bu gün də unudulmur.
“Rostov vilayətini azad etmiş 416-cı Taqanroq atıcı diviziyasının döyüşçülərinin 90 faizindən çoxu əslən Azərbaycandan idi. 416-cı Taqanroq diviziyası təkcə Rostovu deyil, bütün Rostov vilayətini, o cümlədən Taqanroq şəhərini azad edib, bundan sonra diviziyaya Taqanroq adı verilib.”
Bu fikirləri Prezident İlham Əliyev Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı avqustun 31-də “Rossiya-24” və “Rossiya-1” telekanallarının reportajlarında yayımlanan müsahibəsində deyib.
Dövlətimizin başçısı bildirib ki, Melitopol, Kişineu, Odessa şəhərlərini də 416-cı diviziya azad edib. Bu diviziya uğurla həyata keçirilmiş Mozdok əməliyyatında xüsusilə fərqlənib. Əslində, bu əməliyyat Bakı şəhərinin faşistlər tərəfindən tutulmasının qarşısını alıb. Əks halda, Böyük Vətən müharibəsinin nəticələri fəlakətli olardı. O dövrdə cəbhə üçün yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan təchiz edirdi. Əgər Azərbaycan və onun mədənləri faşistlərin əlinə keçsəydi, müharibənin nəticəsi tamam başqa olardı.
Onu da qeyd edək ki, 416-cı diviziyanın döyüş yolu üzərindəki müxtəlif şəhərlərdə onun qələbələri şərəfinə xatirə abidələri ucalır. Taqanroq şəhəri yaxınlığındakı Sanbek yüksəkliyində diviziyanın xatirə ansamblı və
hərbi-tarixi muzeylə yanaşı, Kiyev, Nikolayev, Odessa şəhərlərində və Moskvada bu diviziyaya həsr olunmuş şöhrət muzeyləri təşkil edilib.
Nurəddin Muğanlı, ”İki sahil”
Şəkildə: 416 -cı Taqanroq Diviziyasının bölük komandiri kapitan Nağıyev Məmmədhüseyn Əli oğlu