Ənvər Paşanın azərbaycanlı adaşları
“Ədirnə fatehi” və “Hürriyyət qəhramanı” kimi tanınmış Ənvər Paşan o dövrdə yalnız Türkiyədə deyil, bütün İslam aləmində hörmətlə anılmış, Türküstanda, xüsusilə də Azərbaycanda şəninə mahnılar qoşulmuş, adı yeni doğulan oğlan uşaqlarına qoyulmuşdu.
Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın göstərişi ilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa qardaş Azərbaycan xalqının köməyinə yetişməsi və onu erməni-daşnak zülmündən xilas etməsi isə hərb tariximizdə dönüş nöqtəsi oldu.Qafqaz İslam Ordusu və könüllü azərbaycanlı döyüşçülərin birgə mübarizəsi sayəsində nəinki Bakı, Azərbaycanın ucqar əyalətləri də daşnak-bolşevik töküntülərindən xilas edildi. 29 yaşlı cəsur sərkərdə Nuru Paşanın yolu günlərin bir günü Masallının axarlı-baxarlı İsioba kəndinə düşür. Burada öz dövrünün sayılıb-seçilən nüfuzlu simalarından olan Mirmusa bəy Əmiraslanbəyov qarşıladığı Nuru Paşanın şərəfinə malikanəsində böyük ziyafət verir. Qonağın general-leytenant qiyafəsinə uşaq marağı ilə baxan və ona çoxlu sual verən Ənvər adlı azyaşlı oğluna Mirmusa bəy deyir: "Ənvər, möhtərəm qonağımızı çox yorma, get həyətdə uşaqlarla oyna."Nuru Paşa bir an duruxur, sonra deyir: "Bəy, siz mənim ağabəyimin (böyük qardaşımın) isminin Ənvər olduğunu bilə-bilə cocuğunuza nədən Ənvər deyə xitab etdiniz?"
Mirmusa bəy cavab verir ki, Paşam, əvvəla, şanlı-şövkətli Ənvər Paşanın ismini oğluma qoymağım əbədi dostluğumuzun nişanəsidir. Bir də arzum budur ki, mənim bu balaca Ənvərim də böyüyəndə sizin kimi dostlarımın adına layiq hərbçi olsun!..
Sonra Mirmusa bəy kitab dolabında saxladığı “Azərbaycan” qəzetinin bir neçə ay əvvəlki sayını götürüb, orada Аzərbаycаn xаlq təhsili nаziri Nəsib bəy Yusifbəyоvun hərbi məktəbin ilk burаxılışındа iştirаk еdən Ənvər Paşanın və Nuru Paşanın аtаsı Hacı Əhməd Paşayа xitabən dediyi sözləri ucadan oxuyur: “Zаtı-аliləri, sizin şаnlı оğullаrınız Ənvər Paşa və
Nuru Paşanın аdlаrı nəinki təkcə Аzərbаycаnın, еyni zаmаndа bütün türk xаlqlаrının yаddаşındа həmişəlik qаlаcаqdır…”
Bu zaman həyətdən balaca Ənvərin səsi gəlir: “Urra!.. İrəli!.. Atəş!..” Mirmusa bəy sözünə davam edib deyir: - İndi balaca tay-tuşalrı ilə dava-dava oynayan bizim Ənvər də istərdim ki, gedib həmin hərbi məktəbdə oxusun! Nuru Paşanın üzünə xəfif təbəssüm qonur: - İnşallah, - deyib həyətə boylanıb balaca Ənvərə baxır...
Aradan illər ötüb keçir. Mirmusa bəyin oğlu Ənvər böyüyüb boya-başa çatır. İlk təhsilini milliyyətcə alman olan tərbiyəçidən almış Ənvər alman dili ilə yanaşı yeniyetmə çağlarında rus və fransız dillərini də mükəmməl öyrənir. 1920 – ci il aprelin 28-də rus ordusu Azərbaycana daxil olur. Çox çəkmir ki, ordu hissələri bölgələri də ələ keçirir. Yeni hökumət adlı-sanlı adamları, nəsilli-nəcabətli zadəganları, görkəmli ziyalıları, din xadimlərini təqib edir, onları tutub həbsxanalara salır, Sibirə, Qazaxıstana və başqa uzaq yerlərə sürgünə göndərir.
...37-ci illərdə NKVD -nin Lənkəranda meydan sulayan Arakelyan soyadlı zabiti Cənub bölgəsindəki bəyləri "xalq düşməni" adı ilə "gedər-gəlməzə" yollayırdı. Mirmusa bəy başda olmaqla, bütün İsi bəylərinin mülkləri şura hökuməti tərəfindən müsadirə olunur. Bir çoxları tutulub Qazaxıstana sürgün edilir. Gənc Ənvər təqibdən yayınıb Bakıya üz tutur və burada bibisigildə yaşayan Ənvər Cavadzadə soyadı ilə təhsil alıb işə düzəlir. Lakin NKVD işçiləri günlərin bir günündə onun izinə düşür, keçmişini araşdırmaq məqsədilə sənədlərini yoxlayıb, sorğu-sual edirlər. Onu atası Mirmusa bəyin, əmiləri Miradulla bəylə Mirmahmud bəyin və əmisi oğlanlarının otuzuncu illərin əvvəllərində şura hökumətinə qarşı dağlara çəkilib mübarizə apardıqlarına görə ittiham etmək istəyirlər.
Belə həyəcanlı günlərdən birdəfəlik yaxasını qurtarmaq üçün Ənvər çıxış yolunu könüllü olaraq müharibəyə getməkdə görür... Stalinqrad müharibəsində əsir düşəndə o, artıq yüksək çinli zabit idi. Alman dilini yaxşı bildiyinə görə hərbi düşərgədə tərcüməçilik edir.
Türk əsilli əsirlərin düşərgəsində Ənvər Aslanbəyov (Əmiraslanbəyov-N.M.) məşhur el qəhrəmanı Məcid ağa Şəkibəyovun kiçik oğlu həkim Ənvər ağa ilə rastlaşır. Məcid ağa (Qaçaq Məcid) Gədəbəydə və qonşu Göyçəətrafı kəndlərdə tüğyan edən erməni hücumlarının, qətliamlarının
qarşısını almaqdan ötrü ölüm-dirim savaşına çıxan qaçaqlardan biri olmuşdu.
1918-ci ildə erməni Andronikin bir neçə silahlı quldur dəstəsini məhv etmiş Yaqublu Məcid ağa 1930-cu ilin mart ayınacan öz kiçik dəstəsilə Gədəbəydə dağlara çəkilərək Şura hökumətinə qarşı silahlı müqavimət göstərmişdir. Silah-sursatı tükənəndə Məcid ağa tüfənginin qundağına "Məcidi Məcid vurdu" sözlərini yazıb, son gülləsini özünə vuraraq intihar etmişdir. Deyilənlərə görə onu sağ ələ keçirmək əmrini verən Mircəfər Bağırov vaxtilə erməni daşnaklarına qan udduran Məcid ağanın tüfənginə yazdığı sözləri oxuyanda çox məyus olub... Buna baxmayaraq Məcid ağanın böyük oğlu Cəmşid ağa həbs edilərək Bayıl türməsində güllələnir. Kiçik oğlu Ənvərsə Bakıda internata göndərilir. Burada yaxşı təhsil alaraq 1935-ci ildə Azərbaycan Tibb İnstitutunda Cərrahiyyə fakültəsinə qəbul olur.
1939-cu ildə "Fin müharibəsi"nə aparılan Ənvər ağa dörd il sonra - 1943-cü ildə almanlar tərəfindən əsir alınır. Hərbi düşərgədə xəstə və yaralı əsirlərin müalicəsi ilə məşğul olan Ənvər ağa hələ Tibb İnstitutunun təhsil alanda Ənvər Aslanbəyovun əmisi nəvəsi, Ümumi Müalicə fakültəsinin tələbəsi Mirkazım Aslanlı İlə dostluq etmişdi. Hər ikisini "qolçomaq övladı" adlandıraraq institutdan qovmaq istəyirmişlər. Gənc yaşlarından Sarəng təxəllüsü ilə şeirlər yazan və musiqi istedadı olan Mirkazım Aslanlını o zaman böyük bəstəkarımız Üzeyir Hacıbəyli müdafiə edir. Üzeyir bəy Konservatoriyada həkim məntəqəsi açdırıb Mirkazımı işə düzəltdirir, sonra onun musiqiyə böyük həvəsini görüb Konservatoriyanın vokal sinfinə qəbul edir.
Mirkazım bəyin həyat yoldaşı Fəridə xanım sağlığında deyirdi ki, Üzeyir bəy hətta öz şəxsi pianinosunu sevimli tələbəsi M. Aslanlıya bağışlamışdı... Məcid ağanın oğlu Ənvər isə Mircəfər Bağırovun müdaxiləsindən sonra instituta bərpa olmuşdu.
...Almaniyanın həbs düşərgəsində hər iki Ənvərin əsas məqsədi Türkiyənin tabeçiliyinə veriləcək Şərqi Türküstan alayının tərkibinə qatılmaq idi. Ən maraqlısı da hər iki əsilzadənin adının Ənvər olması yaşlı alman zabitlərinə Adolf Hitlerin Birinci Dünya müharibəsində heyranlıqla adını dilə gətirdiyi türk sərkərdəsi Ənvər Paşanı xatırladırdı.
Ənvər Paşa kimi cəsur generallarının olmaması ucbatından Kayzer Almaniyasının məğlubiyyətini Hitler təəssüf hissiylə qələmə də almışdı...
Müharibənin son günləri Türkiyə ilə Almaniya arasında türk əsilli əsirlərlə bağlı danışıqlarda Turançı hərəkatına gizli dəstək verən Nuru paşa da iştirak edirdi.
1945-ci ilin yazında 300-ə yaxın azərbaycanlı əsirlə İsveçrənin ərazisinə keçəndə Ənvər Aslanbəyov adaşı ilə çətin sual qarşısında qalırlar. Əsirlikdən canını qurtarıb Avropanın müxtəlif ölkələrinə səpələnən əsgər və zabit heyətinin çoxu SSRİ-yə qayıdanda "vətən xaini" adıyla Sibirə sürgün edilirdi. Hər iki Ənvərin valideynlərinin müharibədən qabaq sovet hökumətinə silahlı müqavimət göstərməsi fakti isə onların almanlara könüllü əsir düşməsi fikrinə rəvac verirdi.
Ona görə də Amerikanın 32-ci prezidenti Ruzveltin həyat yoldaşı Anna Elenora Ruzveltin (1884-1962) köməyi ilə Ənvər Aslanbəyov adaşı doktor Ənvər ağa başda olmaqla 100-dən artıq azərbaycanlıyla Türkiyəyə yola düşür.
Türkiyədə mühacirət həyatı yaşayan Məmməd Əmin Rəsulzadə Nuru Paşa ilə Almaniyadan gələn azərbaycanlıları qarşılayır. Savadına və bacarığına görə M. Rəsulzadə Ənvər Aslanbəyovla maraqlanır. Onun Masallıdan olduğunu biləndə soruşur: -Masallıda Mirmahmud bəy Mirzə Cavadbəy oğlu Əmiraslanbəyovu tanıyırsan?
- O, mənim doğma əmimdir, -deyə Ənvər bəy cavab verir, - mən onun qardaşı Mirmusa bəyin oğluyam.
Mirmusa bəyin adını eşidən Nuru paşa gülümsünür: -Yoxsa sən mənim gördüyüm həmin kiçik Ənvərsən?
-Bəli, sizin iyirmi beş il əvvəl gördüyünüz həmin balaca Ənvərəm...
Türkiyadə qalan hər iki Ənvər "Azərbaycan kültür dərnəyi"nə rəhbərlik edən Məmməd Əmin Rəsulzadənin yaxın dostu və məsləkdaşı kimi fəaliyyət göstərirlər. Ənvər bəy Aslanbəyovun Masallıda yaşayan qohum-əqrabasının dediyinə görə M. Rəsulzadə onun toy mərasimində yaxından iştirak edib...
Çox güman ki, ötən əsrin yetmişinci illərinin əvvəllərində gizli yolla Ənvər bəy Bakıda yaşayan əmisi nəvəsi Mirkazım Aslanlıya məktub
göndəribmiş. Lakin başı müsibətlər çəkən Mirkazım bəy bu barədə heç kimə bir kəlmə də deməyib.
Və həmin günlərin birində gədəbəyli Vilayət Allahverdiyev (şair Ayaz Arabaçının və müğənni-bəstəkar Zəka Vilayətoğlunun atası) Mirkazım Aslanlının çalışdığı Kirov adına xəstəxanada müalicə alır. Mir Kazım Aslanlı onu müayinə edəndə necə olursa Vilayət müəllim həyat yoldaşının dayısı Məcid ağadan söhbət salır. Mirkazım bəy də Məcid ağanın kiçik oğlu Ənvərlə tələbə yoldaşı olduğunu bildirir. Və birlikdə çəkdirdiyi yeganə şəkli ona verib deyir: "O, indi Türkiyədə yaşayır... Bir az vaxt keçsin, sizə hər şeyi ətraflı danışacam..."
Onun belə davranmağa vadar edən səbəblər məlum olsa da, Məcid ağanın qızları, nəvələri intizarla Mirkazım Aslanlının müəmmalı şəkildə dediyi o bir az vaxtın gəlib-keçməsini intizar içində gözləyirlər.
Lakin... Mirkazım Aslanlı 1975-ci ildə ömrünün 63 yaşında gözlənilmədən dünyaya vida edir. Bu qəfil ölümüylə o, Yaqublu nəslinin sonucu nümayəndəsi olan Ənvər Məcid ağa oğlu barədə xəbəri özü ilə məzara aparır.
...75 yaşlı Ənvər bəy Aslanbəyov isə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bir neçə günlüyə Masallıya- doğma İsi kəndinə gəlib. Lakin öz adaşının aqibətindən söz açmadan Türkiyəyə qayıdarkən yolda qəfildən dünyasını dəyişib. Sanki o, Azad Azərbaycana, doğma Masallıya, ata-baba ocağı İsi kəndinə vida görüşünə gəlmişdi. Allah vətən həsrətilə qürbətdə dünyasını dəyişən bütün soydaşlarımıza rəhmət eləsin!Nurəddin ƏDİLOĞLU
Şəkillərdə: 1. Ənvər Paşa, 2. Qaçaq Məcid (at üstündə), 3.Mir Kazım bəy Aslanlı və Ənvər ağa Şəkibəyov, 4.Ənvər Aslanbəyov
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR